Qarabağda RUS MEYMUNLUĞU - Arayiki onlar yolladı...Azərbaycan hərbçilərinin bu il aprelin 23-də Laçın yolunda keçid-buraxılış məntəqəsi qurmasından sonra Xankəndindəki separatçı rejim daxilində yaranan və getdikcə dərinləşən böhran kulminasiya nöqtəsinə çatıb. Qondarma rejimin “rəhbəri” Araik Arutyunyan bu gün istefa ərizəsini “parlamentə” təqdim edəcəyini bəyan edib.

Araikin istefaya getməsinin Qarabağ separatçılarına bilavasitə təsir imkanları olan xarici qüvvənin qərarı olması şübhə doğurmur. Üç gün əvvəl qondarma “parlamentdə” 6 saat çəkən müzakirələr zamanı konsensusa gəlmək mümkün olmamışdı. Binanın qarşısına toplaşan ermənilər onların qarşısına çıxan Arutyunyanı fitə basaraq istefa verməsini tələb etmişdilər. Separatçıların lideri çıxışı zamanı bildirmişdi ki, bütün dünyadan ümidləri kəsilib, fövqəldövlətlər (ABŞ və Rusiya) onları çarəsiz buraxıb. Toplantıda yaranmış vəziyyətdən 3 çıxış yolu müzakirə olunmuşdu:

Müqavimət göstərmək;

Qarabağdan köçüb getmək;

Azərbaycan rəhbərliyinin şərtlərini qəbul etmək.

Dünən A.Arutyunyan və radikal millətçi “spiker” David İşxanyan bəyan etdilər ki, yekdil qərar müqavimət göstərmək, Azərbaycana təslim olmamaqdır. Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev də “Twitter”də Qarabağ ermənilərinin görüş üçün hətta Ağdama belə, gəlməkdən imtina etdiyini bildirmişdi.

Separatçıların “rəhbərlərindən” Samvel Babayan yerli mətbuata verdiyi açıqlamada daxili ziddiyyətlərin səbəblərinə bir qədər aydınlıq gətirmişdi:

“Yaxın vaxtlarda təxminən 20 bənddən ibarət yanaşmamızı ictimaiyyətə təqdim edəcəyik. Biz təklif etdik ki, siyasi qüvvələr bu addımları birgə inkişaf etdirsinlər, ictimai razılıq alsınlar, sonra isə onu həyata keçirməyə başlasınlar. Lakin təklifimizi heç kim qəbul etmədi. Nəticədə bu gün onlar çıxılmaz vəziyyətdə qalıblar və bir-birlərini günahlandırırlar. Daha 7 gün gözləyək, görək məsuliyyəti kimin üzərinə atacaqlar. Qalxıb desinlər ki, əziz camaat, başqa çarəmiz yoxdur, köç edək?” – o bildirib.

Onun sözlərinə görə, Qarabağdakı qondarma rejim belə siqnal verir: “Ya Ağdam vasitəsilə yardımı qəbul edirlər, Azərbaycana inteqrasiya olunurlar, ya da Qarabağı tərk edirlər”.

“Mən Qarabağın indiki iqtidarının nə etdiyini belə görürəm: elə bir vəziyyət yaradılır ki, Ağdam vasitəsilə yardım və ya Qarabağdan köçmə məsələsi müzakirə olunur. Əvvəlcə qadınlar, uşaqlar çıxırlar. Heç bir problemi həll etmədiklərinin fərqinə varmadan sirk göstərirlər. Onlar öz xalqını məhvə aparırlar, vəssalam”, – Babayan əlavə edib.

Maraqlıdır ki, Arutyunyan istefadan əvvəl Nikol Paşinyanın “adamı” hesab olunan “dövlət naziri” Qurgen Nersisyanı istefaya göndərərək, onun yerinə Samvel Şahramanyanı gətirib. Erməni mediasının yaydığı xəbərə görə, Arutyunyanı da məhz “prezident” postunda Samvel Şahramanyan əvəzləyəcək. Onun tərcümeyi-halına diqqət yetirdikdə “prezident” təyinatının haradan verildiyi aydınlaşır.

S. Şahramanyan 1978-ci ilin dekabrın 1-də Xankəndidə anadan olub. 1996-1999-cu illərdə Qarabağdakı qanunsuz silahlı dəstədə “xidmət” edib, daha sonra 1999-2008-ci illərdə “DQR” hökumətinin “Milli təhlükəsizlik xidmətində” çalışıb. 2008-2010-cu illərdə “dövlət vergi xidmətinin operativ-axtarış idarəsinin rəisi”, 2010-2013-cü illərdə “ədliyyə nazirliyinin baş icraçısı”, 2013-2014-cü illərdə “DQR polisinin cinayət-axtarış idarəsinin və Stepanakert şəhər idarəsinin rəisi”, 2014-2018-ci illərdə “milli təhlükəsizlik xidmətinin idarə rəisi” işləyib, 2018-ci ildə “milli təhlükəsizlik xidmətinin direktoru” təyin edilib. 2020-ci ildə hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri olub. 29 may 2020-ci il tarixdə qondarma sərəncamla “general-mayor” rütbəsi alıb.

Beləliklə, Arutyunyanın sələfi Rusiya xüsusi xidmət orqanlarına, daha dəqiq desək, Müdafiə Nazirliyinin Baş Hərbi Kəşfiyyat Xidmətinə (QRU) bağlı şəxs olması şübhə doğurmur.

Bəs Rusiya nə edir? Rusiya bölgədəki gərginlikdən hədsiz məmnundur və kartları qarışdıraraq vəziyyəti daha qeyri-müəyyən hala gətirməyə çalışır. Bu təyinatdan əvvəl separatçıların indiki və keçmiş rəhbərlərinin, onlara dəstək verən siyasi qüvvələrin mövqeləri uzlaşdırılıb. Separatçıların nüfuzdan düşmüş lideri A.Arutyuyan hazırkı çətin, mürəkkəb şəraitdə situasiyanı idarə edə bilmir. Onun özü də bildirib ki, bioqrafiyası ona mane olur. Yəqin ki, müharibədəki ağır məğlubiyyətin məsuliyyətini, indiki böhrana gətirib çıxaran vəziyyəti nəzərdə tutur.

Xankəndidə siyasi səhnəyə Azərbaycan hökumətinə qarşı barışmaz mövqedə dayanan, müstəqillik tələb edən radikal millətçilər çıxır. Onlar sona qədər mübarizə aparacaqlarını deyirlər. Amma mübarizəni hansı resurslar hesabına aparacaqları barədə açıqlama yoxdur.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın dünənki çıxışında da Qarabağ separatçılarına çıxış yolu təklif olunmur. Amma Ermənistan hakimiyyəti, ona dəstək verən Qərbin ünvanına sərt ifadələr səsləndirilir. Zaxarova erməni cəmiyyətinə mesaj verir ki, yaranmış vəziyyətin bütün məsuliyyəti Paşinyan iqtidarının üzərindədir. O, İrəvanı Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımaqda, Rusiyanı kənara itələyib Qərbdən, ikili, üçlü, beşli vasitəçilər cəlb etməklə böhran yaratmaqda ittiham edir. Onun dolayı mesajı bundan ibarətdir: Nə qədər ki, bizim maraqlarımızı tapdalayan Paşinyan hökuməti qalır, Rusiyanın ermənilərə hərtərəfli dəstək verməsi çətindir, bu barədə düşünmək lazımdır…

“Biz dəfələrlə demişik ki, bir tərəfdən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı Rusiyanın səylərinə əks olmayan, onları təkrarlamayan, bu səyləri pozmayan bütün təşəbbüsləri alqışlayırıq. Digər tərəfdən isə Fransanın bu istiqamətdə fəallığı bizə yaxşı məlumdur. Bu cür vasitəçilik səyləri çərçivəsində münaqişənin hər iki tərəfinin, yəni həm Azərbaycan, həm də Ermənistanın ilk növbədə mövqeyini nəzərə almaq lazımdır. Bunlarsız vəziyyətin nizamlanmasında hər hansı irəliləyişə ümid etməyə dəyməz. Bu, bütün vasitəçiliyin alfa və omeqasıdır”, – deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Bundan sonra nə gözləmək olar?

Şübhəsiz ki, Arutyunyanın istefası indiyə qədər rejim daxilində zor-gücünə saxlanılan sabitliyi birdəfəlik pozacaq, qarşıdurma, intriqa dərinləşəcək. Rusiya vəziyyəti sabitləşdirmək üçün onlara dəstəyi artıracaq, amma Azərbaycanla açıq qarşıdurmaya getməkdən çəkinəcək. Moskvada gözləyirlər ki, Fransanın apardığı anti-Azərbaycan kampaniyası genişlənəcək, Avropa İttifaqını, ABŞ-ı da əhatə edəcək. Artıq bəzi əlamətlər bu gözləntilərin faydasız olmadığını təsdiq edir. Bu gün Almaniyanın xarici işlər naziri Xarici işlər naziri Annalena Berbok Azərbaycanı və Rusiyanı Xankəndinə “humanitar yardımlar” üçün Laçın yolunu açmağa çağırıb. Onun sözlərinə görə, Laçın yolu ilə bağlı vəziyyət İspaniyanın Toledo şəhərində keçirilən Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə müzakirə ediləcək. Berbok etiraf edib ki, bu addımları fransalı həmkarı Ketrin Kolonna ilə koordinasiya edir. Alman nazir amerikalı həmkarları ilə də fikir mübadiləsi apardıqlarını iddia edib.

Rusiya bu bəyanatlardan sonra Qarabağ ermənilərinin əsas hamisi kimi səhnəyə atılacaq, çox güman ki, “humanitar böhran” Bakı-Moskva danışıqlarında əldə olunacaq kompromislər hesabına qismən həllini tapacaq.

Azərbaycanın başlıca tələbləri Xankəndindəki qondarma rejimin özünü buraxması və bölgədəki silahlı qruplaşmanın ləğvidir. Amma Rusiyanın separatçı rejim vasitəsi ilə yaratdığı böhran 2025-ci ilə qədər Bakını bu hədəflərindən uzaqlaşdırmağa yönəlib…
Pressklub.az
28 Noyabr 2024 Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar
28 Noyabr 2024 Avropanın daha bir “qazlı” qərəzi -Bakıya şər atılır, Ermənistana göz yumulur...
28 Noyabr 2024 Polşanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb, etiraz bildirilib
28 Noyabr 2024 İlham Əliyev Albaniya Prezidentini təbrık edib
28 Noyabr 2024 İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidentini və Mavritaniyanın dövlət başçısını təbrik edib
28 Noyabr 2024 Fransa Azərbaycanlaşır: 63% fransız Makrona "GET" deyir
28 Noyabr 2024 Qərbdən sərhəddəki missiyaya görə Paşinyana qəzəbli demarş
28 Noyabr 2024 Bələdiyyə sədrliyinə namizəd olmaq istəyənlərin NƏZƏRİNƏ
27 Noyabr 2024 Sülh sazişi bu vaxta qədər UZANACAQ - AÇIQLANDI
27 Noyabr 2024 Xırda məsələləri böyüdürsünüz, elə bilirsiniz ki... - Sahibə Qafarovadan deputata
27 Noyabr 2024 Spikerdən deputatlara irad: "Sizə qulaq asdıqca..."
27 Noyabr 2024 Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
26 Noyabr 2024 Sərhəddə görüş PLANI - COP29-dan sonra... DETALLAR
26 Noyabr 2024 Dünyanın ən ucaboy liderləri - Əliyev və Ərdoğanın siyahıdakı yeri
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı
25 Noyabr 2024 XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib
25 Noyabr 2024 2025-ci illə bağlı xoş xəbər: əməkhaqqı, pensiya, sosial vəziyyət... - Spiker

Xəbər lenti