|
2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları sonda tarixi qələbə ilə nəticələndi. Vətən müharibəsi dövründə demək olar ki, hər gün kəndlərin, qəsəbələrin, şəhərlərin işğaldan azad olunması xəbəri gəlirdi. Ötən ilin məhz bu günü Azərbaycan xalqını sevindirən xəbərlərdən biri də Hadrut qəsəbəsinin işğaldan azad olunması idi. Artıq bu gün Azərbaycan xalqı 28 il düşmən işğalı altında olan Hadrut qəsəbəsinin işğaldan azad olunmasının birinci ildönümünü qeyd edir. Ötən il Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuzun keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində Hadrut qəsəbəsi işğalçılardan təmizləndi və bununla da Müzəffər Azərbaycan Ordusu 28 illik həsrətə son qoydu. Hadrutun geri alınması uğrunda gedən döyüşlər Azərbaycan Ordusunun həyata keçirdiyi möhtəşəm əməliyyatlardan biri olub.
Yol-xeber.az xəbər verir ki, Hadrut uğrunda gedən əməliyyatda iştirak edən döyüşçülər “Report”a açıqlamasında deyiblər ki, qəsəbənin azad edilməsi müharibənin taleyini həll edən əməliyyatlardan biri olub. Çünki Azərbaycan Ordusu məhz Hadrutun azad olunmasından sonra Şuşaya doğru istiqamət alıblar.
Qazi Qorxmaz Teymurlu deyir ki, Hadruta daxil olmaq çox çətin əməliyyatlar nəticəsində mümkün olub. Onun sözlərinə görə, döyüş yoldaşları ilə birlikdə keçilməz yollardan, dağlardan və kolluqlardan irəliləyərək qəsəbəyə daxil olublar: “Biz Hadrutu qarış-qarış geri almışıq və düşmən tapdağından azad etmişik. Bunlar hamısı yadda qalan günlərdir. Ötən ilin bu günləri hərbçi yoldaşlarımızla bu torpaqlarda döyüşürdük. Gücümüz isə tükənməz idi və buna görə də ordumuz hər gün daha da irəliləyirdi”.
Q.Teymurlu bildirir ki, döyüşlərin şiddətli vaxtında ən yaxın dostlarından biri şəhid olub. Onun sözlərinə görə, dostunun şəhid olması ona daha da güc və qüvvət verib. Buna görə də, şəhid dostunun qisasını almaq üçün özünə söz verib: “Təsəvvür edin ki, hər zaman bir yerdə olduğunuz döyüş yoldaşınız gözünüzün önündə şəhid olur. Biz o zaman özümüzə bir daha söz verdik ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Belə də oldu, Allaha çox şükürlər olsun ki, qisasımızı da aldıq, torpaqlarımızı da aldıq”.
Azərbaycan Ordusunun polkovnik-leytenantı Firuz Bədəlov isə söyləyir ki, Hadrut düşməndən təmizləndikdən sonra qəsəbədə mövqe tutublar və ətrafdakı hakim yüksəkliklərin müdafiə və mühafizəsini təşkil ediblər:
“Bizim bölmələrimiz Hadruta girdikdə düşmən çaxnaşmaya düşmüşdü. Çünki onlar bizim bölmələrimizin hansı istiqamətdən girəcəyini müəyyən edə bilmirdilər. Biz demək olar ki, bütün cinahlardan qəsəbəyə daxil olmuşduq. Onlar isə elə düşünürdü ki, sanki, Azərbaycan Ordusu onların müqavimətinə rast gəldikdən sonra dayanacaq. Amma təbii ki, əməliyyat onların gözlədikləri kimi olmadı. Çünki Azərbaycan Ordusunun döyüşçüləri çox güclü, qorxmaz, peşəkar və qüdrətlidir. Ona görə də ermənilər Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilməyərək Hadrut-Tuğ yolu vasitəsilə pərakəndə şəkildə öz texnikalarını, silah-sursatlarını qoyub qaçırdılar”.
Xüsusi Təyinatlı Qüvvələrin zabiti isə bildirib ki, Hadrut istiqamətində çox güclü döyüş əməliyyatları həyata keçirilib. Onun sözlərinə görə, istənilən çətinliyə baxmayaraq qarşıda qoyulan məqsəd tapşırıqları icra etmək və torpaqları azad etmək olub: “Çünki qarşımızdakı məqsəd Hadrutu düşməndən azad etmək idi. Buna görə də cənab Ali Baş Komandanın əmri ilə bütün gücümüzü ortaya qoyduq və verilən bütün tapşırıqları yerinə yetirərək Hadrutu işğaldan azad etdik. Biz həm də şəhidlərimizin də qisasını aldıq”.
Hərbi ekspert Ruslan İmamquliyev bildirir ki, Hadrutun yerləşdiyi ərazinin relyefi dağlıq olduğundan burada döyüş əməliyyatları da çətin keçib. Çünki yüksək strateji nöqtələrdə mövqe tutan düşmən özünü çox rahatlıqla müdafiə edə bilirdi. Belə bir dağlıq yerdə əks-hücum əməliyyatları aparmaq isə çox çətin prosesdir: “Bunu düşmən də bilirdi. Amma buna baxmayaraq Rəşadətli Azərbaycan Ordusunun qarşısında tab gətirməyən düşmən geri çəkilməyə məcbur edildi. Azərbaycan Ordusu Şişdağ silsiləsini aşaraq düşmənə hücum etdi. Şişdağ silsiləsini keçmək də asan məsələ deyil. Çünki söhbət 1300-1400 metr yüksəkliyi aşmaqdan gedir. Bu dağ silsiləsini isə ancaq və ancaq çox hazırlıqlı, bacarıqlı piyada qoşunları, xüsusi təyinatlı qüvvələr, ordu korpuslarının həmlə və kəşfiyyat taborları aşa bilərdi və elə də oldu. Beləliklə, əməliyyat uğurla icra olunduqdan sonra Hadrut işğaldan azad olundu”.
Rəşadətli Azərbaycan Ordusu Hadrutu azad etdikdən sonra düşmən uğursuzluğuna dözə bilməyərək qoca və çəlimsiz ermənilərdən düzəltdikləri “müzəffər” ordularında ruh yüksəkliyi yaratmaq üçün guya qəsəbənin hələ də onların nəzarətində olduğu barədə dezinformasiyalar yayırdılar.
Onların başı yaydıqları yalan dolu məlumatlara qarışdığı halda Azərbaycan əsgəri hər gün neçə-neçə kənd və şəhərləri azad etməkdə davam edirdi. Elə bu davamiyyət sonda böyük bir zəfərin qazanılmasına gətirib çıxardı.