|
İtaliya Daxili İşlər naziri Matteo Salvini Romada Transadriatik Qaz Kəməri layihəsində məsləhətçi olan Toni Blerlə görüşəcək.
Axar.az xəbər verir ki, “Qardian” görüşdə əsas müzakirə mövzusunun qaz kəmərinin uzadılması planında yaranan problemlər olacağını yazıb. Görüşün nə vaxt keçiriləcəyi haqqında məlumat yayılmayıb.
Qeyd edək ki, TAP-ın İtaliya ərazisində tikilişinə bu ölkənin hakim Şimali Liqası Partiyası və Beş Ulduz Hərəkatı maneə yaradır. Hər iki siyasi təşkilat bu boru kəmərinin İtaliyanın landşaftına ziyan vuracağını iddia edir. Doğrudur, son zamanlar Şimal Liqası Partiyasının rəhbəri Salvini boru kəmərinin çəkilişini dəstəkləsə də, partiyada digər funksionerlər buna qarşı çıxıblar.
Bəzi Qərb dövlətlərinin iddiasına görə, kəmərin çəkilişinə əsas maneəni Rusiya yaradır. Belə ki, Rusiyanın Şimal Liqası və Beş Ulduzu gizli formada dəstəklədiyi ehtimal olunur.
TAP kəmərinin 105 kilometri Adriatik dənizindən, cəmi 8 kilometri isə İtaliya ərazisindən keçir. Bu kəmər Azərbaycan qazının Avropaya daşınmasını təmin edən əsas layihə sayılır.