|
Ötən gün Gəncədə dini yönümlü bir qrup radikal şəxsin öz xidməti vəzifəsini icra edən iki polis zabitini qətlə yetirməsi ilə əlaqədar ATV və ARB kanalı efir siyasətlərində dəyişiklik edərək, bütün əyləncəli proqramlardan imtina edib.
Bu barədə Kult.az-a açıqlama verən Azad Azərbaycan Teleradio Yayım Şirkətinin İctimai-siyasi verilişlər departamentinin rəhbəri Vaqif Aydınoğlu hadisə ilə əlaqədar əyləncəli verilişlərin yayımlanmadığını bildirib:
“ATV kanalında Gəncədə baş verən olaylarla əlaqədar əyləncəli proqramlar yığışdırılıb. Bundan başqa, hər iki saatdan bir xəbərlər proqramının xüsusi buraxılışı olur. Gəncədə baş verən hadisələr tam dəqiqliyi ilə işıqlandırılır”.
ARB TV-nin Strateji inkişaf, marketinq və media direktoru İsmayıl Həsənov qeyd edib ki, kanaldakı əyləncəli verilişlər artıq dayandırılıb və xəbərlər blokunda Gəncədəki hadisələrin tam dəqiqliyi ilə çatdırılması üçün geniş yer ayrılıb.
Qeyd edək ki, ötən gün dini yönümlü bir qrup radikal şəxs Gəncədə aksiya keçirərək, öz xidməti vəzifəsini icra edən iki polis zabitini – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovu şəhid edib.