|
Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Molekulyar biomühəndislik beynəlxalq laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Tərlan Məmmədovun “Bitkidə sintez edilən COVID-19 peyvəndlərinin və terapevtik zülalların istehsalı və preklinik qiymətləndirilməsi” mövzusuna həsr olunmuş onlayn seminarı keçirilib.
"Seminarda AMEA-nın Biologiya və Tibb Elmlər Bölməsinə daxil olan elmi tədqiqat institutlarının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, eləcə də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) elmi müəssisələrinin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova bugünkü seminarın koronavirusla mübarizə kimi bütün dünya üçün əhəmiyyətli bir problemin həllində mühüm rola malik olan və böyük aktuallıq kəsb edən vaksinlərin hazırlanması məsələlərinə həsr olunduğunu bildirib.
O, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun Azərbaycanda “Molekulyar biologiya” ixtisası üzrə ilk doktorluq dissertasiyası müdafiə edən alimlərimizdən olduğunu və dünyanın bir çox aparıcı universitetlərində, elmi mərkəzlərində bu sahədə böyük təcrübə keçdiyini diqqətə çatdırıb.
Vitse-prezident professor Tərlan Məmmədovun ABŞ-da vaksinlərin hazırlanması işlərində yaxından iştirak etdiyini, çoxsaylı patentlərin və məqalələrin müəllifi olduğunu vurğulayıb. Əlavə edib ki, azərbaycanlı alim, həmçinin Türkiyədə TÜBİTAK tərəfindən maliyyələşən yüksəkrəqabətli qrant layihələrinin reallaşdırılmasında ekspert kimi iştirak edir, bu fonddan alının bir çox layihələrin rəhbəridir. Alim vaksinlərin hazırlanması üzərində geniş tədqiqatlar aparır. Akademik İradə Hüseynova qeyd edib ki, Tərlan Məmmədovun hazırladığı vaksin Ümumdünya Səhiyyə Təşkilatının prekliniki mərhələdə olan vaksinlər siyahısına daxil edilib və bu istiqamətdə alınmış nəticələr 2021-ci ildə 3 nüfuzlu jurnalda dərc olunub.
AMEA-nın vitse-prezidenti Azərbaycanın koronavirusla mübarizədə öndə gedən ölkələrdən biri olduğunu bildirib. O, bu istiqamətdə dövlət başçısı tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, vətəndaşların sağlamlığının qorunmasına göstərilən diqqət nəticəsində bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda əhalinin vaksinasiya təminatı ilə bağlı problemlərin olmadığını diqqətə çatdırıb. Akademik İradə Hüseynova Azərbaycanda yerli vaksinlərin hazırlanması məsələsinin zəruriliyinə toxunub, bu istiqamətdə ölkə alimlərinin böyük potensiala malik olduğunu qeyd edib.
Daha sonra AMEA-nın müxbir üzvü, professor Tərlan Məmmədovun “Bitkidə sintez edilmiş COVID-19 peyvəndlərinin və terapevtik zülalların istehsalı və preklinik qiymətləndirilməsi” mövzusunda məruzəsi dinlənilib.
Alim İkinci Dünya müharibəsindən sonra bəşəriyyətin ən böyük böhranı kimi qiymətləndirilən koronavirus pandemiyasına səbəb olan SARS-CoV-2 virusu ilə yeganə mübarizə üsulunun vaksinasiya olduğuna diqqət çəkib.
O, hazırda dünyada koronavirus əleyhinə yaradılmış vaksinlərin hazırlanma texnologiyası haqqında məlumat verib, müvafiq işlərə 20 nəfərdən ibarət komandası ilə pandemiyanın ilk günlərindən etibarən başladığını deyib.
Professor Tərlan Məmmədov yeni növ koronavirusun RNT genomlu olduğu üçün onun mutasiyaya uğrayacağının öncədən gözlənilən olduğunu və bu səbəbdən vaksin hazırlanmasında bu mutasiyaların neqativ effektini nəzərə alaraq dizayn etdiyini vurgulayıb.
Məruzəçi SARS-CoV-2-nin xüsusiyyətləri barədə danışaraq qeyd edib ki, yeni Omikron variantı Vuhan ştammı ilə müqayisədə 60-dan çox mutasiya daşıyır və bu mutasiyaların 36-sı Spike (S) zülalının ardıcıllığında aşkar edilib: “Lakin Nukleokapsid (N) zülalının ardıcıllığı daha çox qorunub saxlanılır. Bu səbəbdən mutasiyaların mənfi təsirlərini nəzərə alaraq dünyada ilk dəfə bizim tərəfimizdən N və S proteininin RBD (receseptor binding domen) qarışığından ibarət antigen kokteyl (N+RBD) peyvəndinin hazırlanması həyata keçirilib”.
Tərlan Məmmədov COVID-19-a qarşı iki RBD əsaslı və bir kokteyl əsaslı peyvənd hazırladıqlarını qeyd edib. Alim bu peyvəndlərin Delta və Omikron (60-dən çox mutasiyası olan) variantlarına qarşı çox effektiv olduğunu və ümumiyyətlə, gələcəkdə ortaya çıxacaq bütün mutasiyalara qarşı dayanıqlı ola biləcəyini vurğulayıb.
“1 kq Nicotiana benthamiana bitkisindən 25 milliqrama kimi, başqa sözlə, 5 min insana kifayət edəcək qədər kokteyl peyvənd hazırlanması mümkündür. Bu vaksin üzərində işlər başa çatdıqda onu “Qarabağ” adlandırmağı düşünürük”, - deyə professor Tərlan Məmmədov əlavə edib. Onun sözlərinə görə, rəhbərlik etdiyi komanda bu vaksinlərin hazırlanmasında özlərinin təkmilləşdirdikləri texnologiyanı tətbiq edib və hazırda bununla bağlı bir neçə patentə müəlliflik edir.
Alim rəhbərlik etdiyi komanda ilə birgə COVID-19-a qarşı hazırladığı universal terapevtik protein – SARS-CoV-2 reseptoru olan rekombinant ACE2 əsaslı dərman barədə də məlumat verərək, onun virusla mübarizədə, xüsusilə yüksək təzyiqi olan insanların COVID-19-a qarşı müalicəsində effektiv olduğunu diqqətə çatdırıb. Məruzəçi qeyd edib ki, bu dərman inyeksiya və ya burun spreyi kimi istifadə edilə bilər. O, bildirib ki, bu istiqamətdə əldə olunmuş nəticələr molekulyar biotexnologiya sahəsində “Nature” jurnalından sonra ən tanınmış jurnal olan “Frontiers in plant science”də (impakt faktor - 5.753) dərc olunub.
Professor Tərlan Məmmədov çıxışının sonunda, həmçinin Akdeniz Universitetində quduzluq və malyariya əleyhinə vaksinlər hazırladıqlarını və bu vaksinlərin insanlar üzərində sınaq mərhələsində olduğunu bildirib.