|
Ekologiya məsələsinə hər zaman qarışmışam. On beş il bundan öncə də Urmu gölünün quruması ilə bağlı dünyada bir kampaniyaya başlamışdım. Hələ o vaxtlar iranlı fotoqraflara gölün şəklinin çəkilməsi və yayılması ilə bağlı yardım da edirdim.
Bu sözləri Axar.az-a Güney Azərbaycan əsilli, dünya şöhrətli fransız fotoqraf Rza Deqati son günlər Urmu gölünün qurumasına diqqət çəkmək üçün başladılan kampaniya haqqında danışarkən deyib.
Gölün qurumasını ekoloji terror adlandıran fotoqraf molla rejiminin Azərbaycanla bağlı qərəzli niyyətindən danışıb:
“Mollaların ən böyük siyasəti Azərbaycanı dağıtmaq olub. Bunun üçün də bir neçə iş görüblər. Birincisi, Urmiya gölünü qurudulmasıdır. Bilirlər ki, gölün quruması ilə duz tozunun yayıldığı ərazilər əkinçilik və yaşamaq üçün əlverişli olmayacaq. Milyonlarla azərbaycanlı buranı tərk etmək məcburiyyətində qalacaq.
İkinci plan isə Azərbaycanda ən böyük mis yataqlarından olan Süngünün idarəçiliyinin fars əyaləti olan Kirmana verilməsidir. Bu yataq dünyanın ən böyük mis yataqlarındandır, lakin Azərbaycana heç bir faydası yoxdur. Bu yataqdan gələn gəlir fars əyalətlərinin inkişafına xərclənir.
Hökumət hər il bölgələrə büdcə ayırır. Azərbaycana isə fars əyalətlərindən az pul verilir. Güney Azərbaycanda fəaliyyət göstərən başçıların və məmurların çoxu farsdır”.
Deqatinin sözlərinə görə, hökumət istəsə, gölün qurumasının qarşısını ala bilər:
“Gölün yenidən bərpa edilməsi imkanı var. Neçə illərdir ki, gölə tökülən çayların qarşısında bəndlər qurulub, çayların istiqamətini fars mərkəzlərinə yönəldiblər. Neft boruları kimi borular çəkiblər. Suyun çoxu İsfahana, Kirmana tərəf daşınır. Günü bu gün çayların qarşısı açılsa, göl yenidən canlana bilər, lakin indiki mollalar olduğu müddətcə, buna imkan verməyəcəklər”.
Tanınmış fotoqraf gölün qurumasına insanların dəfələrlə etiraz etdiyini, lakin rejimin bu aksiyalarda iştirak edənlərə amansız davrandığını diqqətə çatdırıb:
“İranda çox insan bununla bağlı etirazlarını edib. Lakin hökumət bu insanları ya öldürüb, ya da həbsə atıb. Hətta zindandan çıxan insanlara elə iynə-dərman yeridiblər ki, onlar azad olduqdan 2-3 gün sonra intihar edib”.
Rza Deqati gölün quruması ilə bağlı yeni video hazırladığını da diqqətə çatdırıb. O bildirib ki, bu təsvirlərdə 1984-cü ildən dövrümüzə kimi gölün tədricən necə quruması, su səthinin azalması prosesi əks olunub.