Prezidentin Blinkenə telefonda dediyi o cümlə... - İNCƏLƏMƏSentyabrın 16-da ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Blinken Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayaraq, Amerika Birləşmiş Ştatlarının bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib. O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib. Regionda artıq sülhün mövcud olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, məhz Azərbaycanın səyləri nəticəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin təşəbbüskarının da məhz ölkəmiz olduğunu qeyd edərək bu müqavilənin imzalanması üçün Ermənistanın öz konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına soy qoymasının, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb. Sərhədlərin delimitasiyası məsələsinə toxunan Prezident İlham Əliyev ikitərəfli proses çərçivəsində əldə olunmuş müsbət nəticələri qeyd edib və əsasnamə əsasında bu prosesin aparılacağını bildirib.

Telefon söhbəti zamanı COP29-un ölkəmizdə keçirilməsi məsələsinə toxunulub.

Blinken COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana dəstək göstərdiyini qeyd edərək Azərbaycan ilə ABŞ-ın COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini vurğulayıb.

Bu əməkdaşlıqdan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev COP çərçivəsində iqlim maliyyələşdirilməsi ilə əlaqədar mühüm qərarların qəbul edilməsi ilə bağlı xüsusilə inkişaf etmiş dövlətlər tərəfindən konsensusun əldə ediləcəyinə ümidvar olduğunu deyib.

Telefon danışığı zamanı Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ dövlət katibi Ermənistanın baş naziri ilə də sülh prosesini müzakirə etmişdi.

Prezidentin telefon söhbətində dediyi bir fikir xüsusilə müşahidəçilərin diqqətini cəlb edib. “Məhz Azərbaycanın səyləri nəticəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb”, - deyə Prezident bildirib.

ABŞ sülh prosesində maraqlı olduğunu dəfələrlə vurğulasa da, Ermənistana ən müxtəlif, həm də maddi kanallarla təsir imkanları olsa da, bu istiqamətdə addımları nəzərə çarpmır. Məsələn, İrəvana Minsk Qrupunun buraxılması məsələsində təsir edə bilər.

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli “Yeni Müsavat”a bildirdi ki, dünyanın yenidən bölüşdürülməsi, nüfuz dairələri uğrunda açıq savaş gedir: “Bəzi regionlarda bu silahlı qarşıdurma, digərlərində isə informasiya müharibəsi səviyyəsində üzə çıxır. ABŞ Cənubi Qafqaza nəinki biganə yanaşır, burada baş verənlərə olduqca həssas reaksiya verir. Gürcüstanla münasibətlərdə yaşanan anlaşılmazlıq ABŞ-ı məcbur edir ki, özünün regional maraqlarını Ermənistan vasitəsilə reallaşdırsın. Ona görə də son vaxtlar Qərbin Ermənistana silah-sursat yardımları artır, birgə hərbi təlimlər keçirilir. Açıq şəkildə görünür ki, ABŞ Ermənistanı Qərbə tərəf çəkir. Son vaxtlar baş nazir Paşinyanın və komandasının Avropaya inteqrasiya ilə bağlı bəyanatları da təsadüfi sayıla bilməz. Görünür, ABŞ və Qərb ictimaiyyət üçün açıq olmayan danışıqlarda Ermənistana daha çox vədlər veriblər. İndi Ermənistan rəhbərliyinin BRİKS və digər birliklərə qoşulmaq barədə açıqlamaları ilə Rusiya ilə münasibətlərdə tarazlıq yaratmaq niyyətindədirlər. Bunlar bir yandan Rusiyanı qıcıqlandırmamaq şərtilə, digər tərəfdən Qərbə inteqrasiyanı ləngitmədən aparırlar. Ermənistan rəhbərliyi Qərblə əməkdaşlığa ölkənin sosial, iqtisadi və təhlükəsizlik problemlərinin həlli kimi yanaşırlar. Çox güman ki, həm də Azərbaycan və Gürcüstanı Qərbin maraqlarına zidd mövqe tutan, rusiyapərəst ölkələr kimi təqdim edərək, öz reytinqini qaldırır, lazımlılığını artırır”.

ABŞ-ın dövlət katibi Blinkenin Azərbaycan Prezidentinə zəngi prosesləri nəzarətdə saxlamağa xidmət edir: “Düşünürəm ki, bu zəng daha çox sülh müqaviləsinin Ermənistanın mənafelərinə uyğunluğu və ABŞ-ın maraqlarını qorumağa hesablanıb. Çünki müşahidələr göstərir ki, Ermənistan sülh müqaviləsinin hazırlanması ilə bağlı əvvəlki mövqeyini xeyli dəyişib. Artıq müəyyən şərtlər irəli sürür. Əgər Ermənistanı gizlində müdafiə edən olmasaydı, o reallığa bu qədər zidd mövqe sərgiləyə bilməzdi. Blinken sülh müqaviləsinin imzalanmasını Zəngəzur dəhlizinin açılmasından kənar təsəvvür etmir. Bu prosesdə isə yeganə hədəfi dəhlizə nəzarətin Qərbin əlində olmasıdır. Buna görə də Ermənistanın öz ərazisindəki bütün kommunikasiya və logistika sistemlərinə birbaşa nəzarəti məsələsini müdafiə edir”.

Ekspertin fikrincə, ABŞ düşünür ki, Rusiyanın regionda ayağını kəsmək üçün Azərbaycan böyük üstünlüyə malikdir. Ona görə ABŞ ölkəmizə qarşı təzyiq dilində danışır. Bir tərəfdən sülh prosesini dəstəklədiyini bildirir, digər tərəfdən bunun altında geosiyasi maraqlarını reallaşdırmaq üçün manevrlər edir: “Belə görünür ki, sülh müqaviləsindən danışmaq ABŞ-ın həqiqi maraqlarını pərdələmək üçün lazımdır. Məhz bütün bunlara görə Konqresdə sentyabrın 19-da Azərbaycana qarşı dinləmələr keçirilməsini planlaşdırır. Bu addım həm də Ermənistana siyasi dəstəkdir. Ona görə də Azərbaycan sülh müqaviləsinin hazırlanmasında milli maraqlarından geri çəkilməyəcək”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirib ki, ABŞ dövlət katibinin Bakıya zəngi Vaşinqtonun Bakı ilə İrəvan arasında sülh sazişinin qısa müddətdə, yaxın aylarda imzalanması marağından irəli gəlir: “Blinken tərəflər arasında növbəti görüş təşkil etməyi planlaşdırır. Blinken Nyu-Yorkda işə başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sessiyasının növbəti günlərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək istəyir. Blinken oxşar görüşü ötən il də BMT sessiyası çərçivəsində təşkil etmişdi.

Vaşinqton Rusiya prezidenti Vladimir Putinin avqust ayında Azərbaycana səfərindən sonra Moskvanın Zəngəzur dəhlizinə artan marağından narahat olub. Vaşinqton da bu dəhlizi dəstəkləyir, sadəcə nəqliyyat yolunun Rusiyanın nəzarətində olmasını istəmir. Rusiya hərbçilərinin Zəngəzur dəhlizinə nəzarət etməsi Azərbaycanla Ermənistanın da maraqlarına cavab vermir. Bütün hallarda Vaşinqton qısa müddətdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyirsə, İrəvanı konstitusiyada zəruri dəyişiklik etməyə inandırmalıdır. Prezidentin telefon söhbətində dediyi “Azərbaycanın səyləri nəticəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb” fikri Bakının istənilən halda mövqeyinin daha üstün olması gerçəyidir. Vaşinqton da bu reallığı qəbul etməlidir".
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib
20 Noyabr 2024 ADY sədrinin müşaviri COP29 çərçivəsində dəmiryol nəqliyyatında dayanıqlı təşəbbüslərdən danışdı
20 Noyabr 2024 Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
20 Noyabr 2024 İlham Əliyevdən yüksək vəzıfəyə TƏYİNAT
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid edib
20 Noyabr 2024 Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
19 Noyabr 2024 Ərdoğan Trampla dil tapa biləcəkmi: Yaxın Şərq böhranı ABŞ və Türkiyəni amansız rəqiblərə çevirir
19 Noyabr 2024 Sülhlə bağlı yeni tarix - “Gələn yazda...”
19 Noyabr 2024 BMT komitəsi itkin düşmüş şəxslərlə bağlı Azərbaycanın həmmüəllif olduğu qətnamə qəbul edib
18 Noyabr 2024 Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Palau Prezidenti ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Leonid Slutski ilə görüşüb

Xəbər lenti