|
Prezident İlham Əliyev “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Azərbaycan xalqının böyük keçmişini özündə təcəssüm etdirən tarixi yaşayış məntəqələrindən biri Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələrinin mövcud olduğu Tuğ kəndidir.
“Burada Qarabağ bölgəsinin ənənəvi memarlıq üslubuna xas dekorativ elementlərlə işlənmiş yaşayış evləri, bulaqüstü tikililər, sənduqə tipli qəbirlər və məbədlər vardır. Tuğ kəndi eyni zamanda zəngin təbii potensiala və ekoloji resurslara malikdir. Şuşa şəhərinə aparan Zəfər yolu üzərində yerləşməsi kəndin turizm baxımından inkişaf perspektivini də artırır”, - Sərəncamda bildirilib.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kəndinin tarixi ərazisi “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu (bundan sonra – Qoruq) elan edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində qoruğun sərhədlərini və mühafizə zonasını müəyyənləşdirib təsdiq etməli, qoruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Dövlət Turizm Agentliyi qoruğun idarə olunmasını təmin etməli və bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Qoruğun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclər Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməlidir.