|
Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Cümşüd bəy, Azərbaycanla gərginlik yaradan Rusiya üçün Qafqaz siyasətinin xarakteri və ziddiyyətləri nədən ibarətdir?
- Bu gün Rusiya əsl simasını açıb ortaya qoyur. Çünki Rusiyanı Qafqaz və siyasi maraqlarından daha çox istisadi məsələlər düşündürür. Burada Vladimir Putinin də şəxsi maraqları önə çıxır. Ölkəmizə olan təzyiqlərin arxasında da bu amillər durur. Ona görə də, bu təzyiqlər davam edəcək. Məqsədləri odur ki, Azərbaycan geri çəkilsin. Bu da mümkün deyil. Amma bütün hallarda Rusiya bir dövlət kimi özünü xərcləyib qurtarmaq üzrədir. Rusiya hal-hazırda Putinin şəxsi maraqlarını güdən bir statusdadır. Burada başqa heç nə yoxdur.
- Bu təzyiqlərə qarşı hansı adekvat mövqe sərgilənə bilər?
- Xalq olaraq bir yerdə, dövlət başçısının ətrafında olmalıyıq. Amma Azərbaycan tək deyil. Onun Türkiyə kimi müttəfiqi var. Pakistan, İsrail kimi sıx tərəfdaşlarımız var. Görünən odur ki, Rusiya əsl simasını açıb ortaya qoymağa başlayıb.
- Rusiya-Türkiyə gərginliyi burada nə dərəcədə təsiri rol oynayır?
- Azərbaycanla qardaş Türkiyə arasında Şuşa Bəyannaməsi var. Bu, olduqca önəmli məsələdir. 2022-ci ildə Azərbaycanla Rusiya arasında 43 bəndlik bəyannamə imzalanıb. Amnma çox təəssüf ki, Rusiya özünün şovinist siyasətinə uyğun olaraq həmin bəyannamənin müddəalarına hörmət etmir. Bununla müqayisədə Türkiyə özünə hörmət edən bir dövlətdir. Ona görə də, Şuşa Bəyannaməsinin bütün müddəaları ortadadır. Azərbaycanın milli təhlükəsizliyinə təhdidlər ancaq Rusiyadan gələ bilər. Çünki hər bir dövlətin daxili və xarici təhlükəsizliyi var. Azərbaycana xarici təhdid hazırda Rusiyadır. Amma Rusiya bir şeyi başa düşməlidir ki, 300 ildə biz onları çox yaxşı tanıyırıq.
- Bu proses nə vaxta qədər davam edəcək?
- Rusiya Azərbaycanla olan şahmat partiyasını artıq uduzmaq üzrədir. Çünki Azərbaycan Prezidenti çox ağıllı hərəkət edir. Bu mənada Qarabağda separatçıların təxribatı, Ermənistan tərəfindən atəşkəsin pozulması, Ağdam yolunun bağlanması Kremlin göstərişi ilə baş tutur. Fakt odur ki Rusiya imza atdığı heç bir sənədə hörmət etmir. Görünən odur ki, imzasına hörmət edilməyən bir dövlətlə üz-üzə qalmışıq. Bütün bunlara baxmayaraq Azərbaycan Rusiya ilə bərabərhüquqlu, eyni səviyyəli, balanslaşdırılmış siyasət yürüdür. Rusiya bunu qəbul edəcək-etməyəcək bu onun problemidir. Artıq Azərbaycan özünün xarici siyasəti ilə bu və ya digər formada özünə qarşı olan siyasəti zərərsizləşdirə bilir.
- İranla münasibətlərdə artıq yumşalmalar var. Rusiya ilə də bəlli bir zamandan sonra bu tendensiyanın izlənməsi labüd görünür?..
- Azərbaycan özünün uğurlu daxili-xarici siyasəti ilə İranı neytrallaşdırdı. İran artıq Azərbaycana qarşı əks mövqedə durmur. Bu baxımdan Rusiya Azərbaycanla bağlı siyasətində diqqətli olmalıdır. Rusiyanın bu gedişlə məhvi sürətlənir. Onun fəlakətə sürüklənməsində Azərbaycan açar dövlətlərdən biri hesab edilir.
- Xankəndi separatçılarının son fəallığı nə ilə izah oluna bilər?
- Rusiya sülhməramlıları 2025-ci ilə qədər Azərbaycan ərazisində qalmayacaq. Bu birmənalıdır. Çünki istəsək də, istəməsək də Rusiyanın yürütdüyü siyasət Azərbaycanı incik salıb. Ona görə də, Azərbaycan Rusiyanın maraqlarını təmin etmək niyyətində deyil. Hazırda bu ölkənin iqtisadi maraqları daha üstün yerdədir. Qarabağda, Şərqi Zəngəzurda onların niyyəti var. Bütün bunlara baxmayaraq Azərbaycanın yeganə problemi ərazi bütövlüyünün təhlükəsizliyi ilə bağlıdır. Ölkəmizin müdafiə və ərzaq təhlükəsizliyi təmin edilib. Fakt odur ki, Azərbaycan bütün xarici təhdidləri görür və nəzərə alır. Rusiya kimi dövlətlər bunu nəzərə almalıdır. Əks halda Azərbaycanın atacağı addımlar onun xeyrinə olmayacaq.