“Əsrlər boyunca öz azadlığı, müstəqilliyi uğrunda mübarizə aparmış Azərbaycan xalqının şərəfli tarixində qanlı-qadalı faciələrin əks olunduğu xeyli səhifə var. Ötən əsrin sonlarında özünün dövlət müstəqilliyini bərpa etməyə qalxmış Azərbaycan 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə də belə bir faciə ilə üzləşdi. Ölkəmizin və xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi həkk olunmuş həmin hadisələrdən 33 il keçir. 20 Yanvar hadisələri XX əsrdə xalqımıza qarşı davamlı olaraq həyata keçirilən təcavüzkar siyasətin təzahürlərindən biri idi. 1980-ci illərdə SSRİ rəhbərliyinin himayədarlığı ilə erməni separatçıları tərəfindən başlanan Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı törədilən kütləvi qırğın və qətliamlar, tarixi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan ərazisindəki dədə-baba yurdlarından soydaşlarımızın məcburi deportasiyası da bu siyasətin mərhələləri idi.” Bu sözləri 20 Yanvar faciəsinin mahiyyəti ilə bağlı mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ-nin o dövrki rəhbəri Mixail Qorbaçovun əmri ilə ölkənin Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilərək, dinc əhaliyə divan tutmuş, insanları təkcə küçə və meydanlarda deyil, hətta öz evlərində belə ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutaraq kütləvi şəkildə qətlə yetirmişlər: “Təsdiq olunmuş məlumatlara görə, Qanlı Yanvar gecəsində qoşunların qanunsuz yeridilməsi nəticəsində təkcə Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri də olub. Ümumilikdə isə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” vardır. Hər zaman olduğu kimi, millətin ən ağır günlərində öz xalqının yanında olan, onun dərdini bölüşən Heydər Əliyev 20 Yanvar faciəsinə də ilk olaraq qəti etirazını bildirmiş, bu qanlı cinayətə siyasi qiymət verərək, SSRİ rəhbərliyini ittiham etməkdən belə çəkinməmişdir. Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirmiş, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirərək həmin əməliyyata rəhbərlik edənləri ifşa etmişdi: “...Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm... Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı ... Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!” Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, 20 Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının mübarizə salnaməsində bu millətin yenilməzliyini və mətinliyini nümayiş etdirən qürur doğuran bir səhifə oldu. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak etdi. Bu hadisə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü. 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu.”
K.Qafarov sözünə davam edərək deyib: “Ümummilli lider Heydər Əliyev dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində bir çox həqiqətlər üzə çıxdı. Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etmişdir. Bundan 4 il sonra, 1994-cü ilin mart ayının 29-da yenə də Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə Azərbaycan Respublikasının Milli Məclisi “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Bu gün Azərbaycanda Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Ulu Öndər Heydər Əliyevin siyasi xəttini dönmədən davam etdirən möhtərəm dövlət başçımız şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına hər zaman xüsusi diqqət ayırır. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. Azərbaycan xalqı Vətənin müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını heç zaman unutmayacaq.”