- Noyabra qədər Azərbaycanla Ermənistan arasında sülhün əldə ediləcəyi iddia edilir. Bu vaxta qədər razılaşma olmasa, Bakının şərtləri dəyişdirəcəyi bildirilir. Siz necə düşünürsünüz?
- Özünü "politoloq" adlandıranlar elə danışırlar ki, elə bil Ali Baş Komandan onlardır və Azərbaycanı da onlar yönəldirlər. Bu adamlar bir qədər düşünsələr yaxşı olar. Belə açıqlamalarla, bəzi məsələləri gündəmə gətirməklə diqqət mərkəzində olmaq istəyirlər. Amma mahiyyətdən xəbərsizdirlər. Ona görə də, bu kimi məsələlərə ciddi yanaşmaq lazımdır. Təbii ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin hazırkı səviyyəsində, sülh müstəvisində normal məcrada danışıqlar müşahidə edilir. Nikol Paşinyan da sülhə meyil edir. Artıq Azərbaycanla Ermənistan arasında sərhəd dirəkləri də basdırılıb. Bu amillər prosesin başlanğıcıdır. Sadəcə olaraq hansısa məsələ ilə bağlı konkret vaxt söyləmək və bundan sonra olacaqlarla bağlı əsassız bilgilər vermək məntiqsizdir.
- Müharibə siqnalları vermək, gərginlik olacağına dair fikirlər söyləmək hansı məqsədlərə xidmət edir?
- Azərbaycan hazırda Böyük Qayıdış proqramını həyata keçirir. Artıq tarixi Şuşa şəhərinə qayıdış başlayıb. Belə bir şəraitdə az qala Ermənistanla Azərbaycan arasında yeni müharibə siqnalları vermək ağılsızlıqdır. Az qala indi Zəngəzuru müharibə ilə almaq istəyənlər ortaya düşüb. Bu adamların davranışları bəzi məsələləri korlamağa xidmət edir.
- Sizcə, payızda Bakıda baş tutacaq COP29-a qədər sülh istiqamətində hansısa irəliləyişin olması gözlənilirmi?
- COP29-a qədər, yəni bu ilin noyabrında Azərbaycanda keçiriləcək beynəlxalq tədbirə qədər Ermənistanla sülhün əldə olunacağı deyilir. Sözsüz ki, razılaşma ondan öncə də imzalana bilər. Buna heç kəs qadağa qoymayıb. Paşinyanı da Bakıya dəvət etmək fikrində olanlar var. Burada anormal bir şey yoxdur. Azərbaycan COP29 tədbirinə bütün ölkələri dəvət edəcək. Bu, Bakının daxili işidir.
- Noyabra qədər sülh olmasa nə dəyişəcək ki?..
- O vaxta qədər sülh sazişinin imzalanmaması Azərbaycan üçün problem demək deyil. Sentyabrda, avqustda sülhün olması mümkündür. Ona görə də, sülhlə bağlı konkret vaxt qoymaqla əksinə məsələləri çətinə, düyünə salmaq istəyirlər. İddia edirlər ki, guya bu kimi açıqlamalarla ermənilər qorxuya düşəcək. Yaxşı olardı ki, proseslərə hamı düzgün yanaşsın.
- Belə çıxır ki, tərəflər yekun razılaşmaya çox yaxındır...
- Bütün bunların fonunda sülhün tezliklə baş verəcəyi inandırıcıdır. Artıq Ermənistan rəhbərliyi də bu məsələləri ikitərəfli qaydada həyata keçirmək istəyir. Müharibədən sonra Azərbaycan Prezidenti sülhə hazır olduğumuzu bəyan edib. Qalib tərəf Azərbaycandır. Bakı sülhlə bağlı hansısa şərtlərin müzakirəsində geri çəkiləsi deyil. Ona görə də, sülhlə bağlı proqnozlar müsbətdir və bunun tezliklə baş verməsi gözlənilir.
- Yeni müharibə və yaxud gərginliyin baş verməsi ehtimalı qalıbmı?
- Azərbaycanın yeni müharibə etmək niyyəti yoxdur. Ermənistanın işğalında qalmış 8 kənddən anklav olmayan 4 kənd Qazax rayonuna məxsus ərazilər təhvil verilib. Digər kəndlərin məsələsi isə delimitasiya prosesinin gedişində öz həllini tapacaq. Ona görə də, 4 kəndlə bağlı yenidən mühairəbənin başlaması ehtimalları yoxdur.
- Anklavlarla bağlı məsələnin həll prosesi necə proqnozlaşdırılır? Ərazi mübadiləsi fonunda referendumun keçirilməsi gözlənilirmi?
- Əslində son zamanlar bu müstəvidə fikir müxtəlifliyinə deputat Rasim Musabəyovun açıqlaması səbəb oldu. Azərbaycan əraziləri vaxtilə Ermənistana qeyri-qanuni olaraq verilib. Göyçə, Zəngəzur Ermənistana veriləndə Azərbaycan xalqının razılığı olmayıb. Bunu erməni tərəfi yaxşı bilir. İndi isə Azərbaycan qalib tərəf kimi öz şərtlərini masaya qoyub. Qalib tərəf olaraq Bakı istədiyi xəritə ilə sərhədlərin dəqiqləşdirilməsini aparmaqda haqlıdır. Anklavlar və eksklavlarla bağlı torpaq mübadiləsi aparmaq kimi məsələlər düşünülmuş şəkildə həyata keçirilə bilər. Mövcud qanunvericiliyə görə, topaq mübadiləsi üçün referenduma ehtiyac qalmır. Amma burada heç də məsələ torpaq mübadiləsindən getmir. Həmin kəndlər Azərbaycana məxsusdur. Ola bilsin ki, Naxçıvanın Kərki kəndi və Gədəbəyin Başkənd kəndi ilə bağlı hansısa bir addım atılsın. Qazaxın anklav olan 3 kəndi ilə bağlı da eyni yanaşmaların olması mümkündür. Bütün bunlar isə qarşılıqlı razılaşmaya əsaslanacaq. Bu halda referenduma ehtiyac qalmayacaq.