|
Martın 24-də saat 19:00-dan 22:00-dək Bakının bir neçə məşhur tikililəri, o cümlədən Bakının ən möhtəşəm və sirli tarixi-memarlıq abidəsi olan Qız Qalası qırmızı rənglə işıqlandırılacaq.
“Məqsəd diqqəti vərəmlə mübarizəyə yönəltməkdir. Hər il Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar dünyanın ayrı-ayrı şəhərlərində yerləşən tarixi memarlıq tikililərinin, əhəmiyyətli binaların “qırmızı rəngə” boyanması aksiyası keçirilir. Bununla da, vərəmdən əziyyət çəkən insanların ağrı və çətinliklərinə diqqət çəkiləcək və onlarla həmrəylik nümayiş olunacaqdır.
1982-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri ilə Mübarizə İttifaqı vərəmin törədicisi olan Kox çöplərinin aşkar edilməsinin 100 illiyi münasibətilə həmin günü təsis ediblər. Vərəm hava-damcı yolu ilə yayılan xəstəlikdir. Hər il dünyada 10 milyondan çox insan vərəmə yoluxur və 1.5 milyon insan vərəmdən dünyasını dəyişir. Dünyada hər 1 dəqiqədə 3 insan vərəm səbəbiylə həyatını itirir. ÜST dünya dövlətlərini investisiyanı artırmaqla vərəmə son qoymağa çağırır.