|
Belə bir şey olmayıb.
Əgər olsaydı, konsulluq belə bir hadisəyə reaksiya verməyə bilərdimi? Bu böhtandır və sifarişli yalandır.
Bu sözləri Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Qasımov Sultan ərik yeşikləri içində Ermənistanda olan azərbaycanlı əsirlərin Peterburqdakı həmyerlilərinə məktub göndərməsi və məktubun Sankt-Peterburqdakı Baş Konsulluğa verilməsi haqda məlumatı Axar.az-a şərh edərkən deyib.
“Məsələ burasındadır ki, bu uydurmadır. Azərbaycanın Peterburq Konsulluğunda üç konsul, bir baş konsul fəaliyyət göstərir. Heç bir konsula belə bir məktub çatdırılmayıb. Konsulluğun təhlükəsizlik video- kameralarındakı bütün materiallar incələnib. Belə bir insan gəlməyib və məktub da yoxdur. KİV vasitəsilə mən bu iddianı irəli sürən şəxsə müraciət edib özünü təqdim etməsini rica edib, onu konsulluğa dəvət etmişəm.
Bu nağıldır. Azərbaycanlı satıcıların Ermənistandan gələn məhsullarla nə işi var?” - Baş konsul bildirib.
Xatırladaq ki, bir müddət öncə Sankt-Peterburqda yaşayan bir azərbaycanlının Yutub sosial şəbəkəsində yayılan səs yazısı narahatlıqla qarşılanmışdı. Səs yazısında azərbaycanlı Sankt-Peterburqun Sofiyski bazarına Ermənistandan daxil olan ərik yeşiklərinin içərisində bir zərf tapıldığını bildirmişdi. İddiaya görə, zərfi Ermənistanda əsirlikdə saxlanılan azərbaycanlı yazıb. O, Ermənistanda necə dözülməz şəraitdə saxlandıqlarını, işgəncələrə məruz qaldıqlarını bildirir və kömək istəyirmiş.
Məktubun fotosu və digər təsdiqləyici faktların olmadığını bildirən şəxsin iddiasına görə, məktub guya Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğuna təqdim edilib.