Vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsinin qanunçuluq, könüllülük, şəffaflıq, pluralism və bərabərlik prinsipləri ilə həyata keçirilən mütərəqqi, demokratik üsullarından olan İctimai iştirakçılığın formalarından biri kimi, qanunla nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumlar olan ictimai şuralar artıq özlərini doğrultmaqdadırlar. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti (RİH) yanında yaradılmış İctimai Şuranın fəaliyyəti təqdir olunmaqla, ölkəmizdəki analoji təsisatlara nümunə kimi göstərilə bilər. Səhifəmizin qonağı Nəsimi RİH yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanovdur.
– Xoş gördük Sizi, Eltun müəllim. İlk növbədə bizə vaxt ayırdığınıza görə Sizə təşəkkürümü bildirirəm. Əminəm ki, söhbətimiz kifayət qədər maraqlı olacaq və oxucularımız da bu müsahibədən istər Nəsimi Rayonu İcra Hakimiyyətinin, istərsə də təmsil etdiyiniz İctimai Şuranın fəaliyyətinə dair onların diqqətini cəlb edəcək bir çox faydalı məlumatlar əldə edə biləcəklər.
– Xoş gününüz olsun. Əslində mən Sizə öz minnətdarlığımı bildirməliyəm. Adından da göründüyü kimi, təmsil etdiyim qurum ictimai təsisatdır. Bu da o deməkdir ki, biz mütəmadi olaraq vətəndaşları fəaliyyətimiz barədə, daha dəqiq desəm, Nəsimi Rayon İcra Hakimiyyətinin fəaliyyəti barədə ətraflı məlumatlandırmalıyıq. Əlbəttə, İcra Hakimiyyətinin rəsmi saytında görülən işlər barədə mütəmadi olaraq məlumatlar, açıqlamalar təqdim olunur. Amma istənilən halda, canlı ünsiyyətdən doğan fikir mübadiləsi tam fərqli təəssüratlar yaradacaq. Odur ki, buyurun, məmnuniyyətlə suallarınızı cavablandırmağa hazıram.
– Eltun müəllim, ilk növbədə Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın formalaşması prosesi barədə bir qədər ətraflı məlumat almaq istərdim. Şura necə formalaşıb, üzvləri necə seçilib? Ümumiyyətlə İctimai Şuraya kimlər üzv ola bilər? Qurumun hansı vəzifələri və səlahiyyətləri var?
– Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şura “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu, həmin qanunun icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin müvafiq bəndləri rəhbər tutularaq Nəsimi Rayon İcra Hakimiyyəti başçısının sərəncamları ilə təşkil olunmuşdur. Qeyd edim ki, Nəsimi Rayon İcra Hakimiyyətində ictimai şuranın sərbəst və bütün tərəflərə bərabər münasibət göstərməklə formalaşdırılması və hüquqlarından istifadə etməsi üçün tam şərait yaradılıb və əmin ola bilərsiz ki, səsləndirdiyim bu fikir sadəcə formal bir ifadə deyil. Tam məsuliyyətlə deyirəm ki, bu gün İctimai Şuranın irəli sürdüyü bütün rəy və təkliflərə Nəsimi Rayon İcra Hakimiyyətində “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Daxil olmuş rəy, irad və təkliflər Rayon İcra Hakimiyyəti tərəfindən müzakirə edilib qiymətləndirildikdən sonra onların nəzərə alınmasına və ya rədd edilməsinə dair on dörd gün ərzində əsaslandırılmış qərar verilir və dərc edilir. Bizim əsas vəzifələrimiz isə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, habelə digər normativ hüquqi aktlara riayət etməkdən; şuranın fəaliyyəti barədə əhalini məlumatlandırmaq; fəaliyyətimizə dair illik hesabat hazırlamaq və dərc etdirməkdən; müzakirə olunan məsələlərə qərəzsiz yanaşmaqdan ibarətdir. Amma çox xahiş edirəm, növbəti sualınız bizim bu vəzifələrimizin öhdəsindən necə gəlməyimiz barədə olmasın, çünki qorxuram təvazökarlıqdan kənara çıxmış olum (gülür). Əlbəttə, bu bir zarafatdır, amma həqiqətdə də gördüyümüz işlərin ən düzgün qiymətini yalnız vətəndaşlar, bu rayonun sakinləri verə bilərlər.
– Sizinlə tam razıyam. Həqiqətən də sakinlərin razılığı, vətəndaşların məmnunluğu istənilən qurumun fəaliyyətini səciyyələndirə biləcək ən önəmli meyardır. Təbii ki, bu məmnunluğu formalaşdıran əsas amillərdən biri də sosial-məişət problemlərinin nə dərəcədə həll olunması, insanların yaşadıqları ərazilərin nə dərəcədə abad olması və digər bu kimi məsələlərlə bağlıdır. Yeri gəlmişkən, bu gün paytaxtın mərkəzi ərazilərindən olan Nəsimi rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri barədə nə deyə bilərsiz?
– Bilirsiniz ki, bu gün təkcə paytaxt Bakıda deyil, respublikamızın bütün regionlarında aparılan abadlıq-quruculuq işlərinin həcmi, vüsəti getdikcə böyüyür. Əlbəttə ki, Azərbaycana, azərbaycan xalqına yaraşan da budur. Çünki biz artıq qalib ölkə, qalib xalqıq. İki il bundan öncə möhtərəm Ölkə Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Zəfərlə başa vuran Şanlı Azərbaycan Ordusu bizə bu adı daşımaq hüququnu verdi. Bu gün isə Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərində də misli görünməmiş quruculuq işləri aparır. Əlbəttə ki, bütün bu tarixi proseslərin fonunda, Sizin də qeyd etdiyiniz kimi, paytaxtın mərkəzi ərazilərini əhatə edən Nəsimi rayonu da heç cür ikinci planda qala bilməz. Xüsusilə son illər rayonumuzun ərazisində abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Aydındır ki, bu müsahibəni Nəsimi rayonunda son bir neçə ildə görülmüş işlər, həyata keçirilmiş layihələr barədə hesabat məruzəsinə çevirmək oxucular üçün də yorucu olar. Amma düşünürəm ki, cari ilin ilk altı ayı ərzində görülən işlər barədə bir qədər ətraflı danışmaq yerinə düşər. Yəni, bu deyəcəklərimə özünüz də rayon ərazisini gəzməklə şahid ola bilərsiz. İlk növbədə ötən müddət ərzində rayon ərazisində yüzlərlə ümumi yaşayış binalarının fasadlarında əsaslı təmir işləri görülüb. Küçələr boyu yaşıllıq zolaqları, yeni parklar salınıb, işıqlandırma sistemləri və oturacaqlar dəyişdirilib. Bir çox ünvanlarda asfalt örtüyü vurulub, yeni bardyurlar qoyulub. Binlarda köhnə liftlər yeniləri ilə əvəz olunub, yüzlərlə pəncərə və qapı dəyişdirilib. Küçələrdə səki daşları, suaxıdıcı boru və navalçalar dəyişdirilib. II Qarabağ Müharibəsi şəhidlərinin yaşadıqları mənzillərdə əsaslı təmir işləri aparılıb və barelyefləri binaların girişinə, eləcə də bəzi küçələrə və parklara vurulub. Ümumi yaşayış binalarının həyətlərinə söhbətgahlar, oturacaqlar, müxtəlif növ uşaq-oyun elementləri, müxtəlif turnik və idman qurğuları, kənarları bağlı stadionlar quraşdırılıb.
Bir məqamı xüsusilə vurğulamq istərdim. Biz, İctimai Şuranın üzvləri olaraq, vətəndaşlarla mütəmadi qeyri-rəsmi görüşlər keçiririk, söhbət edirik, onların bu və ya digər məsələlər barədə fikirlərini, rəylərini alırıq. İnanın, çox istərdim ki, belə görüşlərdə bizimlə olasız və sakinlərin dediklərini özünüz eşidəsiniz. Xüsusilə rayon ərazisində “Abad həyət” və “Bizim həyət” layihələri çərçivəsində görülən işlər böyükdən kiçiyə hamını məmnun edir. İnsanlar hətta yaşadıqları binanın həyətindən çıxıb hansısa istirahət parkına getməyə belə ehtiyac olmadığını deyirlər. İnanın səmimiyyətimə, hər kəs də möhtərəm Prezidentimizə bu rayona məhz cənab Asif Əsgərovu RİH-nin başçısı təyin etdiyinə görə xüsusi minnətdarlığını bildirir.
– Əslində Nəsimi rayonu ərazisində “Abad həyət” və “Bizim həyət” layihələri çərçivəsində görülən işlərdən tam da olmasa, müəyyən qədər biz də məlumatlıyıq. Ən azından bu işlərin nəticələri göz önündədir və hər kəs onları müşahidə edir. Amma daha konkret olmaq üçün, məhz bu ilin ilk yarısında reallaşdırılan layihələr barədə bir qədər daha ətraflı, hətta mümkünsə dəqiq ünvünlar göstərməklə məlumat verə bilərsinizmi?
– Məmnuniyyətlə bu barədə danışaram. Amma icazənizlə əvvəlcədən hazırladığım arayışdan istifadə edəcəyəm, çünki Siz də razılaşın ki, belə böyek həcmdə görülmüş işlər üzrə ünvanların hər birini dəqiqliklə yadda saxlamaq bir qədər çətindir. Bu ilin ilk 6 ayı ərzində aparılan abadlıq-quruculuq işləri isə həqiqətən də ürəkaçandır.
Beləliklə, Həsən Seyidzadə küçəsi 17,21 saylı ünvanlarda binaların əsaslı təmiri, həyətlərdə abadıq işləri başa çatmış, 22 fevral 2022-ci il tarixdə açılış olmuşdur; Moskva prospekti 90, 92 saylı ünvanlarda əsaslı təmir işləri 2022-ci il mart ayında başa çatmışdır, “Abad Həyət” layihəsi çərçivəsində həyətdə açılış olmuşdur; Nizami küçəsi 121 saylı ünvanda əsaslı təmir işləri başa çatmış, həyət abadlaşdırılmış və mart ayında sakinlərin istifadəsinə verilmişdir; A.Məhərrəmov küçəsi 45, 47 saylı binaların əhatəsində yerləşən həyət “Abad Həyət” layihəsi çərçivəsində abadlaşdırılmış, 19 aprel 2021-ci il tarixdə açılışı olmuşdur; Alı Mustafayev küçəsi 41 saylı ünvanda binanın fasadında və həyətibndə abadlıq işləri 14 iyun 2022-ci il tarixdə başa çatmışdır. ”Abad Həyət” layihəsi çərçivəsində həyətdə açılış olmuşdur; Akademik Topçubaşov küçəsi, akademik Mirqasımov küçəsinin kəsişməsindən Vaqif prospekti ilə kəsişməyə qədər olan yolda əsaslı təmir işləri aparılmış, yeni piyada səkiləri salınmışdır; Cəlil Məmmədquluzadə küçəsi Bakıxanov küçəsinin kəsişməsindən S.Əsgərova küçəsi ilə kəsişməyə qədər yolun əsaslı təmiri başa çatmışdır; Cəlil Məmmədquluzadə küçəsində yolun əsaslı təmiri başa çatmışdır; Azadlıq prospekti ilə S.Zeynalov küçəsinin kəsişməsindən Ş.Bədəlbəyli küçəsi ilə kəsişməyə qəqər yolun əsaslı təmiri başa çatdırılmışdır; Vaqif prospekti boyu yerləşən parklarda təmir işləri aparılaraq, 50 ədəd işıq dirəkləri cari təmir edilmiş, 50 ədəd oturacaq yenilənmişdir; Səməd Vurğun, Bakıxanov küçəsinin kəsişməsində yerləşən “Bənövşə” parkında 200 kvadrat-metr qranit səki daşlarında təmir işləri aparılmışdır; Rayon ərazisində əvvəlcədən təyin olunmuş əhalinin sıx toplaşdığı yerlərə əlavə 200 ədəd kiçik tutumlu zibil qabları qoyulmuşdur; Rayon ərazisində yerləşən bütün park və bağlarda, xiyabanlarda yaz-yay mövsümünün başlanması ilə əlaqədar cair təmir işləri aparılaraq, 300 ədəd oturacaq cari təmir edilərək rənglənmişdir, işıqlandırma sistemi bərpa olunmuşdur; Rayon ərazisindəki yaşayış binalarında 600 kvadrat - metr dam örtüyü təmir olunmuşdur; Cavadxan küçəsi boyu və digər ünvanlarda yerləşən yaşıllıq zolaqlarında 700 ədəd yeni müxtəlif növ ağaclar əkilmiş, park və xiyabanlarda 3000 ədəd mövsümi çiçək kolları əkilmiş, mövcud ağaclara aqrotexniki qaydada qulluq göstərilmişdir; Azadlıq prospekti 19 saylı ünvanda yerləşən binada yanğın hadisəsi zamanı yararsız vəziyyətə düşmüş mənzilin qapı, pəncərə və eyvan pəncərələri dəyişdirilmişdir; A.Məhərrəmov küçəsi 68 saylı evin şəhid ailəsinə məxsus 45 saylı mənzili əsaslı təmir olunmuşdur; N.B.Yusifbəyli küçəsində 100 kvadrat-metr su xətti, R.Behbudov küçəsi iri diametrli su xətti, S.Vurğun küçəsində içməli su və kanalizasiya xətti yenilənmişdir; “İzmit” parkında cari təmir işləri aparılmış, idman qurğuları və süni ot örtüyü cari təmir olunmuşdur; Akademik Mirqasımov küçəsi, Azadlıq prospektinin kəsişməsi, Ceyhun Hacıbəyli küçəsinə qədər yolun əsaslı təmiri həyata keçirilmiş, Vaqif prospekti boyu yerləşən parklarda 50 ədəd oturacaq qoyulmuş, işıqlandırma sistemində cari təmir işləri aparılmışdır; Rayon ərazisində küçə və prospektlərə 150 ədəd kiçik tullantılar üçün qablar quraşdırılmışdır; Mir Cəlal küçəsi boyu parkların işıqlandırma sistemi yenidən qurulmuş və cari təmir işləri aparılmışdır; Səməd Vurğun küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsindəki “Bənövşə” parkında tamet daşları əsaslı təmir olunmuşdur; Mirəli Qaşqay küçəsindəki 35 saylı tam orta məktəbdə yeni əlavə korpus inşa olunaraq əsaslı təmir olunmuşdur; Mirəli Qaşqay küçəsi 24 saylı binanın fasadı, dam örtüyü əsaslı təmir edilmiş, qapı-pəncərələır dəyişdirilmiş, qəzalı vəziyytədə olan bütün eyvanlar sökülərək bərpa olunmuşdur; Mirəli Qaşqay küçəsi boyu binaların fasadları təmir olunaraq rənglənmişdir; Xətai prospekti boyu yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin fasadları təmir olunmuş, görünüşə xələl primitiv reklamlar sökülərək yenisi ilə əvəz olunmuşdur; “Sevil Qazıyeva” parkında cari təmir işləri aparılmış, “Qış parkı”nda oturacaqlar rənglənmişdir; Akademik Mirqasımov küçəsi əsaslı təmir edilmiş, yeni piyada səkiləri yaradılmışdır.
Təbii ki, bu siyahı durmadan artır. Çünki rayonumuzda işlər qətiyyən dayanmır və mən hal hazırda davam edən bəzi layihələri də qeyd etməyi özümə borc bilirəm. Hazırda A.Məhərrəmov küçəsi 64 və 20 Yanvar küçəsi 4/66 saylı ünvanda “Bizim Həyət” layihəsi formatında binaların fasadlarında əsaslı təmir, həyətlərində abadlıq işləri başa çatmaq üzrədir; H.B.Əliyev küçəsi 3,5,7 saylı ünvanlarda “Bizim Həyət” layihəsi çərçivəsində abadlıq işlərin başlanılmışdır və işlər davam etdirilir; N.B.Yusifbəyli küçəsində yolun əsaslı təmiri davam edir; Rayon ərazisində məhəllədaxili yollara və həyətlərə 20000 kv.m asfalt örtüyünün vurulması işləri davam edir; Mir Cəlal küçəsi 42 saylı binanın fasadında və həyətində abadlıq işləri davam etdirilir; 28 May küçəsi 20 saylı binanın fasadında təmir-bərpa işləri davam etdirilir, yararsız vəziyyətə düşmüş bəzək elementləri bərpa olunur; Tbilisi prospekti boyu yolun əsaslı təmiri başlanılmış, yeraltı kommunikasiya xətləri dəyişdirilir, işlər davam edir.
– Etiraf edim ki, həqiqətən də siyahı kifayət qədər böyükdür. Amma Siz də əmin olun ki, biz bu ünvanları bircə-bircə, heç bir ixtisara yol vermədən dərc edəcəyik. Çünki, rayonunuzda gedən bütün bu mütərəqqi prosesləri işıqlandırmaq və ən azından bu yolla sizlərə dəstək olmaq da bizim vəzifə borcumuzdur. Amma Eltun müəllim, bir məsələ də var ki, insanları ümumi, necə deyərlər, ictimai problemlərdən başqa narahat edən şəxsi xarakterli problemlər də olur. Bu baxımdan Nəsimi Rayon İcra Hakimiyyətində vətəndaşlarla iş necə qurulub?
– Siz də bilirsiniz ki, bir insanın problemini həll etmək üçün ilk növbədə onu dinləmək, ən azından problemin mahiyyətindən xəbərdar olmaq lazımdır. Məhz bu baxımdan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun mütəmadi olaraq keçirdiyi vətəndaşlarla görüşlər, səyyar qəbullar böyük önəm kəsb edir. Mən özüm də İctimai Şuranın bir üzvü kimi, demək olar ki, bu qəbulların əksəriyyətində iştirak edirəm. Və mən bilirsiz nəyi müşahidə etmişəm? İnsanla hər belə görüşə inamla, böyük ümidlə gəlirlər. Çünki bilirlər ki, Asif müəllim bu qəbulları elə-belə, qeydiyyat xətrinə keçirmir. İnsanlar bilirlər ki, RİH başçısının hər bir sözünün, vədinin arxasında əməli işlər, nəticələr durur. Hər bir vətəndaş diqqətlə dinlənilir, qarşılaşdığı problem ətraflı şəkildə öyrənilir və onun aradan qaldırılması üçün konkret tədbirlər görülür. Məsələn, mən özüm dəfələrlə şahidi olmuşam ki, bəzi vətəndaşlar məşğulluq məsələsi ilə bağlı İcra Hakimiyyətinə müraciət ediblər və Asif müəllim də rayon ərazisində fəaliyyət göstərən bu və ya digər sahibkara müraciət edərək vətəndaşın işlə təmin edilməsinə nail olub. Əlbəttə ki, iş adamları da onlar üçün dövlətimiz tərəfindən yaradılan şəraitin müqabilində bu kimi məsələlərdə əllərindən gələn köməkliyi göstərməyə çalışırlar. Əlbəttə ki, bu, sadəcə bir epizoddur. Vətəndaşlar İcra Hakimiyyətinə ən müxtəlif problemlərlə müraciət edirlər və əksər hallarda bu problemlər az vaxtda öz həllini tapır. Xüsusi olaraq bir məqamı önə çəkmək istəyirəm. Elə siz özünüz də Nəsimi RİH-nin rəsmi saytına daxil olsanız bunu görə bilərsiz. Bu məqam ondan ibarətdir ki, Asif müəllimin tapşırığı ilə hər növbəti ay üçün vətəndaşlarla keçiriləcək görüş və qəbulların yeri və tarixi barədə dəqiq məlumatlar artıq bu ay saytda yerləşdirilir. Etiraf edək ki, bu da rayon sakinlərinə göstərilən diqqətin daha bir təzahürüdür.
– Eltun müəllim, əlbəttə ki, bu günün ən həssas, ən vacib mövzularından biri, bəlkə də birincisi şəhid ailələri, müharibə veteranları və qazilərə göstərilən dövlət qayğısı ilə bağlıdır. Nəsimi Rayon İcra Hakimiyyətinin şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılması istiqamətində gördüyü işlər barədə nə deyə bilərsiniz?
– Həqiqətən də bu gün Azərbaycanda şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə yüksək səviyyədə diqqət və qayğı göstərilir. Ölkə Prezidenti cənab İlham Əliyev öz tapşırıqlarında bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini əsas vəzifə olaraq müəyyən edib. Təbii ki, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin məsuliyyəti də daha çox məhz icra orqanlarının üzərinə düşür. Bütün ölkəmizdə olduğu kimi, Nəsimi rayonunda da Vətən müharibəsi qazilərinin və şəhid ailələrinin sosial problemlərinin həll olunması, onlara mənəvi dəstək göstərilməsi kimi məsələlər rayon rəhbərliyi tərəfindən prioritet istiqamət kimi müəyyən edilmişdir. Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi hər zaman dərin ehtiramla yad edilir. Onların ailə üzvləri, həmçinin müharibə zamanı öz sağlamlığını itirmiş qazilərimiz mütəmadi ziyarət edilir, eləcə də Rayon İcra Hakimiyyəti başçısı aparatında qəbul olunaraq müraciətləri Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi tərəfindən araşdırılır və aidiyyəti üzrə müvafiq tədbirlər görülür.
Xatırladım ki, Vətən Müharibəsi zamanı 704 nəfər Nəsimi rayon sakini səfərbərliklə hərbi xidmətə yollanmışdır. Vətən müharibəsində iştirak edən 704 nəfərdən 105-i müxtəlif dərəcəli travma və xəsarətlər almış, onlardan 51 nəfərinə müxtəlif dərərcəli əlilliklər təyin olunmuşdur. Nəsimi rayon ərazisində qeydiyyatda olan 37 şəhid ailəsi və 39 Vətən müharibəsi əlili Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamları ilə mənzil növbəsinə götürülmüş və onlardan 24 şəhid ailəsi və 29 Vətən müharibəsi əlili artıq mənzillə təmin olunmuşdur. Rayon İcra Hakimiyyətinin müraciəti əsasında şəhid ailələri və Vətən müharibəsi iştirakçılarından 56 nəfər və 12 şəhid ailə üzvü işlə təmin olunmuşdur.
Bunu da qeyd edim ki, İctimai Şuranın iclaslarında da hər zaman əsas diqqət mərkəzində olan məsələ məhz şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılmasıdır. Tez-tez qazilərlə keçirdiyimiz səmimi söhbət əsnasında onları narahat edən məsələlər barədə Şura üzvlərini məlumatlandırırlar, eyni zamanda dövlət tərəfindən onlara göstərilən qayğı və diqqəti yüksək qiymətləndirirlər. Səmimi söhbətlər zamanı qazilər şuranın üzvlərinə də öz təşəkkürlərini bildirirlər ki, bu da bizi çox məmnun edir.
– Həmişə məmnun olasınız! Biz də Sizə, Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və əməkdaşlarına, RİH-nin yanında İctimai Şuranın üzvlərinə, sizlərin şəxsinizdə Nəsimi rayonunun bütün tərəqqipərvər qüvvələrinə yeni-yeni nailiyyətlər, uğurla arzulayırıq. Maraqlı müsahibə üçün çox sağ olun!
– Siz də sağ olun!
Müsahibəni apardı: Azər MƏMMƏDOV Fotoşəkilləri təqdim edirik: