|
Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin rəisi Zemfira Meftahətdinova işdən azad edilib.
“Qafqazinfo”nun məlumatına görə, polis polkovniki Z.Meftahətdinova xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
O, 2015-ci ildən DİN-in İdman Cəmiyyətinin rəisi idi.
Qeyd edək ki, 1963-cü il təvəllüdlü Zemfira Meftahətdinova Olimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan idmançısıdır. 1991-2014-cü illərdə stend atıcısı kimi Azərbaycan yığmasının heyətində çıxış edən Zemfira xanım 2000-ci ildə Sidneydə keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb. 5 qat Avropa, 2 qat dünya çempionudur. Beynəlxalq dərəcəli idman ustası, əməkdar bədən tərbiyəsi və idman xadimi, Milli Olimpiya Komitəsinin vitse-prezidentidir. "Tərəqqi", "Vətən uğrunda" medalları, "Şöhrət" ordeni ilə təltif edilib.
Karyerasını başa vurandan sonra daxili işlər orqanlarında vəzifəyə təyin olunmuşdu.