|
Hazırda Xankəndi şəhəri təbii qazla təmin olunur.
“Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Yeni Qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov deyib.
Onun sözlərinə görə, Xankəndi şəhərinə gedən qaz xətti üzərində Azəriqaz İB tərəfindən təmir-bərpa işləri aparılıb və hazırda təbii qazla təmin olunur.
“Növbəti mərhələlərdə o ərazilərdə qaz infrastrukturununun Azərbaycan dövləti tərəfindən daha ideal formada müasir tələblərə cavab verməklə tam yenidən qurulacağı nəzərdə tutulur. Eləcə də, Xankəndi şəhərinin qaz təchizatı sisteminin yenilənəcək. Bu infrastrukturdan Azərbaycan vətəndaşları yararlana biləcək”, - deyə T. Cəfərov əlavə edib .
Qurum rəsmisi vurğulayıb ki, Xankəndi, Şuşa, Ağdam, Füzuli şəhərləri Qarabağ iqtisadi rayonuna daxildir və Xankəndi daxil olmaqla işğaldan azad olunmuş ərazilər Azərbaycanın suveren ərazisidir. Burada da qaz infrastrukturunda işlər Azərbaycan tərəfindən görülə bilər. 1980-ci illərdə bu ərazilər Azərbaycan tərəfindən qazlaşdırılsa da, işğal dövründə kommunikasiyaların böyük qismi dağıdılmışdı.