|
Səhiyyə Nazirliyi karantin məhdudiyyətlərinin ləğv edilməsi məsələsinə münasibət bildirib.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov APA-nın sorğusuna cavab olaraq deyib ki, hazırda qüvvədə olan qadağaların aradan götürülməsi məsələsinə çox ehtiyatlı yanaşmaq və vaksinasiya prosesini davam etdirmək lazımdır.
O qeyd edib ki, epidemioloji proses hazırda nəzarət altındadır: “Biz bilirik ki, pandemiya xəstəliyin dalğa şəklində alovlanması ilə müşayiət olunur və adətən hər növbəti dalğanı virusun mutasiya olmuş yeni ştammı törədir.
Əksər qadağaların götürüldüyü bəzi ölkələrdə yenidən yoluxma hallarının sayında artım müşahidə olunur və mütəxəssislərin fikri ondan ibarətdir ki, bu məsələdə tələskənliyə yol vermək düzgün deyil”.
Təyyar Eyvazov əlavə edib ki, bəzi ölkələrdə omikron ştammının “gözəgörünməz” adlanan yeni versiyası sürətlə yayılaraq daha çox insanın yoluxub xəstələnməsinə səbəb olur:
“Ancaq virusun sonuncu ştammının dövr etməsi zamanı yoluxma hallarının sayında sıçrayışlı artımlar müşahidə olunsa da, xəstəxanaya yerləşdirilmə faizi bir o qədər də artmır, yəni xəstəlik əsasən yüngül keçir və xəstələrin əksəriyyəti evdə müalicə aldığından stasionar xidmət çox da yüklənmir. Bu isə daha çox yumşalmalara getməyi mümkün edir.
Bunları nəzərə alaraq hesab edirəm ki, hazırda qüvvədə olan qadağaların aradan götürülməsi məsələsinə çox ehtiyatlı yanaşmaq və vaksinasiya prosesini davam etdirmək lazımdır”.