![]() |
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nəsimi rayonunda yeni korpusu tikilən 35 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.
"Yol-xeber.az" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məktəbdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdi.
Prezident İlham Əliyev məktəbin yeni binasının çağırışa qədər hərbi hazırlıq otağında, ekosinifdə, biologiya kabinetində, informatika və rəsm otaqlarında, yeməkxanada, əmək otağında və fizika kabinetində yaradılan şəraitlə tanış oldu.
Qeyd edək ki, təhsil müəssisələrinin işinin, tədris proqramlarının müasir çağırışlara uyğunlaşdırılması, müasir əmək bazarına uyğun kadr potensialının formalaşdırılması dövlətimizin prioritetləri sırasındadır. Müasir məktəblərin tikilərək istifadəyə verilməsi, təhsil müəssisələrində bərpa və yenidənqurma işlərinin ardıcıl xarakter alması da bu prosesin tərkib hissəsidir. Bu strategiyaya Heydər Əliyev Fondu da 2005-ci ildən icra olunan “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı ilə davamlı şəkildə dəstək verir.
Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Dövlətimiz bu baxımdan hazırda dünyada lider ölkələrdən biridir. Heç bir ölkədə qısa müddət ərzində bu sayda məktəb tikilməyib və yenidən qurulmayıb. Çox mühüm amillərdən biri də odur ki, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələri ən müasir tədris avadanlığı ilə təchiz edilir.