“Ata-bala yola çıxmağımıza icazə vermirlər”

 

“Elə gecə olur ki, səhərə kimi telefonun zəngi bir dəqiqə də olsa dayanmır. Bir dəfə qudam bizə qonaq gəlmişdi. Səhər durub mənə dedi ki, ay İsa, gecə nə olmuşdu, nə vaxt ayılırdım sən telefonla danışırdın. Nəsə hadisə baş vermişdi?! İstirahət günündə də çağırış ola bilir, deyə bilməzsən ki, bu gün mənim istirahət günümdür. ..

Bax bu, bizim işimizdir. Birdən teplovoz xarab olur, o zaman gedib baxmalısan, ya da depoya aparmağı təşkil etməlisən. Yaxud da hansınınsa yanacağı bitir və sairə. Briqadanın maşinisti yıxılır, birinin qolu qırılır. Bir sözlə, iynədən sapa kimi hər şeyə cavabdehlik daşıyırsan”. 

Bu sözlərin müəllifi reportajımızın qəhrəmanı olan Biləcəri Lokomotiv deposunun maşinist təlimatçısı İsa Allahyarovdur. “Qafqazinfo” olaraq yolumuzu həmin depodan salaraq onun iş şəraiti ilə tanış oluruq. 

Reportaj boyu onu anlayıram ki, gün ərzində 12 saat işləmək və gözünü bir an yoldan çəkməmək, dayanmadan ratsiyadan gələn səsləri ayırd etmək, sübhdən çıxan günəşin aynadan döşəyi isitməyinə, həmçinin insanın başını ağrıdan dizel iyinə dözmək elə də asan deyil. 

Bir anlıq xəyalınızda maşiniztsiz bir qatar, yaxud  teplovoz canlandırın. Bunun yol aça biləcəyi nəticənin miqyasını təsəvvür edə bilirsinizmi?! Çox uzağa getməyək. 2004-cü ildə İtaliyanın cənubunda dəmiryolu ilə 200 kilometr məsafə qət edən maşinistsiz lokomotiv qatarı qarşısına çıxan hər şeyi dağıdaraq böyük faciəyə səbəb olmuşdu. Maşinist peşəsinin məsuliyyətini elə bu faktdan da dərk etmək çətin deyil.

Qəhrəmanımın isə 39 illik iş təcrübəsi var. Bu müddətdə maşinistlikdən maşinist təlimatçısı vəzifəsinə qədər yüksəlib. Allahyarovu fərqli edən məqam onun həm də üç nəslin davamçısı olmasıdır. Belə ki, atası Məhəmməd Allahyarov da maşinist işləyib, hazırda atasının adını daşıyan oğlu da bu işlə məşğuldur.

- Gündəlik işiniz nədən ibarətdir?

- Teplovozun hazırda gördüyü iş gələn qatarları “qorka”dan buraxmaqdır.  Şimaldan gələn ağır yüklü  qatarları yəni, 4000 ton ağırlığında olan yükləri ancaq bu teplovozlar çəkə bilir. Burada ancaq çeşidləmə aparılaraq qatarlar yığılır. Hamısı da şəxsi yüklərdir. Ümumilikdə bu ərazidə 52 yol var. Hərəsində də min dənə yoldəyişən. Kimsə çaşıb hansısa yola çıxsa mütləq hadisə baş verəcək. Yolun düz, maili, yoxuşlu olmasına görə müəyyən normativlər var və ona əməl edilir. Bu teplovozun 6000 at gücü var. Mənim gediş istiqamətim Abşeron, yəni, Keşlə, Bakı, Əhmədli, Dübəndi istiqamətləridir. 

- İş prosesində hansı çətinliklər yaşayırsınız?

- Çətinliyin əsası baş verən qəzalarla bağlıdır. Yollarda vurulan maşınları görürsünüz. Gecələr yuxusuz qalırsan. İş rejimi növbəlidir. Bir gün gecə işləyəndə bir gün də gündüz işləyirsən. Hər atdığın addım qorxu və məsuliyyət tələb edir. Sərnişin qatarının idarə etməyin məsuliyyəti daha böyükdür. Yaxşı maşinist olsan camaatı mənzil başına salamat aparıb çıxara bilərsən. Xırda səhlənkarlıq fəsadlara gətirib çıxarır. Qanunla, hələ evdən gələn maşinistlə də maraqlanmalısan ki, o, gecəni yatıb, ya yox. Kəbinli arvad belədir ki, kefi düşəndə deyir ki, boşanıb çıxıb gedirəm. Ancaq sən 12 saat teplovozun içində durmalısan, heç yerə də gedə bilməzsən. Çörəyini də, çayını da orda yeməlisən. Hərəkət edəndə ancaq siqnallar vasitəsilə hərəkət edirsən. Yayda səhər tezdən gün çıxır, vurur kabinəyə. İçəridə də dizelin 80 dərəcəlik istiliyi. Qatar çox olanda 50 dəfə kabinə dəyişirsən. Dizelin içinə girəndə elə bil təndirin içinə girmisən. Adamın sifəti qaçır.  

- Binədə avtobusla qatarın toqquşması və ölümlə nəticələnən hadisə barədə soruşmaq istəyirəm. Əgər siz o qatarın maşinisti olsaydınız, alternativ çıxış yolu tapmaq mümkün olardımı?

- Həmin məsələdə maşinistin günahı yox idi. Burada alternativ tapmaq mümkün olmazdı. Qorunmayan keçidlərdə bilirsən ki, hər dəqiqə dəmiryoluna maşın çıxa bilər. Qorunan keçidlərdə isə şlaqbaumlar bağlı olur. Sürücülərin səhlənkarlığı ucbatından şlaqbaumu vurub qırırlar və gəlib vaqonla, ya da lokomitivlə toqquşurlar. Belə hadisələr çox olub.

- Siz təcrübənizdə belə hadisələrlə qarşılaşmısınızmı?

- Mən də bu cür hallarla çox rastlaşmışam. Ancaq belə ciddi nəticələri olmayıb. Xırda maşın vurmalar olub. Onda da mənim səhvim olmayıb. Bu, elə işdir ki, baş verən hər şey yaddaşımdadır. Gecə yuxudan oyatsan, nə vaxt, nə olduğunu deyə bilərəm. Elə bir maşinist olmuşam ki, bu illər ərzində heç kimə bir izahat yazmamışam. 

- Dəmiryolunun hazırda sürət imkanları saatda 150 km saatdır. Ancaq rəhbərlik bu sürətin 160 km saata çatdırılacağı barədə açıqlama vermişdi.

- Əvvəl sürət lap aşağı idi. Bir mənzil başına getmək üçün beş-altı saat vaxt lazım idi. İndi yeni dəmir yolları salındı. Yaşayış yerləri dəmiryol xətlərinə yaxındır. Yolların sağı və solu çəpərlənsə dəmiryoluna adam və maşın girməz. Bir də görürsən ki, kimsə qatarın qabağına çıxdı. Hamı da fikirlidir. Cavanlar da qulağında qulaqlıqla dəmiryoluna çıxırlar. Belə olanda da biz-maşinistlərə çətinliklər törədirlər. 

- Bu teplovozlar SSRİ dövründən qalıb deyəsən...

- SSRİ dövründə başqa lokomotivlər idi. 1988-ci ildə müasir lokomotivlər gəldi. İndi də 2018-ci ildir. Yeni elektrik qatarları, teplovozlar alınıb. İndi 5-6 saata getdiyimiz yolu demək olar ki, 4 saata getmək olur. Yavaş- yavaş lokomotiv parkı dəyişilir. 

- Ata-oğul kimi iş başında olmaq mümkündürmü?

- Dəmiryolunda maşinist olaraq ata-balanın yola çıxmasına icazə verilmir. Çünki bir-birlərinə arxayın olub diqqətsizlik edə bilərlər.

- İşə başlamadan əvvəl hansı prosedurlardan keçirsiniz?

- Bizə təlimatı istismarın rəisi verir. Biz də maşinstləri təlimatlandırırıq. Lokomotivə çıxanda onu yoxlayırıq. Yanğından mühafizə və təhlükəsizlik təlimatlarını veririk. Maşinist təlimatçısının işi fiziki baxış keçirməkdir. Onun təmizliyinə, işləməyinə, briqada heyətinə maşinist təlimatçısı nəzarət edir. 

- Dəmiryolçuların əmək haqqı məsələsində bir ara problem var idi. Onlar maaş azlığından gileylənirdilər. İndi bu məsələlər nə yerdədir? Necə dolanırsınız? 

- Mən ailəmi ta o vaxtdan bu günə kimi dəmiryolunun hesabına saxlamışam. Uşaqları oxutmuşam. Tikdiyim ev də ordan qazandığım məvaciblə olub. Hazırda əmək haqqımız normaldır. Əvvəllər maaşların gecikməsi halı olurdu. İndi isə isə bu məsələdə irəliləyiş var. Ötən il maaşlarımızı qaldırdılar. 

- İsa bəy, atanızdan nələr öyrənmisiniz?

- Orta məktəbdə oxuyanda atam maşinist işləyirdi. Həmişə atamın işinə həsəd aparırdım. Mən beşinci sinifdə oxuyanda atam rəhmətə getdi. 47 yaşında dünyasını dəyişdi. Ailənin 1 oğluyam. İki qızım, iki oğlum var. Qızlarımı yerbəyer etmişəm. Oğlanlarım da ailəlidir, yanımda yaşayırlar. 

- Yoldaşınız Naxçıvandandır, siz isə Zəngilandan, necə tanış olmusunuz?

- O zaman Naxçıvan istiqamətində maşinist işləyirdim. Həyat yoldaşım Naxçıvanda lokomotiv deposunda mühasib işləyirdi. Orada tanış olduq. 

- İndi qatar gediş-gəliş vasitəsi olaraq populyarlığını itirib. Bu isə zaman və vaxt məsələsi ilə bağlıdır. Əvvəllər isə belə deyildi. Qatarın əvvəlki populyarlığını qaytarmaq üçün nə etmək lazımdır?

- Təzə elektrik qatarlarını Böyükkəsik istiqamətində işə salsalar, bundan sonra bir adam avtobusa minməz. Qatar 9 saata getdiyinə görə, hamı avtobusa, ya maşına üstünlük verir. İndi sürətləri qaldırandan sonra qatar da beş saata gedəcək və heç avtobusa yaxın duran da olmayacaq. Hazırda hamı mənzilbaşına tələsir. Özü də dəmiryolu ilə getmək təhlükəsizdir. Maşınla isə yolda baş verən hadisələri görürsünüz. 

- Dünyada ən yüksək qatar sürəti Yaponiyada qeydə alınıb. Saatda 261 km saat. Tutaq ki, bu sürət bizdə olsa, siz o qatarı idarə etməyə hazırsınız?

- Bunun üçün öyrənmək lazımdır. Müəyyən vaxt tələb olunur.  

- Praktiki işi buraxıb dəmiryolu liseyində tələbələrə dərs demək fikriniz var?

- Dəmiryolu liseyində dərs demək fikrim yoxdur. Pensiya yaşına kimi öz işimdə işləyib pensiyaya çıxacağam. 

- Hazırda 57 yaşınız var. Pensiya yaşına qədər olan 8 il üçün enerjiniz qalıb?

- Bu, elə bir işdir ki, işlədikcə işləmək istiyirsən. Adi bir məzuniyyətə çıxanda görürsən ki, günlər keçmir. Amma işləyəndə vaxtın necə keçdiyini bilmirsən. 

- Dəmiryolunda xeyli intihara cəhd hadisələri baş verir. Bir müddət bundan əvvəl ana iki azyaşlı uşağı ilə relsin üstünə çıxmışdı. Belə hadisələr sizə necə təsir edir? 

- Bu hadisələr bizə pis təsir edir. Kimsə ölmək istəyirsə niyə dəmiryolunu seçir?! İlk növbədə, insan özünə qəsd etməməlidir. Belə olanda maşinisti, köməkçisini ümumiyyətlə isə dəmiryol sahəsini pis vəziyyətdə qoyursan. Bu halda maşinist məsuliyyət daşımır. Amma  istintaq müddəti getdiyinə görə bir neçə dəfə səni istintaqa çağırırlar. Bu da artıq vaxt itkisidir. Onsuz da işə gələndə hər gün sənədləri toplayana kimi nə qədər zaman sərf edirsən. 

- Praktikanızda unudulmaz hadisələr yaşamısınızmı?

- 1992- ci ildə məni işə çağırmışdılar. Mincivan stansiyasında qatarın üstündə dayanmışdım. Sonra dedilər ki, ermənilər yolu partladıb. Sərnişin qatarı Mehri stansiyasında qalıb, sən rəisləri Mehri stansiyasına aparmalısan. Nüvədi stansiyasını keçəndə ermənilər avtomat və pulemyotla teplovozu vurmağa başladılar. Mən də kabinənin işıqlarını söndürdüm və teplovozu 600 metrlik tunelə saldım. O vaxt rus hərbçiləri tunelləri qoruyurdular. Dedilər ki, tuneldən çıx, çıxmadım. Bilirdim ki, çıxsam atışma başlayacaq. Bir də baxdım ki, sağımda-solumda adam qalmayıb. Hamı qaçıb gedib. Gördüm ki, qabağa getmək mümkün deyil. İstiqaməti arxaya dəyişdim. Bizi qorumağa əsgər vermişdilər, gəldim gördüm ki, qorxularından qatarda gizləniblər.  

Bir dəfə də Culfadan gəlirdim. Mehri stansiyasında dayanmışdım. Köməkçilərim yerdə teplovozu silirdi. Mən də stansiyanın qabağında dayanmışam. Orada Rafiq deyilən bir erməni var idi. Gəlib dedi ki, köməkçilərim onun bağına oğurluğa girib. Bir az mübahisə etdik. İki rus əsgəri də bizi müşahidə edirdi. Gördüm onlarla söhbətim alınmır. Əsgərə göz elədim ki, polisi içəri buraxmasın. Bunlar keçəndə köməkçilərim pulemyotun başı ilə onları vurub yıxdılar. İki erməni köməkçilərimin başına avtomatı dayamışdı. Qayıtdım çıxdım teplovaza. Bunlar da dalımca gəldi. Mən qapını bağladım. Gördüm ki, köməkçilərimsiz getmək mümkün deyil. Bu zaman qapını açanda ermənilər mənim başıma avtomat dayadılar. O vaxt özbaşınalıq idi, ermənilərin iki-üç stansiyasından keçirdik. Hər dəfə başımıza iş açırdılar.

Sonda bizimlə söhbətə İsa bəyin oğlu Məhəmməd qoşulur. İki ildir, maşinist işlədiyini deyən davamçının bu sahəyə uşaqlıqdan marağı var imiş: “İş darıxdırıcı olmasa da, hərdən yorucu olur. Həm beyin işləyir, həm fikrin ratsiyada, gözün yolda olmalıdır.  Diqqətlə ratsiyaya qulaq asmalısan. Özbaşına hərəkət etməməlisən. Xaricdən və Azərbaycanın daxilindən gələn vaqonları  çeşidləmə “təpəsi”nə çəkirik. Sonra onu təpədən aşağı ötürürük. Daha sonra növbətçilər vaqonları lazım olan yerlərə ötürürlər. Hər bir yolun öz təyinatı var”.

Günel Türksoy

Fotolar - Video: Nuran Məmmədov

 





 

Xəbər lenti