|
Belçika Azərbaycana işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətlərini dəstəkləmək üçün 250 min avro (459 533 AZN-qeyd) ayırıb.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi Qaya Məmmədov "X" səhifəsində qeyd edib.
"Minalar keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə təhlükəsiz qayıtmasına əsas maneədir. Bu yardım insan həmrəyliyinin rəmzi və ikitərəfli münasibətlərimizdə müsbət addımdır”, - diplomat yazıb.
Qeyd edək ki, iyulun 4-5-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti Belçika Krallığında işgüzar səfərdədir.
Səfər çərçivəsində Azərbaycanda mövcud mina probleminin miqyasının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, minaların ətraf mühitə ciddi təhlükə yaratması, azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyəti barədə məlumat verilməsi, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın və dəstəyin genişləndirilməsi məqsədilə bir sıra tədbir və görüşlərdə iştirak nəzərdə tutulub.