|
Azərbaycan və Türkiyə liderləri - İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında Naxçıvanda keçirilən görüş Bakının Qarabağda keçirdiyi uğurlu antiterror tədbirlərindən sonra Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqlar baxımdan çox mühüm əhəmiyyət kəsb edir.
Görüşün keçirilmə vaxtı, yeri və verilən mesajlar heç də təsadüfi xarakter daşımır.
İki liderin keçirdiyi görüşdən sonra verdikləri birgə bəyanatdan da aydın olur ki, görüşdə Bakı və Ankaranın bölgədə sülh, sabitlik, regional təhlükəsizlik, əməkdaşlıq istiqamətindəki proseslərin inkişaf dinamikasına uyğun olaraq atacaqları addımlar və bu addımların koordinasiya edilməsi əsas müzakirə predmeti olub.
Birincisi, Azərbaycanın həyata keçirdiyi antiterror tədbirinin ən yüksək səviyyədə keçirilməsinin beynəlxalq aləm tərəfindən müsbət qarışılanmasıdır. Ərdoğanın bəyan etdiyi kimi, Azərbaycanın antiterror tədbirləri türk millətinin ədalət və mərhəmətini bir daha bütün dünyaya nümayişidir. Bununla Bakı bir daha sübut etdi ki, ermənilərin və onların havadarlarının dediyi kimi, Azərbaycanın hədəfi heç də ermənilərə qarşı deportasiya siyasətini həyata keçirmək yox, inteqrasiya məqsədi daşıyır. Çünki antiterror tədbiri ən qısa zamanda və mülki insanlara xələl gətirilmədən həyata keçirilib. Mülki insanlara ziyan vurulması ilə bağlı erməni tərəfinin əlində hər hansı bir fakt yoxdur. Növbəti məqam isə ondan ibarətdir ki, antiterror tədbirinin ardınca dərhal yerli erməni əhalisinə humanitar dəstək göstərilib və onlar zəruri ehtiyaclarla təmin olunublar. Bu proses davam etməkdədir. Antiterror tədbirlərindən sonra isə yerli erməni icmasına qarşı isə hər hansı zorakılıq faktları qeydə alınmayıb. Ermənilərdən fərqli olaraq bütün bunlar Azərbaycanın düşməninə necə mərhəmətli və ədalətli yanaşdığını sübut edir. Azərbaycanın yüksək peşəkarlıqla həyata keçirdiyi antiterror tədbiri və humanist addımı beynəlxalq birlik tərəfindən də müsbət qarşılandığından Ərdoğan Azərbaycan liderinə öz minnətdarlığını çatdırıb.
İkincisi, Azərbaycanın suveren hüquqlarının təmin edilməsi istiqamətində Bakı və Ankaranın birgə səyi və bunun dünyaya nümayiş etdirilməsi mesajı idi. İkinci Qarabağ savaşında olduğu kimi, antiterror tədbirlərin uğurla başa çatdırılması və Azərbaycanın öz ərazisində suveren hüquqlarının təmin edilməsi, eyni zamanda bölgədə dayanıqlı sülhün, əməkdaşlığın, inkişafın əldə olunmasında Ankara müstəsna rola malik olub. Antiterror tədbriləri dövründə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan BMT Baş Assambleyasının illik sessiyası çərçivəsində Azərbaycanı nəinki dəstəklədiklədini bəyan etdilər, həmçinin beynəlxalq aləmin də bu məsələni dəstəkləməsi istiqamətində xüsusi aktivlik nümayiş etdirdilər. İstər prezident Rəcəb Tayyib Ərdoğan, istərsə də xarici işlər naziri Hakan Fidan BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirdiyi görüşlərdə Bakının Qarabağdakı antiterror tədbirlərinə əl atmasının zərurəti və Ermənistanla sülh danışıqları istiqamətindəki mövqeyinə aydınlıq gətirilib. Bakının beynəlxalq hüquqa uyğun olaraq ədalətli mövqeyinin beynəlxalq birlik tərəfindən həssaslıqla qarşılanması, yanlış qəbul edilməməsi, görüş keçirdikləri tərəfin diqqətinə çatdırılıb. Bildirilib ki, Azərbaycanın hədəfi öz ərazisində suveren hüquqlarını təmin etməkdir. Belə demək mümkünsə, son hadisələrdə də Ankara və Bakı Şuşa Bəyannaməsinin tələblərinə uyğun olaraq koordinasiya olunmuş şəkildə hərkət edərək ciddi uğurlara imza atıblar. Bakı və Ankarının bu istiqamətdəki birgə səyləri müsbət sonluqla nəticələnib.
Üçüncüsü, artıq dünya Ankara və Bakının bölgədə dominant güc olduğunu gördü.
Dördüncüsü, Ankara bölgədədir və onsuz hər hansı məsələnin həlli qeyri-mümkündür.
Beşincisi, növbəti mərhələdə bölgədə sülhün, əmin-amanlığın, sıx inteqrasiya olunmuş əməkdaşlığa nail olmasında Bakı və Ankara birgə addım atır.
Altıncısı və ən mühüm məqamlardan biri Naxçıvanın da gələcəkdə logistik bir mərkəzə çevrilməsi planıdır. Bununla bağlı olaraq tərəflər nəqliyyat, logistika və enerji sahələrindəki əlaqələrimizi inkişaf etdirilməsi ilə bağlı iradələrini ortaya qoyub bir sıra sənədlərə imza atdılar.
Yeddincisi, Naxçıvanın təhlükəsizliyi ilə bağlı daha etibarlı şəkildə hərbi sahədə əməkdaşlıq.
Son olaraq bu görüş sülh və əməkdaşlıq, münasibətlərin normallaşması istiqamətində yeni fürsətlər açır ki, Ermənistan tərəfi də bu fürsətdən faydalanmalıdır. O baxımdan Türkiyə prezidenti Ərdoğanın verdiyi “son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılmışdır. Bu fürsətin dəyərləndirilməli olduğuna inanıram. Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Hər zaman vurğuladığım kimi, sülhün uduzanı olmaz. Bölgəmizdə sülh, sabitlik və rifahın yaranması xalqlarımıza olan borcumuzdur. Biz bu borcu yerinə yetirməkdə qətiyyətliyik, səmimiyik. Arzumuz qarşı tərəfin də eyni səmimiyyəti göstərməsidir” mesajını İrəvan düzgün qiymətləndirib buna adekvat cavab verməlidir. Əgər erməni tərəfi buna adekvat reaksiya verərsə, uduzmayacaqlar. Qazanacaqlar.