|
“Azərbaycan özünün xarici əlaqələrini genişləndirməkdə davam edir. Birmənalı olaraq deyə bilərik ki, bu gün ən müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş perspektivlər açan istiqamətlərdən biri də Afrika ölkələri olan münasibətlərdir. Azərbaycan dövlətinin xarici siyasətində bu istiqamət mühüm yerlərdən birini tutur. Bu baxımdan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə aprelin 3-də baş tutmuş rəsmi səfəri də böyük əhəmiyyət kəsb edən hadisədir”.
Bu fikirləri mətbuata açıqlamasında Kamaləddin Qafarov səsləndirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev artıq aprelin 4-də mətbuata bəyanatla etdiyi çıxışında Konqo Prezidentinin Azərbaycana ilk rəsmi səfərinin çox gözəl nəticələri olacağını bildirib. “Dövlətimizin başçısı Azərbaycan və Konqo Prezidentləri tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”nin önəmini vurğulayaraq qeyd edib ki, bu, ölkələrimiz arasında əməkdaşlığın perspektivlərini müəyyən edəcək çox önəmli və sanballı bir sənəddir. İmzalanmış Bəyannamə iki ölkə arasında siyasi əlaqələrin də bundan sonra uğurla inkişaf edəcəyini deməyə əsas verir. Dövlət başçılarının görüşü zamanı iqtisadi sahədə əməkdaşlıq imkanları da geniş müzakirə edilib. Qeyd olunub ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir və bu bu layihələrin arasında kənd təsərrüfatı yönümlüləri üstünlük təşkil edəcək. Nəzərə almaq lazımdır ki, Konqonun çox böyük kənd təsərrüfatı potensialı var və bu ölkədə əkin sahələrinin çox cüzi hissəsindən istifadə edilir. Həmçinin ölkənin kifayət qədər bol su mənbələrinə və bütün il boyu günəşli hava şəraitinə malik olması kənd təsərrüfatı sahəsində əməkdaşlığın həqiqətən də cəlbedici perspektivlər vəd etdiyini deməyə əsas verir.”
Deputat bildirib ki, Azərbaycanın bütün beynəlxalq platformalardan neokolonializmə qarşı hər zaman barışmaz mövqelərdən qətiyyətlə çıxış etməsi, sözsüz ki, Afrika ölkələri ilə münasibətlərin formalaşmasına təsirsiz ötüşmür: “ Prezident İlham Əliyev öz çıxışında qeyd etdi ki, Qoşulmama Hərəkatına son 4 il ərzində uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Ölkəmizin təşəbbüslərinə Konqo hər zaman öz dəstəyini vermişdir və bunun nəticəsində Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir. Qoşulmama Hərəkatı hazırda əvvəlki dövrlərə nisbətən daha güclü bir təşkilatdır və 121 ölkənin üzv olduğu bu təşkilatın dünyada gedən proseslərdə oynadığı rolunun artması hamının marağındadır. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın prioritetləri sırasında neokolonializmə qarşı mübarizə məsələləri də mühüm yer tuturdu və dövlətimizin başçısı öz çıxışında bu prioritetin bu gün də aktual olduğunu vurğuladı. Cənab Prezident bildirdi ki, dövlətimizin xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır və bir müddət bundan əvvəl Azərbaycanda müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq məqsədilə yaradılmış Bakı Təşəbbüs Qrupu da bunun daha bir sübutudur. Azərbaycan bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, onların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etmək yönümündə fəaliyyətini bundan sonra da davam etdirəcək. Azərbaycan-Konqo münasibətlərinin dərinləşməsi isə, bu istiqamətdə də fəaliyyətin effektivliyini daha da artıracaq” .