İlham Əliyev Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb.

Dövlət başçısının müraciətini Baş nazir Əli Əsədov oxuyub.

Mətndə deyilir:

"Hörmətli Sammit iştirakçıları!

Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Bu gün dünyamızın üzləşdiyi iqlim dəyişmələri, atmosferin və ətraf mühitin çirklənməsi, quraqlıq və səhralaşma, biomüxtəlifliyin itirilməsi, su qıtlığı, ərzaq çatışmazlığı və bu kimi digər qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır.

İqlim böhranı və ekoloji təhlükəsizlik məsələləri dünya dövlətlərinin birgə əməkdaşlığını, beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərinin birləşdirilməsini zəruri edir.

COP tədbirlərində inklüzivlik prinsiplərinə uyğun olaraq nüfuzlu dini liderlərin bir araya gəlməsini, planetimizin taleyi naminə onların narahatlığını və ümumi işə töhfə vermək əzmini yüksək qiymətləndirirəm.

Müxtəlif etiqad və inancların zəngin mənəvi potensialı iqlim dəyişmələrinin yaratdığı ekzistensial problemlərin həllinə təkan vermək imkanına malikdir.

Dünya din xadimləri bu çağırışlarla mübarizədə böyük rol oynaya bilərlər.

COP29-un Azərbaycanda keçirilməsinə yekdilliklə qərar verilməsi ölkəmizin beynəlxalq nüfuzuna yüksək etimadın göstəricisidir və bu, heç də təsadüfi deyildir.

Azərbaycan ekoloji problemlərlə bağlı bir çox konvensiya və sazişlərə qoşulmuş, müxtəlif ölkələrlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmış, bu sahədə çoxşaxəli fəaliyyət proqramları qəbul etmişdir.

Ölkəmizdə ətraf mühitin qorunmasını nəzərdə tutan zəruri qanunvericilik sistemi formalaşdırılaraq səmərəli institusional mexanizmlər və investisiya mühiti yaradılmışdır.

Hazırda “yaşıl enerji” layihələrinin həyata keçirilməsi, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə, ətraf mühitə mənfi təsirlərin qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində mühüm addımlar atılmaqdadır.

Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur.

İqlim dəyişmələri və ekoloji problemlər ilə hamılıqla mübarizə aparmaq üçün dünyada beynəlxalq təhlükəsizliyin, sülh və əmin-amanlığın təmin edilməsi vacib amillərdən biridir.

Ölkəmiz yaxın tarixi keçmişində əsassız ərazi iddialarına məruz qalaraq ədalətsiz müharibəyə cəlb edilmiş, bu qanlı savaşın ağır fəsadlarını yaşamalı olmuşdur.

Siz Azərbaycanın əzəli torpağı olan Qarabağa səfəriniz zamanı Ermənistan tərəfindən 30 illik işğal dövründə törədilmiş ekosid, kultursid və urbisid kimi cinayətkar əməllərin acı nəticələrini əyani şəkildə görmək imkanı qazanacaq, ölkəmizin bölgədə ekoloji tarazlığı bərpa etmək istiqamətində yaşıl iqtisadiyyata, bərpaolunan enerjiyə əsaslanan genişmiqyaslı yenidənqurma işləri ilə bilavasitə tanış ola biləcəksiniz.

Bəşəri problemlərin müzakirə olunduğu Dini Liderlərin Qlobal Sammiti kimi nüfuzlu tədbirlərin Azərbaycanda keçirilməsi artıq ənənə halını almışdır.

İnanıram ki, bu Sammit səmərəli fəaliyyəti ilə ölkəmizin sivilizasiyalararası dialoq məkanı statusunu daha da möhkəmləndirəcək, mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı Prosesi”nə sanballı töhfə verəcək, yaşıl dünya naminə həmrəyliyimiz, müdrik təklif və tövsiyələriniz ümumi hədəflərə çatmağımıza dəstək olacaqdır.

Hörmətli dini liderlər!

Əminəm ki, taleyüklü problemlərə həsr olunmuş Sammit konstruktiv fikir mübadilələri şəraitində keçəcək, COP çərçivəsində dinlərarası əməkdaşlıq platformasının təsisatlandırılması imkanı müzakirə ediləcəkdir. Bunun üçün tolerantlıq və multikulturalizm diyarı Azərbaycan ən uyğun məkandır.

Bir daha sizə ən xoş arzularımı yetirir, bəşəriyyətin gələcəyi naminə xeyirxah fəaliyyətinizdə hər birinizə uğurlar diləyirəm".

19 Aprel 2025 Paşinyan Əliyevin qurduğu yeni Qafqaz düzəni ilə barışdı: Bakı Ermənistanın siyasi sistemini də dizayn edir
18 Aprel 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB
18 Aprel 2025 İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də olublar
18 Aprel 2025 İran Prezıdenti Azərbaycana səfər edəcək
18 Aprel 2025 İlham Əliyev Çavuşoğluya başsağlığı verib
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə - Video
17 Aprel 2025 ABŞ-dən sensasiya: Zəngəzurda müharibə başlasa...
17 Aprel 2025 İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib
17 Aprel 2025 Baş nazir bu hərbçilərlə bağlı qərar imzaladı
17 Aprel 2025 İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib
17 Aprel 2025 Macarıstan Aİ-nin İrəvana hərbi yardım ayırmasına imkan vermədi
17 Aprel 2025 Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
17 Aprel 2025 Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan görüşü olacaq
16 Aprel 2025 Yeni inşa edilmiş dəmir yolları, limanlar Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib
16 Aprel 2025 Prezident: Azərbaycanla Gürcüstan arasında yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır
16 Aprel 2025 Prezident İlham Əliyev: Avropanın enerji təhlükəsizliyini Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil
16 Aprel 2025 Prezident Kavelaşvili ilə təkbətək görüşdü - Fotolar - Yenilənib
16 Aprel 2025 Prezidentin Kavelaşvili ilə təkbətək görüşü keçirilir
16 Aprel 2025 Kavelaşvili Fəxri və Şəhidlər xiyabanlarında - Yenilənib - Fotolar
16 Aprel 2025 Gürcüstan Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Xəbər lenti