|
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasından COVİD-19-dan əziyyət çəkən 1945-ci il təvəllüdlü Şıxəliyeva Nuriyyə Əlisəttar qızının nəvəsi Nurlan Əhmədlinin şikayəti ilə bağlı məsələyə açıqlama verilib.
Stansiyanın baş həkimi Rauf Nağıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sözügedən məsələdə problem təcili yardıma yox, xəstəxanaya aiddir. Belə ki, təcili yardım briqadası boş çarpayıların sayı haqda siyahı əsasında pasiyenti xəstəxanaya çatdırıb:
“Bizim briqada xəstəni aparır qəbul etmirlər. Əziyyət çəkən təcili yardım olur. Məsələ ondadır ki, həmin gün məndə əlimdə cədvəl var. Ayın 18-i saat 20:00-da apardığımız M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasında mövcud 100 çarpayıdan 21-i sərbəst olub. Reanimasiya çarpayılarından 20-dən biri sərbəst olub. Həmin gün 20:47-də briqada xəstəxanaya çatıb, xəstəni qəbul etmək istəməyiblər. Orada da vətəndaş narazı qalıb ki, xəstə niyə qəbul olunmayıb.
Məsələ ondadır ki, hər 3 saatdan bir TƏBİB tərəfindən bizə Covid-lə məşğul olan müəssisələrin çarpayıları haqda məlumat göndərilir. Biz də o məlumata istinad edərək xəstələri böyük çətinliklə xəstəxanalara yerləşdiririk. Baxmayaraq ki, sərbəst yerlər verirlər və hər dəfə biz xəstəni aparanda orada böyük problemlərlə rastlaşırıq. Gah deyirlər siyahıda adı gəlməyib, gah deyirlər TƏBİB yer vermədi. Belə məsələlərlə üzləşirik, briqadalarımız saatlarla qapılarda qalır.
Məndə kifayət qədər o barədə görüntülər də var. Həkimlər özlərini sübut eləmək, haqlı olduqlarını təsdiq etmək üçün o görüntüləri çəkiblər. Biz hər birimiz xəstə naminə çalışırıq. Hər bir xəstə də kənarda qaldıqca kifayət qədər insanları yoluxdura bilər. Ona görə də yaranan problemlər bilavasitə təcili yardımın yox, ümumxalq əleyhinə işə çevrilir. Mən bilmirəm yalandan kim hansı mövqedən bu işləri edir. Ancaq biz çalışırq ki, vəzifə borcumuzu kifayət qədər problemsiz yerinə yetirək. Təəssüflər olsun ki, bəzən ona imkan vermirlər.
Əlimdə sənəd-cədvəl var və o sənəd təcili yardım xidmətinin haqlı olmağını bir daha sübut edir.
Mənim borcum xəstəni xəstəxanaya yerləşdirməkdir. İşi kimsə düzgün təşkil etmirsə, bu mənim problemim deyil. Mən vəzifə borcumu yerinə yetirirəm”.
R.Nağıyev xəstələrin saatlarla xəstəxanalara qəbul edilmədiyini deyib:
“Xəstənin təkcə 40 dəqiqə yox, saatlarla da gözlədiyi olub. Biz elə olub ki, 6 saat xəstəni yerləşdirə bilməmişik. Maşına oksigen balonları daşımışıq ki, xəstə boğulur, biz hələ onu yerləşdirə bilməmişik. Bu problem bugünkü problem deyil. Çarpayının qoyulması düzgün idarə olunmayanda, hesabat düzgün verilməyəndə, hər hansı səbəbdən maneə yaradılırsa, tədbir görülmürsə, bu təcili yardımın yox, xəstəxananın günahıdır”.
Xatırladaq ki, COVİD-19-dan əziyyət çəkən 1945-ci il təvəllüdlü Şıxəliyeva Nuriyyə Əlisəttar qızının nəvəsi Nurlan Əhmədli bildirib ki, 3 gündür evdə ambulator müalicə alan nənəsinin vəziyyəti ağırlaşdığı üçün Təcili Tibbi Yardıma müraciət ediblər. M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasından əvvəlcə boş yerin olduğu bildirilsə də, 40 dəqiqə gözlədikdən sonra əksini deyiblər. Bu səbəbdən N.Şıxəliyevanın vəziyyəti daha da ağırlaşıb.