Rusiyanın Xankəndidə konsulluq açmaq istəyi dövlətlərarası əlaqələrdə diplomatik münasibətlərin genişləndirilməsi ampluasından izah edilə bilər.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, Azərbaycanın Sankt-Peterburq, Yekaterinburqda konsulluqları var:
"Dövlətlərarası münasibətlərdə mövcud diplomatik praktikaya görə bir dövlət digər dövlətin ərazisində bir neçə şəhərdə konsulluqlara malikdirsə, qarşı tərəfin də bununla bağlı istəyinə normal yanaşıla bilər. Bu baxımdan Kremlin Xankəndidə konsulluq açmaq istəyi Azərbaycan-Rusiya arasında diplomatik münasibətlərdə balans yaratmaq istəyindən irəli gəlir. Bu məsələnin rəsmi və diplomatik tərəfidir. Digər tərəfdən, beynəlxalq qanunvericiliyə görə, konsulluqlar mövcud dövlətlərin o şəhərlərində açılır ki, o dövlətlərdə qarşı tərəfin vətəndaşları yaşayırlar. Onların həmin dövlətlə münasibətlərində hüquqi problemlərin tənzimlənməsinə ehtiyac yarandıqda həmin problemlərin qısa zaman kəsiyində həllində konsulluq təbii ki, iştirak edir. Rusiyanın hazırda Xankəndidə vətəndaşları yoxdur. Rusiya sülhməramlıları isə artıq Azərbaycanla əldə edilmiş razılıqdan sonra bölgəni tərk ediblər. Bu mənada, Rusiyanın konsulluğu Azərbaycanın niyə ikinci böyük şəhəri - Gəncədə yox, məhz Xankəndidə açmaq istəyi təbii ki, suallar doğurur. Rusiyanın özündə sonuncu prezident seçkiləri zamanı Azərbaycanda işləyib çalışan Rusiya vətəndaşlarının bu seçkilərdə iştirakını təmin etmək, onların hüquqlarının realizə olunması üçün məhz Bakı və Gəncədə belə seçki məntəqələri yaradılmışdı. Rusiyanın Xankəndidə konsulluğun açılması ilə bağlı səyi perspektivdə Azərbaycan və Rusiya arasında münasibətlərin genişləndirilməsi istəyindən və arzusundan irəli gələ bilər.
Bu, Bakı və Moskva arasında münasibətlərin genişləndirilməsi istəyindən irəli gəlməklə yanaşı, Azərbaycan və Rusiyanı təhdid edən qlobal problemlərə münasibətdə ümumi və ortaq mövqeyinin ortalığa qoyulması kontekstində də qəbul oluna bilər. Çünki regionun təhlükəsizlik problemlərinin həllinə dair Azərbaycan və Rusiyanın mövqeləri üst-üstə düşür. Azərbaycan Prezidenti İlham Əliyev Qafqaz evi ideyasını irəli sürmüşdü. Bu ideyanın realizə olunması isə region və region ətrafı dövlətlər arasında münasibətlərin məhz 3+3 formatında əməkdaşlıq müstəvisi üzərində qurulmasını özündə ehtiva edir. Rusiya Azərbaycan Prezidentinin bu təklifini bəyənir və dəstəkləyir. Bu prosesə fərqli mövqe sərgiləyən tərəf Qərb və ilk növbədə ABŞ-dir. Çünki Azərbaycan Prezidentinin irəli sürdüyü bu model regiondan kənarda olan dövlətlərin, o cümlədən qlobal güc mərkəzlərinin, regionun təhlükəsizlik problemlərinin həllində iştirakını məqbul saymır. Bu da təbii ki, regiona dair özünün geosiyasi maraqları və baxışları olan və regionun geosiyasi konfiqurasiyasını ciddi cəhdlə dəyişdirmək istəyən ABŞ və NATO-nun, o cümlədən Avropa Birliyinin maraqlarına cavab vermir. Bu kontekstdə konsulluğun məhz Xankəndi şəhərində açılması, güman edirəm ki, Azərbaycan və Rusiyanın regionun geosiyasi konfiqurasiyasını dəyişdirmək istəyən bəlli mərkəzlər və bəlli dairələrə ümumi və ortaq ismarışı kontekstində də qəbul oluna bilər".
Politoloq Ermənistandakı aksiyalara da toxunub və vurğulayıb ki, Baqrat Qalustyan əslində siyasi mübarizə aparır:
“Halbuki, o, özünün dəyərlər uğrunda mübarizə apardığını bəyan edir. Qalustyanın Ermənistan iqtidarına münasibətdə irəli sürdüyü təkliflər erməni vətəndaşlarının, yəni həmin o mitinqlərə yığılan vətəndaşların siyasi hüquq və düşüncəsi olsa da, həmin meydana yığılmış 20 min insan Ermənistanda seçki hüququ olan milyonlarla vətəndaşın mövqeyini israr etmir. Onların kiçik bir hissəsini təşkil edirlər. Güman edirəm ki, Paşinyan hakimiyyətinin Qalustyanın rəhbərliyi ilə hazırda genişlənməkdə olan etiraz aksiyalarının qarşısını almaq üçün hüquqi müstəvidə səlahiyyətləri var. Həlledici anda güman edirəm ki, iqtidar bu məsələlərə münasibət sərgiləyəcək. Çünki erməni kilsəsinin hazırkı şəraitdə əsas mövqeyi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının əleyhinədir. Bu mənada erməni kilsəsi dini təşkilatdan daha çox siyasi motivasiya ilə hərəkət edən qurum təsiri bağışlayır. Paşinyan iqtidarının kilsəyə münasibətdə təzyiq vasitələri də var. Kilsənin vergilərə cəlb olunması və hətta kilsə torpaqlarının bir hissəsinin dövlət xeyrinə müsadirə olunması ilə bağlı problemləri özündə ehtiva edə bilər.
Düşünəm ki, kilsənin dövlətlə münasibətlərin hüquqi müstəvi üzərində qurulması üçün kilsəyə təsir mexanizmləri kimi kilsənin geri çəkilməsinə təsir göstərə biləcək ciddi faktorlardan biri ola bilər. Kilsə erməni müxalifətinin bəlli hissəsi ilə hazırda işbirliyindədir. Müxalifətin isə bəlli dairələri revanşist mövqelərindədirlər. Onların əsas məqsədi Paşinyan iqtidarını devirməkdən ibarətdir. Sadəcə olaraq, müxalifətdə bəlli dairələrin ölkənin etiraz elektoratına təsir imkanları yüksək səviyyədə olmadığından, onlar kilsəni bu proseslərə cəlb ediblər. Kilsə uzun müddət erməni xalqının tarixində xalqı və milləti koordinasiya edə biləcək, hədəflərini müəyyənləşdirən və hədəflərə qarşı yönəldə biləcək qüvvə kimi daha çox fəaliyyət göstərib. Müxalifət də özünün korporativ maraqlarının realizə olunması üçün kilsədən bu kontekstdə istifadə etmək istəyir.
Müxalifət və kilsənin Ermənistanda seçicilərin mütləq əksəriyyətini Paşinyan iqtidarına qarşı qaldırmaq imkanları yoxdur. Çünki erməni xalqı müharibədə Azərbaycan dövlətinin, xalqının hansı güclü iradəyə malik olduğunu gördü. Ermənilər bu müharibənin Ermənistan cəmiyyəti üçün doğurmuş olduğu təhlükənin mahiyyətinə vardılar. Ona görə də xalq mahiyyət etibarilə Azərbaycanla növbəti qarşıdurmadan çəkinir. Bu Paşinyan iqtidarının xeyrinə işləyən bir faktordur. Bu ciddi siyasi və sosial faktordan çıxış edərək iqtidar hazırda kilsənin təşəbbüsü ilə başlanan etiraz aksiyalarının qarşısını almaq üçün kifayət qədər gücə və iqtidara malikdir. Hələlik etiraz aksiyalarına münasibətdə iqtidar yumşaq gücün tətbiqi ilə kifayətlənir. Həlledici anda bu aksiyaların genişlənərək daha fərqli müstəvi üzərinə keçə bilməsinin qarşısını alınması üçün iqtidar qanunvericiliyin ona verdiyi səlahiyyətlərdən istifadə edərək lazım olan bütün addımları atacaq”.