İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Baş katib.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Hörmətli cənab Baş katib, Sizi Azərbaycanda bir daha salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Sizin səfəriniz Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək. Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Gördüyünüz kimi, bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var. Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır.

Bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Bu gün bu və digər istiqamətlər üzrə məsələlər geniş müzakirə edildi. Energetika sahəsində imzalanmış sənədlər və apardığımız müzakirələr deməyə əsas verir ki, biz yaxın gələcəkdə bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik. Bu gün bu əməkdaşlıq var və daha çox ticarət əməkdaşlığı formasında aparılır. Ancaq qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edildi. Həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olundu və göstəriş verildi ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar.

Hökumətlərarası Komissiyanın iclasının tezliklə keçirilməsi bu və digər istiqamətlər üzrə mümkün əməkdaşlığı daha da sürətləndirəcək. Komissiya iclası uzun illərdir ki, keçirilmir və əldə edilmiş razılaşma əsasında tezliklə Komissiyanın iclasının keçirilməsi məsələsi öz həllini tapıbdır.

Əfsuslar olsun ki, iqtisadi-ticari istiqamət üzrə ticarət dövriyyəsinin dinamikası Azərbaycanın Vyetnama neft satışından asılıdır. Neft satışı yüksək səviyyədə olanda ticarət dövriyyəsi artır, azalanda azalır. Əlbəttə, biz ticarət dövriyyəmizi daha da balanslaşdırılmış formada görmək istərdik və bunun üçün, təbii ki, qarşılıqlı informasiya mübadiləsi lazımdır. Hansı layihələr ölkələrimizdə həyata keçirilir, investisiya imkanları nədən ibarətdir, qaydalar, qanunvericilik bazası, vergi inzibatçılığı - bütün bu məsələlər biznes dairələri üçün gərək aydın olsun. Belə olan halda əminəm ki, ticarət dövriyyəsi təkcə neft amilindən asılı olmayacaq.

Biz bu gün, eyni zamanda, bərpaolunan enerji növlərinin istehsalı ilə bağlı fikir mübadiləsi apardıq. Mən hörmətli qonağımıza bildirdim ki, Azərbaycanın bu sahədə çox böyük imkanları, potensialı var. İmzalanmış kontraktlar 5 il bundan sonra bizə 6500 meqavat gücündə yeni enerji, təmiz enerji güclərini qazandıracaq və Vyetnam şirkətlərini investisiya qoymağa dəvət etdik. Eyni zamanda, Azərbaycan tərəfinin Vyetnamda bərpaolunan enerji növlərinə sərmayə qoymağa hazır olduğunu bildirdim.

Müdafiə sənayesi sahəsində çox böyük perspektivlər var. Hər iki ölkədə sənayenin bu istiqaməti kifayət qədər inkişaf edib. Burada da səylərin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər.

Bizim beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz də çox ürəkaçandır. Vyetnam bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəkləmişdir və buna görə biz minnətdarıq. Eyni zamanda, biz Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstəririk. Azərbaycan bu təsisata 4 il sədrlik etmişdir və çox gözəl bir iz buraxmışdır. Bu gün Qoşulmama Hərəkatının daha da sanballı təsisat kimi fəaliyyəti hər iki ölkənin marağındadır.

Biz bu gün, eyni zamanda, beynəlxalq hüququn aliliyi haqqında fikir mübadiləsi apardıq və burada da heç bir fikir ayrılığı yoxdur. Bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında - beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır. Bütün mübahisəli məsələlər danışıqlar yolu ilə, sülh yolu ilə həll olunmalıdır.

Yəni bu gün bir çox istiqamətlər üzrə apardığımız müzakirələr əsnasında görürük ki, fikir ayrılığı yoxdur. Əksinə, biz demək olar ki, vahid mövqedən çıxış edirik. Baxışlarımızda da bir çox oxşarlıq var. Baxmayaraq ki, aramızdakı məsafə kifayət qədər uzundur, bizi birləşdirən nəqliyyat infrastruktur layihələri haqqında da bu gün danışdıq. Biz həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti stimullaşdıra bilərik. Bir sözlə, əminəm ki, səfərin çox gözəl nəticələri olacaq. Bizim hörmətli qonağımız ilk dəfədir ki, Azərbaycanda səfərdədir. Səfər vaxt baxımından qısa olsa da, məzmun nöqteyi-nəzərindən kifayət qədər zəngindir. Bu gün bizim işimiz davam etdiriləcək. Sabah da hörmətli Baş katibin səfəri davam edəcək. Əminəm ki, öz vətəninə Azərbaycandan ən xoş təəssüratlarla qayıdacaq.

Bir daha xoş gəlmisiniz, hörmətli cənab Baş katib. Sizə və bütün vyetnamlı yoldaşlarımıza yeni uğurlar, cansağlığı, xoşbəxtlik arzulayıram.

Sonra Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi bəyanatla çıxış etdi.

Baş katib To Lamın bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli xanımlar və cənablar.

Əvvəlcə mən azərbaycanlı dostların səmimi qəbuluna görə cənab Prezidentə dərin təşəkkürümü bildirmək istəyirəm. Cənab Prezident, Vyetnamın ünvanına söylədiyiniz xoş sözlərə və iki ölkə arasındakı münasibətləri belə yüksək dəyərləndirdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Hazırkı səfərim diplomatik münasibətlər qurulduqdan sonra Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana ilk səfəridir. Bu, Azərbaycanla bütün sahələrdə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsində Vyetnamın qətiyyətli olduğunu nümayiş etdirir. Bütün bunlar, öz növbəsində, ölkələrimiz arasında ənənəvi dostluğa və əməkdaşlıq potensialına cavab verir. Biz etimad, dostluq və səmimiyyət şəraitində cənab Prezidentlə uğurlu danışıqlar apardıq və yaxın zamanlarda iki ölkə arasında əlaqələrin strateji istiqamətlər üzrə inkişaf etdirilməsi barədə razılığa gəldik. Şadıq ki, ölkələrimizin münasibətləri Prezident Ho Şi Minin Azərbaycana 1959-cu ildə səfəri ilə başladı.

Onun səfərindən sonra müxtəlif təmaslar və səfərlər olmuşdur. Ölkələrimiz arasında əlaqələr dövlət rəhbərləri və xalqlarımız tərəfindən daim gücləndirilmişdir. Biz siyasi, diplomatik, energetika, müdafiə, ticarət və digər sahələrdə yaxşı nəticələr əldə etmişik. Bu əsasla biz strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı artıq qəbul etdik. Bu isə ölkələrimizin münasibətlərinin tarixində yeni dövr, yeni səhifə açır. Əminəm ki, biz yaxın zamanlarda ikitərəfli münasibətlərimizi dərinləşdirə və genişləndirə biləcəyik, inkişaf naminə üstün cəhətlərimizdən faydalanacağıq.

Birgə Bəyanatda əks olunan müddəaları icra etmək üçün beş məsələni təklif edirəm. Cənab Prezidentin də indicə qeyd etdiyi kimi, birinci məsələ partiya, dövlət, parlament və rayonlar kimi bütün səviyyələrdə əlaqələri və təmasları fəallaşdırmaqdır. İstərdim ki, Vyetnam Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələr fəal olsun, imzalanmış razılaşmalar icra edilsin, mövcud əməkdaşlıq mexanizmlərinin səmərəliliyi artırılsın və yeni mexanizmlərin yaradılması imkanları araşdırılsın. Mən Prezident Əliyevi yaxın zamanlarda Vyetnama səfərə dəvət edirəm. O, artıq dəvətimi qəbul edib.

İkincisi, hökumətlərarası komissiya vasitəsilə ticari-iqtisadi əməkdaşlığı fəallaşdırmaq. Əmtəə dövriyyəsi və sərmayələri artırmaq, iki ölkənin işgüzar dairələrini bir araya gətirmək, energetika, neft və qazla yanaşı, bütün sahələrdə əməkdaşlıq etmək, dəmir yolları, dəniz yolları, kənd təsərrüfatı sahələrində digər əməkdaşlıq imkanlarını araşdırmaq vacibdir.

Biz hökumətlərarası komissiyanın növbəti iclasının tezliklə baş tutması məsələsini nəzərdən keçirəcəyik. Həmin komissiyanın gələcək iclasının nəticələrini səbirsizliklə gözləyirik, çünki o, artıq strateji tərəfdaşlıq əsasında həyata keçiriləcək.

Üçüncüsü, biz müdafiə və təhlükəsizlik sahələrində əlaqələri fəallaşdırmalıyıq, informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq və kibercinayətkarlıqla mübarizə sahələrində münasibətlərimizi inkişaf etdirməliyik.

Dördüncüsü, mədəniyyət, idman və turizm, təhsil, xalqlararası təmaslar və regionlar sahələrində əməkdaşlığı genişləndirməliyik. Biz məşqlər, idman yarışlarının təşkili sahəsində təcrübə mübadiləsi barədə razılığa gəldik, eləcə də turizmi təşviq edəcəyik, tələbələri sizin güclü olduğunuz ixtisaslara yiyələnmək üçün göndərəcəyik. Xalqlararası təmaslara gəldikdə, istərdim ki, Dostluq Cəmiyyəti yaradılsın.

Beşincisi, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparmalıyıq və BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Toplantısı kimi təşkilatlarda bir-birimizi dəstəkləməliyik.

Biz, həmçinin sülhsevər yanaşmanı dəstəklədiyimizi qeyd etdik. Biz mübahisələrin dinc yolla həllini, beynəlxalq hüquqa, o cümlədən BMT-nin 1982-ci il tarixli Dəniz Hüququ Konvensiyasına uyğun olaraq, gücdən istifadə etməmək və onun istifadəsi ilə hədələməmək kimi prinsiplərin vacibliyini bildirdik. Əminəm ki, iki ölkə rəhbərlərinin qətiyyəti ilə ikitərəfli münasibətlərimiz bundan sonra da xalqlarımızın rifahı, eləcə də regionda və dünyada sülh, sabitlik və əməkdaşlıq naminə inkişaf edəcək.

***

Mayın 7-də Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə mübadiləsi mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ı qəbul etdilər.

“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Vyetnamın sənaye və ticarət nazirinin müavini Nguyen Hoang Long mübadilə etdilər.

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Milli Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Vyetnamın milli müdafiə naziri Phan Van Giang mübadilə etdilər.

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Ədliyyə Nazirliyi arasında 2025-2027-ci illər üçün Əməkdaşlıq Proqramı”nı Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov və Vyetnamın ədliyyə naziri Nguyen Hai Ninh mübadilə etdilər.

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və “PetroVietnam” Şirkətinin Müşahidə Şurasının sədri Le Mahn Hung mübadilə etdilər.

“SOCAR Trading Singapore PTE LTD” ilə “Binh Son Refining and PetrochemicaI JSC” arasında Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Binh Son Refining” Şirkətinin Müşahidə Şurasının sədri Bui Ngoc Duong mübadilə etdilər.

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Elm və Texnologiya Nazirliyi arasında elm, texnologiya, innovasiya və rəqəmsal inkişaf sahələrində Anlaşma Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Vyetnamın elm və texnologiya naziri Nguyen Manh Hung mübadilə etdilər.

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Mədəniyyət, İdman və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Vyetnamın mədəniyyət, idman və turizm naziri Nguyen Van Hung mübadilə etdilər.

Səfər çərçivəsində, həmçinin “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Vyetnam Dövlət Qeydiyyatı və Arxiv İdarəsi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə Vyetnam İnformasiya Agentliyi arasında əməkdaşlıq Sazişi” və “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Vyetnam Sosialist Respublikasının Milli Sahibkarlıq Assosiasiyası (VİNEN) arasında Birgə Biznes Şurasının yaradılması haqqında Anlaşma Memorandumu” imzalanıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mayın 7-də “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında "Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ı qəbul ediblər.

Bu barədə “Report”un tədbirdə olan əməkdaşı xəbər verir.

***

Azərbaycan və Vyetnam arasında birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə birgə mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, görüş çərçivəsində bu iclasın yaxın gələcəkdə keçirilməsi ilə bağlı razılığa gəlinib:

“Uzun illərdir komissiyanın iclası keçirilmir və bu iclas yaxın dövrdə baş tutacaq”.

***

Azərbaycan ilə Vyetnam arasında mayın 7-də imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Sosial Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə mübadiləsi mərasimi keçirilib.

Bu barədə “Report”un tədbirdə olan əməkdaşı xəbər verir.

***

Azərbaycan Prezidenti İlham Əliyevin mayın 7-də Vyetnam Sosialist Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə geniş tərkibdə görüşü olub.

“Report” xəbər verir.

***

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin (MK) Baş katibi To Lamla geniş tərkibdə görüşü başlayıb.

***

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin (MK) Baş katibi To Lamla məhdud tərkibdə görüşü başa çatıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə məhdud tərkibdə görüşü başlayıb.

08 May 2025 Netanyahunun Bakıya gəlməməsinin ilginc səbəbi – Bir gün öncə nə baş verib?
07 May 2025 İlham Əliyevin Moskva səfərinin təxirə salınmasının səbəbləri məlum olub
07 May 2025 İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılmayacaq
07 May 2025 İrandan Azərbaycana yeni dəhliz təklifi
07 May 2025 Bağdadda İraq və Azərbaycan XİN başçılarının geniştərkibli görüşü olub - YENİLƏNİB
07 May 2025 Səfir: Azərbaycanın Pakistana davamlı dəstəyini çox yüksək qiymətləndiririk
07 May 2025 Rəsmi Bakıdan Hindistanla Pakistana - Çağırış
07 May 2025 Milli Məclisin xüsusi iclası keçiriləcək
07 May 2025 Ceyhun Bayramov İraqa rəsmi səfərə yola düşüb
07 May 2025 Tramp Putinlə deyil, Ərdoğanla strateji tandem qurur: Türkiyə və ABŞ yeni qlobal qütb yaradır
07 May 2025 Tehrandan Bakıya “vasitəçilik” mesajı - İran əslində nə istəyir?
06 May 2025 Prezident müsahibə verdi
06 May 2025 Azərbaycan və İran beyin mərkəzləri memorandum imzalayıb
06 May 2025 Azərbaycan Prezidenti Belarusun Baş nazirini qəbul etdi - FOTOLAR
06 May 2025 Sülh oyunu Ermənistan ordusunu bitirəcək
06 May 2025 “Şəhidlər ölməz, vətən bölünməz” - Hərbçilərimiz Moskva küçələrində-Video
05 May 2025 Prezident məscidlə bağlı sərəncam imzaladı
05 May 2025 Rusiyaya Azər Badamovdan başqa, hansı deputatlar gedib?
05 May 2025 Badamov deport edildi: Prezident Moskvaya getməyə bilər?
03 May 2025 İlham ƏIiyev həmkarını təbrik etdi

Xəbər lenti