İran və Azərbaycanın taktiki təlimlər keçirməsini siyasi opponentlər dərhal xarici siyasi kursunun dəyişməsi, İsrailə qarşı demarş kimi təqdim edirlər. İddialarını arqumentləşdirmək üçünsə Azərbaycan Prezidentinin Qahirəyə səfəri zamanı müstəqil Fələstin dövlətinin yaradılması haqqında bəyanatına istinad edir, bunu da anti-İsrail addım kimi təqdim edirlər.
Səfərlə bağlı yazıda o iddia ilə bağlı geniş şərh versək də, bəzi məqamları təkrar xatırladaq:
Əvvələn, Azərbaycan müstəqilliyin ilk illərindən Fələstinin müstəqil olma haqqını, münaqişənin sülh yolu ilə ikidövlətli, adil həll modelini tanıyır. Bu mövqeyini dəfələrlə ikitərəfli və çoxtərəfli görüşlərdə səsləndirib, İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri kimi qurumun Fələstinlə bağlı bütün qətnamələrinə tərəfdar çıxıb. Ümumən bu təşkilatda olmaq avtomatik olaraq paytaxtı Şərqi Qüds olacaq Fələstini dəstəkləmək mənasına gəlir, çünki təşkilatın təsisini zəruri edən səbəb bu olub. Ötən il Təl-Əvivdə səfirlik açılması ilə paralel Ramallahda da nümayəndəlik açıb. Bu addım özlüyündə ikidövlətli həll modelinə sədaqətin nümayişi idi.
İkincisi bəyanatın səsləndiyi məkan mühümdür. Ötən illər İqtisadi Əməkdaşlıq Təşkilatının Mərkəzi Asiyada keçirilən toplantılarında, İran tərəfinin atmacalı çıxışlarına rəğmən Azərbaycan Fələstin-İsrail münaqişəsi haqda bəyanat verməyib, eləcə də, İranla Azərbaycan arasında müxtəlif səviyyəli ikitərəfli görüşlərdə qarşı tərəfin hər dəfə ortaya anti-İsrail mövqe qoyma təşəbbüsü “iqnor” edilib. Amma Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan Fələstin məsələsinin müzakirəsinə nəinki maneə olmamış, əksinə Fələstinlə bağlı beynəlxalq hüquqa və tarixi ədalətə söykənən mövqeyini açıq ifadə edib. Qahirədəki çıxış bu mövqeyin təkrar ifadəsindən başqa bir şey deyildi. Misir İsrailin mövcud olma haqqını rəsmən tanımış ilk ərəb ölkəsidir, son HƏMAS-İsrail qarşıdurması zamanı da bütün təhriklərə rəğmən İsraillə açıq hərbi qarşıdurmadan yayınır. Yəni bəyanat yalınız məzmununa görə deyil, səslənmə zamanı və məkanın seçimi ilə də İsrailin mövcudluğunu inkar edən baxışların bölüşülmədiyi haqda mesaj ehtiva edir.
Qeyd edək ki, bəzi israilli ekspertlər də Azərbaycanın İsraildən uzaqlaşmaqda olduğunu iddia edir, hətta “Azərbaycanın yəhudi diasporu” adlı You Tube kanalı (Еврейская Диаспора Азербайджана. Роман Цыпин) bir müddətdir ki, açıq şəkildə erməni təbliğat maşınının ruporuna çevrilib .
Əlbəttə ki, oktyabrın 7-də HIMAS-ın hücumu və ondan sonrakı müharibə Azərbaycan üçün müəyyən çağırışlar, çətinliklər yaradır. Bakı İsraillə strateji münasibətləri saxlamaqla Türkiyə və Pakistanla əlaqələri kəsmək istəmir, İslam və Ərəb dünyasında nüfuzunu qorumağa çalışır. Eyni zamanda rəsmi Bakı İranla İsrail arasında artan qarşıdurmada tərəf tutmaq istəməzdi. Sirr deyil ki, Tehran Bakı ilə Təl-Əviv arasında hərbi, kəşfiyyat və təhlükəsizlik sahəsində əməkdaşlığa həmişə şübhə ilə yanaşıb.
İranlı ekspert Vəli Kaleji xatırladır ki, Qəzza zolağında müharibə məsələsində Bakı kifayət qədər ehtiyatlı mövqe tutub:
-Əksər İslam ölkələrindən fərqli olaraq, İsraili qınamaqdan imtina etdi.
-Digər tərəfdən, əksər Qərb ölkələrindən fərqli olaraq, Bakı 7 oktyabr terror aktını pisləsə də, HƏMAS-ı terror təşkilatı elan etməkdən yayınır. Azərbaycan prezidenti İlham Əliyev İƏT-in 2023-cü il noyabrın 12-də Ər-Riyadda keçirilən fövqəladə iclasında iştirak etməyib. Prezidentin yerinə tədbirdə xarici işlər naziri Ceyhun Bayramov iştirak edirdi. Həmin il noyabrın 3-də Qazaxıstanda keçirilən Türk Dövlətləri Təşkilatının sammitində Azərbaycan prezidenti hər iki tərəfi qınamaqdan yayınıb və yalnız ümumi “davam edən münaqişə ilə bağlı narahatlığını” ifadə edib (“Eurasianet”, 9 noyabr 2023-cü il).
-Amma rəsmi Bakı təbii ki, İslam dünyasındakı mövqeyini qoruyub saxlamağa çalışır. Azərbaycan otuz ildir ki, Qarabağ münaqişəsində daim ərəb və islam ölkələrindən dəstək istəyib. Dəstək qazanmaq üçün Azərbaycan Pakistanla tərəfdaşlığa girərək iki qeyri-müsəlman ölkəsi, Hindistan və Ermənistan tərəfindən işğal olunmuş Qarabağ və Kəşmirin iki regionunun statusunu İƏT-ə təqdim edib (“Arab News”, 10 oktyabr 2020).
Ekspertə görə, Azərbaycan Qarabağı geri qaytarsa da, Bakı hələ də Cənubi Qafqazda yeni mövqeyini sabitləşdirməli və İslam dünyası ilə əlaqələri saxlamalıdır. 2009-cu ildə Bakının, 2018-ci ildə isə Azərbaycanın Naxçıvan anklavının İslam dünyasının mədəniyyət paytaxtları elan edilməsi rəmzidir. İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa 2024-cü ilin mədəniyyət paytaxtı elan edilib. Azərbaycan açıq şəkildə İsraili strateji tərəfdaş kimi dəstəkləməklə İslam və ərəb dünyasındakı imicini korlamaq istəmir, baxmayaraq ki, Bakı Tel-Əvivlə əlaqələri ən azı indiki səviyyədə saxlamağa ümid edir.
HƏMAS-a gəlincə, II Qarabağ müharibəsində Azərbaycanı qələbə münasibətilə təbrik edib (Anadolu Agentliyi, 10 noyabr 2020). Amma bun baxmayaraq rəsmi Bakı HƏMAS-la birbaşa əlaqə saxlamaqdan imtina edib.
Qeyd edək ki, Ankara Fələstin ərazilərində “pisləşən humanitar faciəni” əsas gətirərək, müharibə müddətində İsrailə ixracı dayandıracağını bildirib. İsrailin maliyyə naziri Bezalel Smotriç buna cavab olaraq bildirib ki, İsrail Türkiyə ilə azad ticarət sazişini ləğv edəcək və türk idxalına 100 faizlik rüsum tətbiq edəcək (“The Times of Israel”, 18 may). Gərginlik Azərbaycanın iki yaxın tərəfdaşı arasında daha bir nifaqı qabardır, amma Bakı hər iki tərəfdaş arasında balans tapmağa çalışır. Azərbaycan Prezidentinin Türkiyəyə səfəri zamanı Qəzza probleminin müzakirə edildiyi bildirilsə də, məlumat ümumi sözlərdən kənara keçmir. Çünki bu məsələdə Qahirədəki bəyanatdan daha artıq nəsə deyilməyəcəkdi, Azərbaycan həmişəki kimi mümkün qədər iki müttəfiq arasında münasibətlərdə neytrallığını qorumaqda maraqlıdır. Azərbaycanın xarici siyasəti yetərincə praqmatikdir, müttəfiqlər itirməyə deyil, qazanmağa hesablanıb.
Keçilən təlimlərə gəlincə, ötən il mərhum İbrahim Rəisi Şərqi Azərbaycan vilayətinə səfəri zamanı Culfa dəmir yolu stansiyasına da baş çəkmiş, buranı İranın Avropaya açılacaq qapısı kimi dəyərləndirmişdi. Yəni təlim keçiləcək Naxçıvan ərazisi Azərbaycan-Ermənistan sülh müqaviləsindən sonra İrandan Avropaya daşınacaq malların əsas tranzit zonasıdır. İndiki təlimlərlə bağlı açıqlanan məqsədlər içərisində təxriabtların önlənməsi haqda bəndin olması da bu baxımdan normaldır.
Çoxmilyardlıq daşımalarda həm çıxış, həm də çatış məntəqəsi olacaq tərəflərdə əminlik olmalıdır.