“Ermənistanla 15 günə də saziş imzalamaq olar, amma...” - TƏLƏSİK SÜLH...

Gürcüstanda səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dünən gürcü həmkarı İliya Darçiaşvili ilə birgə mətbuata açıqlamasında deyib ki, Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması regiona daha çox sülh gətirəcək. Mirzoyan kommunikasiyaların bərpasının Ermənistanla yanaşı, digər region ölkələrinin iqtisadiyyatını dəstəkləyəcəyini söyləyib.

“Əgər bir ay intensiv işləsək, bu prosesi tamamlaya və Azərbaycanla vacib razılaşmanı imzalaya bilərik”, - Mirzoyan qeyd edib. Erməni nazir həmçinin sülh sazişinin də yaxın vaxtlarda imzalana biləcəyinə eyham vurub.

Üç gün bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan arasında sülh sazişindən danışarkən deyib ki, bunun üçün “müstəsna imkan” var.

“Ölkələr arasında onilliklərlə davam edən münaqişəyə son qoyacaq sülh sazişlərinin reallaşdırılması üçün müstəsna imkan və potensial var və hesab edirəm ki, bu iqtisadi əlaqələr, iqtisadi artım, şərqdə və qərbdə, cənubda və şimalda ölkələri birləşdirmək üçün böyük imkanlar yaradacaq. Azərbaycanın bu işdə həlledici rolu var”, ABŞ dövlət katibi qeyd edib.

Blinken bildirib ki, ABŞ Azərbaycan və Ermənistanı sülh sazişlərinə yaxınlaşdırmağa çalışaraq, diplomatiya yolu ilə buna fəal şəkildə nail olub: “Biz bunu Avropa İttifaqı ilə çox sıx əməkdaşlıqda koordinasiyada etdik və düşünürəm ki, bu, həqiqətən də əlçatandır. Mən təxminən bir həftə əvvəl bu barədə Prezident Əliyevlə danışdım. Hesab edirəm ki, bu, əldə edilə bilər və bu, açıq şəkildə həm Azərbaycanın, həm Ermənistanın, həm də daha geniş regionun maraqlarına uyğundur”.

Azərbaycanlı ekspertlər isə hesab edir ki, Ermənistan Konstitusiyasında dəyişiklik etmədən, Azərbaycana qarşı ərazi iddialarını davam etdirərək sülh sazişi imzalamaq istəyir. İrəvanın bu istəyinə isə dəstək ABŞ tərəfindən verilir. Bu mənada, analitiklərin qənaətincə, həm Mirzoyanın söylədikləri, həm də Blinkenin çağırışı tələsik sülh sazişinin imzalanması niyyətindən qaynaqlanır.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov AYNA-ya müsahibəsində deyib ki, prinsipial məsələ odur ki, sülh sazişi Azərbaycanın maraqlarına uyğun şəkildə imzalansın:

- Azərbaycanın tələbləri, istəkləri sülh sazişində mütləq mənada nəzərə alınmalıdır. Bununla bağlı Azərbaycan lideri konkret mövqe ortaya qoyub. Rəsmi Bakı bəyan edib ki, Ermənistan Konstitusiyasında dəyişiklik edilmədən sülh sazişi imzalanmayacaq. Mirzoyan bəyanatlar verə bilər, amma Azərbaycanın tələbləri ilə bağlı İrəvanın mövqeyini də açıqlasın. Açıqlamır, açıqlayanda isə Bakının şərtlərini qəbul etmədiklərinə eyham vurur. Ermənistan Konstitusiyası dəyişsə, bir aya, hətta 15 günə də sülh sazişi bağlana bilər. Amma biz görürük ki, bu istiqamətdə Ermənistan tərəfi addım atmır.

- ABŞ-ın dövlət katibi Antoni Blinken bu günlərdəki çıxışında bildirib ki, Ermənistan-Azərbaycan arasında sülh indi heç vaxt olmadığı qədər yaxındır. Dövlət katibi tezliklə sülh sazişinin imzalanmasına çağırış edib. Bunu necə qiymətləndirmək olar?

- Görünən odur ki, bizi tələsdirməyə çalışırlar. Bunun da səbəbi məlumdur. Xüsusilə, ABŞ tələsik sülhün imzalanmasında maraqlı görünür. Amma yenə deyirəm, Azərbaycanın mövqeyi qətidir. O da məlumdur ki, ikitərəfli əsasda razılaşmalar var. Hesab edirəm ki, danışıqların nəticələrini hansısa üçüncü tərəf öz adına yazmamalıdır. Hansı nəticələr varsa, bu, ikitərəfli danışıqların nəticəsidir. Eyni zamanda, Azərbaycanın sülhə məcburetmə siyasəti burada rol oynayıb.

- Blinken onu da qeyd edib ki, sülhə bu qədər yaxınlaşma Vaşinqtonun diplomatik addımlarının nəticəsidir. Bu nə qədər haqlı iddiadır?

- Bu, haqsız iddia olmaqla bərabər, yanlış yanaşmadır. Birincisi, Azərbaycan ərazilərinin işğalına özü son qoyub, ərazi bütövlüyünü özü təmin edib. Burada Vaşinqtonun hansı rolundan söhbət gedir?! Açıq və qapalı məlumat mənbələrinin tədqiqi deyir ki, burada ABŞ-ın hansısa rolu olmayıb. Əslində ötən müddətdə Ermənistana himayədarlıq edən, erməniləri qoruyan, erməni millətçilərinin maraqlarını təmin edən dövlətlərdən biri də məhz ABŞ olub. Ötən ilin antiterror tədbirlərinədək biz görürdük ki, Vaşinqton Qarabağdakı ermənilərin “hüquq və təhlükəsizliyi”, “ermənilərin təhlükəsizliyinə qarantiya” məsələlərini gündəmə gətirirdi. Biz ABŞ rəsmilərinin Azərbaycana qarşı əsassız bəyanatlarının kəskin dillə ifadə edilməsinin şahidi olmuşuq. Azərbaycan sülhə qarşı maneələri aradan qaldırdıqca Bakıya qarşı necə təzyiq edildiyini unutmamışıq. Ona görə də, hesab edirəm ki, bu müddətdə Vaşinqtonun sülh prosesinə dəstəyini yox, əslində yubatdığını söyləmək olar.

- Bəlkə Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da keçirilən silsilə görüşlərini nəzərdə tutur?

- Məsələ ABŞ-dakı görüşlərin keçirilməsi və müəyyən detallar üzrə razılaşmada deyil. Əsas məqam sülh sazişi ilə bağlı bazanın yaradılmasıdır. Azərbaycan addım-addım maneələri dəf edir, yeni reallıqlar yaratdı. Vaşinqtonda da təbii ki, bunu görürlər. Başqa yolun qalmadığını anlayan ABŞ imzalanacaq sülh sazişində pay sahibi olmaq istəyir. Tələsik sülh sazişinin imzalanması çağırışlarında da Vaşinqton Ermənistanın maraqlarına xidmət etməyə çalışır. Təəssüf ki, sülh çağırışlarında yenə də Azərbaycanın maraqlarını gözardı etməyə çalışırlar. Bizim İrəvana konkret çağırışımız var ki, Ermənistan Konstitusiyası dəyişsin, orada Azərbaycana qarşı ərazi iddiaları aradan qalxsın, sülh sazişi imzalayaq. Amma Ermənistan tərəfi bundan faktiki olaraq, imtina edir. Mirzoyanın sülhlə bağlı dedikləri də, hesab edirəm ki, ABŞ-dan gələn təlimatın nəticəsidir. Vaşinqton çalışır ki, Ermənistan Konstitusiyasında dəyişiklik olmadan sülh sazişi imzalansın. Bir növ, Vaşinqton yenə də ermənilərdən yana mövqe sərgiləyir. Bəli, Bakı və İrəvan həqiqətən də, sülhə yaxındır, amma Azərbaycanın tələbləri var ki, onlar yerinə yetirilməlidir. Bir dəfə də olsun Vaşinqtondan İrəvana çağırış edilməyib ki, Bakının tələbləri nəzərə alınsın. Əksinə, amerikalı rəsmilər, ekspertlər, diplomatlar, eləcə də avropalı ekspertlər, diplomatlar açıq və qapalı görüşlərdə Bakıya deyirlər ki, “Paşinyanı çox sıxmayın, vəziyyəti yaxşı deyil, referenduma getsə, uduza bilər” və s. Bizə isə tələsik, yarımçıq, sonradan problem yaradacaq sülh sazişi lazım deyil. Ermənistan Konstitusiyası dəyişmədən imzalanan sülh sazişinin axı nə mənası var?!

23 Noyabr 2024 Bakıda COP zolaqları ləğv olunur
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib
20 Noyabr 2024 ADY sədrinin müşaviri COP29 çərçivəsində dəmiryol nəqliyyatında dayanıqlı təşəbbüslərdən danışdı
20 Noyabr 2024 Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
20 Noyabr 2024 İlham Əliyevdən yüksək vəzıfəyə TƏYİNAT
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid edib
20 Noyabr 2024 Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
19 Noyabr 2024 Ərdoğan Trampla dil tapa biləcəkmi: Yaxın Şərq böhranı ABŞ və Türkiyəni amansız rəqiblərə çevirir
19 Noyabr 2024 Sülhlə bağlı yeni tarix - “Gələn yazda...”
19 Noyabr 2024 BMT komitəsi itkin düşmüş şəxslərlə bağlı Azərbaycanın həmmüəllif olduğu qətnamə qəbul edib
18 Noyabr 2024 Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Palau Prezidenti ilə görüşüb

Xəbər lenti