Ermənistanın artan Naxçıvan təxribatlarında “Çin məsələsi” - ŞƏRHAzərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri yenidən atəşə tutulub. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 12-si saat 00:15-dən 01:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub: “Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”.

Xəbər verdiyimiz kimi, bundan əvvəl də düşmən təxribata əl atmışdı. Belə ki, sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub.

Beləliklə, sülh bəyanatlarının arxasında gizlənən Ermənistan davamlı şəkildə atəşkəsi pozmaqla təxribatlarını davam etdirir. Xüsusilə də erməni ordusunun son vaxtlar Naxçıvan istiqamətində atəşkəsi pozması və bu kimi təxribatların intensiv xarakter alması, üstəlik, daha uzun müddətdə davam etməsi diqqət çəkir. Təxribatların Naxçıvan istiqamətinə ötürülməsi Ermənistanın burada yeni problemli vəziyyət yaratmaq niyyətində olduğunu göstərir. Təhlilçilərə görə, Naxçıvan istiqamətində atəşkəsin pozulmasına səbəb Zəngəzur dəhlizinin açılmasına əngəl olmaqdır. Zəngəzur dəhlizi ilə bağlı məsələdə dünyanın önəmli ölkələrinin iqtisadi-siyasi maraqları var və Çinlə Britaniyaya qədər uzanan bir iqtisadi maraq bu dəhlizdə özünü tapır. Buna görə də Ermənistan qəsdən Naxçıvan istiqamətində təxribat törətməklə Zəngəzur dəhlizi ideyası ətrafında təhükəsizliklə bağlı problemlərin olmağı haqqında bir fon yaratmağa çalışır.

Son günlər rəsmi Bakı bir neçə dəfə Ermənistana xəbərdarlıq mesajları verib. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və xarici ticarət naziri Xavier Bettel arasında telefon danışığında da mühüm məqamlara toxunulub. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığında iki ölkə arasında əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub. Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı, hazırkı vəziyyəti barədə ətraflı məlumatlandırıb. Ermənistan qanunvericiliyində ölkəmizə qarşı davam edən ərazi iddialarının, habelə bu ölkənin sürətli hərbiləşməsinin bölgədə dayanıqlı sülh quruculuğu prosesinə təhdid törədən əsas amillər olduğu vurğulanıb.

Təxribatların davam etdiyi günlərdə Ermənistanın müdafiə naziri Suren Papikyanın Cənubi Koreyaya səfərə getməsi də diqqət çəkir. Ermənistan hərbi arsenalına yeni silahlar əlavə etməkdə israrlıdır ki, bu da sülhü uzaqlaşdırır. Baş verənlər böyük qonşularımızı da qayğılandırır. Həm də artan gərginlik fonunda Zəngəzur dəhlizinin açılmasının yubanması Bakı ilə yanaşı, Ankara və Moskvada narahatlıq doğurur. Bu arada, Türkiyə və Rusiya rəsmilərinin bir araya gəldiyi, Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin aparıldığı barədə məlumat yayılıb. Sentyabrın 11-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıcı qəbul edib. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti bu barədə xəbər yayıb.

“Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmaq yolları barədə ətraflı fikir mübadiləsi aparılıb. Hər iki ölkənin yanaşmalarının, o cümlədən 3+3 Məşvərətçi Regional Platforması çərçivəsində sıx əlaqələndirilməsinin davam etdirilməsində qarşılıqlı maraqlar ifadə olunub", - deyə məlumatda qeyd olunub.

Heç şübhəsiz, rəsmi İrəvan hərbiləşməni davam etdirməklə, paralel qaydada atəşkəsi pozmaqla münaqişənin miqyasını yenidən böyütməyə də çalışır. Özü də Naxçıvana açılan atəş sıradan məsələ deyil. Məsələ burasındadır ki, 13 oktyabr 1921-ci ildə Türkiyə ilə Azərbaycan, Gürcüstan və Ermənistanın daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası arasında imzalanan Qars müqaviləsinə görə, tərəflər Naxçıvanı Azərbaycanın himayəsi altında Muxtar Respublika kimi tanıyıb. Həmçinin bu müqavilə ilə Naxçıvan Muxtar Respublikasına beynəlxalq hüquqi təminat verilib. Həm də 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi var və Türkiyənin hərəkətə keçməsi an məsələsi ola bilər. Həm də Ermənistan Naxçıvanı hədəfə almaqla bu müqaviləni pozmaqla yanaşı, Türkiyənin müdaxiləsini şərtləndirir. Başqa bir iddiaya görə isə Paşinyan orduya tam nəzarət edə bilmir, çünki atəşkəsin pozulmasında maraqlı olduğu inandırıcı deyil.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan-Azərbaycan şərti sərhədində baş verənlər bu ay ərzində hələ dəfələrlə təkrarlanacaq: “Bunun hansısa ciddi toqquşmalara gətirib çıxaracağını düşünmürəm. Münasibətlərin ən çətin vaxtlarında, Qarabağ məsələsi həllini tapmayanda belə, Ermənistan və ona havadarlıq edənlər Naxçıvan istiqamətində məlum cizgiləri keçməyə cəhd etmədilər və bundan sonra da çətin etsinlər”. Ermənistan ordusu ilə bağlı sensasion faktı açıqlayan polkovnik qeyd etdi ki, bugünlərdə Ermənistan Silahlı Qüvvələrində bir səs-küylü hadisə baş verdi, o da nədənsə bizim mətbuatın diqqətindən kənar qaldı: “Orduda bəzi özbaşınalıqlar edən rəhbər şəxslərdən biri olan 5-ci ordu korpusunun komandiri vəzifəsindən azad edildi. Özü də bu şəxs ötən ilin fevralında general vəzifəsinə elə Paşinyan tərəfindən təqdimat əsasında təyin edilmişdi. Sasun Badasyan adlı polkovnik İrəvandakı rus bazasında olan bəzi rəhbər şəxslərinin sifarişi ilə Azərbaycan-Ermənistan sərhədində bəzi özbaşınalıqlar həyata keçiribmiş. Bu faktın özü bir daha sübut edir ki, həqiqətən də Ermənistan ordusunda çoxlu sayda bölgədə daim gərginliyin yaşanmasına çalışan dövlətlərin maraqlarını təmin edən zabit və gizirlər var. Məhz onlara görə Paşinyan hələ də orduya tam nəzarəti həyata keçirə bilmir”. Ü.Cəfərov əmindir ki, atəşkəs sifarişli hərəkətlər nəticəsində pozulub, pozulur və bundan sonra da pozulacaq: “Baxın, bugünlərdə Moskvada bölgə ilə bağlı saysız-hesabsız fikirlər səsləndi. Eyni vaxtda yenə Azərbaycanın mövqeləri atəşə məruz qaldı. Təsadüfdürmü? Əsla yox. Biz illərdir ki, nə baş verdiyini, niyə baş verdiyini və bu təxribatlarının arxasında kimlərin durduğunu gözəl bilirik. Bu hallar hələ uzun aylar davam edəcək. Aydın məsələdir ki, Ermənistan bu cür təxribatlarla nəyəsə nail olmayacağını gözəl anlayır. Sadəcə, bu hərəkətləri ilə yandaş oyunçulara hansısa şəkildə dəstək olur”.

Hərbi ekspert Ədalət Verdiyev Ermənistan tərəfi Azərbaycan mövqelərini son aylarda intensiv şəkildə atəşə tutmasının səbəbləri barədə bunları bildirib: “Bu təxribatların törədilməsinə əsas səbəb Ermənistanın ABŞ, Fransa və Hindistan tərəfindən silahlandırılmasıdır. Ermənistanın həm Naxçıvan, həm Şərqi Zəngəzur istiqamətində yerləşən bölmələrimizi dəfələrlə atəşə tutması əslində onun növbəti eskalasiya yaratmaq niyyətindən xəbər verir. Hesab edirəm ki, Azərbaycan tərəfi olaraq Ermənistanın bu təxribatlarına qarşı təmkinli davranışımız əks tərəfi daha da cəsarətləndirir. Bir nəfər Azərbaycan əsgərinin yaralanması Ermənistan üçün çox ağrılı və acılı nəticələrə gətirib çıxara bilər”. Ə.Verdiyevin fikrincə, Ermənistan tərəfi öz öhdəliklərini təsdiq edənə qədər Azərbaycan cəzalandırma prosesini davam etdirməlidir: “Azərbaycan Ermənistanın döyüş potensialını bərpa etmək niyyətinin qarşısını almaq üçün təxribatlara düşmənin anlayacağı bir dildə cavab verməlidir. Cavab zərbəsi paralel olaraq Ermənistanın bəyanatlar üzrə öhdəliyini yerinə yetirməsi ilə nəticələnməlidir. Ermənistanın cəzalandırılması epizodik xarakter daşımalı deyil, o, sülhə məcbur edilməlidir. Qarşı tərəf üzərinə götürdüyü öhdəlikləri təsdiq edənə qədər onu cəzalandırma prosesini davam etdirməliyik”.

Politoloq Məhəmməd Əsədullazadə bu fikirdədir ki, Ermənistan tərəfindən Naxçıvanın atəşə tutulması ordu içərisində Zəngəzur dəhlizinin “təhlükəli” olması ilə bağlı yaşanan ajiotajın məntiqi nəticəsidir: “İlk növbədə Nikol Paşinyan orduya tam nəzarət etməli və bu kimi təxribatların qarşısını almalıdır. Ermənistan ordusunda İranın təlimatı ilə hərəkət edən bəzi təxribatçılar da var. Onlar da Tehranın təlimatı ilə Zəngəzur dəhlizinin açılmasıni sabotaj edir. Əgər Naxçıvan istiqamətində təxribatlar çoxalarsa, Azərbaycan hərəkətə keçə bilər. Ümumiyyətlə, dəhlizlərin reallaşmasına bir sıra ölkələrin əngəllər yaratdığı faktdır. Zəngəzur dəhlizi də bu sıradandır. Konkret halda İran çalışır ki, dəhliz açılmasın və bu mənada siyasi təxribatlara əl atır”. Bütün bunlara baxmayaraq, M.Əsədullazadə əmindir ki, Ermənistan hakimiyyəti Zəngəzur dəhlizinin açılmasına gedəcək: “Bu məsələ sülh müqaviləsindən sonraya saxlanılıb. Qeyd edim ki, Çin də bu dəhlizin açılmasında maraqlıdır. Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamədə də Çin Azərbaycana bu məsələdə dəstək verir. Həmçinin dünyanın böyük gücləri, Çinlə yanaşı, Böyük Britaniya da bu məsələdə tam şəkildə Azərbaycanın yanındadır. Rusiya da bu məsələdə Azərbaycanı dəstəkləyir. Çin, Böyük Britaniya dəhlizin təhlükəsizliyində maraqlıdır. Düşünürəm ki, Ermənistan hakimiyyəti də Naxçıvanla bağlı siyasətində korrektlərə edəcək və bu istiqamətdə təxribatlara son veriləcək. Əks halda, proseslər onun əleyhinə çevrilə bilər”.
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib
20 Noyabr 2024 ADY sədrinin müşaviri COP29 çərçivəsində dəmiryol nəqliyyatında dayanıqlı təşəbbüslərdən danışdı
20 Noyabr 2024 Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
20 Noyabr 2024 İlham Əliyevdən yüksək vəzıfəyə TƏYİNAT
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid edib
20 Noyabr 2024 Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
19 Noyabr 2024 Ərdoğan Trampla dil tapa biləcəkmi: Yaxın Şərq böhranı ABŞ və Türkiyəni amansız rəqiblərə çevirir
19 Noyabr 2024 Sülhlə bağlı yeni tarix - “Gələn yazda...”
19 Noyabr 2024 BMT komitəsi itkin düşmüş şəxslərlə bağlı Azərbaycanın həmmüəllif olduğu qətnamə qəbul edib
18 Noyabr 2024 Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Palau Prezidenti ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Leonid Slutski ilə görüşüb

Xəbər lenti