|
Bu strategiya ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam
təmin olunmasi üçün ciddi əsas oldu
“19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru cənab Nazim Eynallı - Heydər Əliyev və neft strategiyası elə böyük, əhatəli və faydalı mövzudur ki, bu haqda saatlarla, günlərlə danışmaq olar. Bu mövzu gündəmə gələndə ilk olaraq müstəqillik illərində Ümummilli liderin minbir əziyyətlə həyata keçirdiyi yeni neft strategiyası və onun şah əsəri olan “Əsrin müqaviləsi” qeyd edilir. Bu da anlaşılandır. Çünki yaxın tariximizdə baş verdiyi üçün ölkəmizdə neft strategiyasının başlanğıcını həmin müqavilənin imzalandığı gündən qəbul edirik. Amma məsələnin mahiyyət və məzmununa diqqət edəndə Azərbaycan neft strategiyasının əsasının qoyulmasının hələ dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin birinci dövrünə təsadüf etdiyini görürük. Bu haqda da çox danışmaq, yazmaq olar. Amma ümumi düşüncələrimizə və şəxsi mülahizələrimizə əsaslanaraq bir neçə vacib məqamı xüsusi vurğulaya bilərik.
Birincisi, Ümummilli liderin sovet dövründə ilk dəfə respublika rəhbərliyinə gələnə qədər Azərbaycanda neft sektorunda istər istehsal, istərsə də emal müəssisələrinin yaradılmasında SSRİ rəhbərliyi tərəfindən ittifaq respublikaları arasında məqsədli şəkildə yol verilmiş ayrı-seçkiliyin aradan qaldırılması vasitəsi ilə bu sahənin kompleks və konseptual inkişafına nail olması ilə bağlıdır.
Ö dövrdə SSRİ rəhbərliyi bütün sahələrdə olduğu kimi neft sektoru üzrə də Azərbaycanla digər respublikalar arasında fərqli münasibət sərgiləyirdi. O zaman bu sektorun istehsal fəaliyyətinə respublikanın ciddi müdaxilə edə bilməməsi məqsədilə zavodlar birbaşa ittifaq nazirliklərinə tabe etdirilmişdi. Əslində burada Heydər Əliyevə qədər respublikamıza rəhbərlik etmiş şəxslərin zəifliyi, təcrübəsizliyi, səriştəsizliyi və siyasi iradə qoya bilməməsi də müəyyən rol oynayırdı. Nəticə etibarilə respublikanın neft sənayesi və onun inkişafı məsələləri ümumittifaq mənafeyinə tabe edildiyindən verilən qərarlar çox zaman Azərbaycanın maraqlarının tamamilə əleyhinə olurdu. Məsələn, o vaxt tamamilə yarasız texnologiyalar əsasında neft istehsalı həyata keçirilirdi. Məqsəd nə olursa-olsun ölkəmizin qara qızılını tamamilə çıxarıb, tükəndirmək idi. Yəni onlar üçün keyfiyyətdən çox, kəmiyyət göstəriciləri əsas idi. O illərdə zəif rəhbərlik də üzərlərinə götürdüyü öhdəliyi yerinə yetirməklə məşğul idi, təki plan dolsun. Amma bu məqsədli siyasət yeraltı sərvətimizi tükəndirməklə yanaşı, ölkəmizin ekoloji mühitini korlayaraq, neftlə çirklənmiş ərazilərdə ekoloji böhran yaradır, orada çalışan insanların sağlamlığını da ciddi təhlükəyə atırdı və ittifaq rəhbərliyi tərəfindən belə qərarların qəbul edilməsi heç vaxt təsadüfi sayıla bilməzdi.
Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onun qətiyyəti və iradəsi sayəsində Azərbaycanın neft sənayesinin yenidən qurulmasında, müasirləşdirilməsində əsaslı dönüş mərhələsi başlandı. Məhz Heydər Əliyev Azərbaycan iqtisadiyyatında neftin roluna xüsusi əhəmiyyət verdiyindən özünəməxsus müdriklik, qətiyyət və inadkarlıqla SSRİ-nin o vaxtkı rəhbər orqanlarında Azərbaycanın neftçıxarma və neft sənayesində əsaslı yenidənqurmanın inkişafı üçün xüsusi hökumət qərarlarının qəbul edilməsinə nail olmuşdu. 1971-ci ildə respublikada neft sənayesinin qarşısında duran həlli vacib məsələləri diqqətlə araşdıran Heydər Əliyev ilk növbədə bu sahənin bütün texniki-iqtisadi və sosial baxımdan yeniləşdirilməsi proqramının yaradılması işini təşkil etməklə neft sektorunun inkişaf konsepsiyasının əsasını qoydu. Onun keçmiş Sovetlər İttifaqında böyük nüfuza malik olması, mövqe prinsipiallığı, işə gündəlik nəzarəti, eyni zamanda köməyi, xüsusən də obyektlərin müəyyənləşdirilmiş vaxtda tikilib istifadəyə verilməsi üçün yüksək tələbkarlığı sayəsində neft emalı müəssisələrinin yenidən qurulması dövrün reallığına çevrildi. O haqlı olaraq sovet rəhbərliyi qarşısında haqlı sual qoyurdu ki, Böyük Vətən Müharibəsi adlandırdıqları II Dünya Müharibəsininin taleyini həll edən 3 faktordan biri Azərbaycan nefti və akademik Yusif Məmmədəliyevin elmi yenilikləri ilə bağlıdırsa, niyə bu respublikaya qarşı ayrı-seçkiliyə yol verilməlidir?
Ümummilli lider Heydər Əliyevin neft sektorunda iqtisadi cəhətdən daha səmərəli yeni texnologiyaların tətbiqində, mövcud faydalı istehsal sahələrinin genişləndirilməsində və modernləşdirilməsində xidmətləri çox böyük olmuşdur. O öz sələflərindən fərqli olaraq hakimiyyətdə olduğu illərdə bu istehsal və emal sahəsinin kortəbii yox, məqsədyönlü və kompleks inkişafına müsbət təsir göstərən mühüm tədbirləri ardıcıllıqla həyata keçirirdi. Heydər Əliyev ittifaq rəhbərliyindən ciddi israrla Azərbaycanın neft-kimya strukturlarının təkmilləşdirilməsini, mənəvi və fiziki baxımdan köhnəlmiş, aşınmış istehsalat sahələrinin ləğv edilib, əvəzində müasir, iritonnajlı, tullantısız texnologiyaya malik müəssisələrin yaradılmasını, eyni zamanda, texniki və təbiəti mühafizə obyektlərinin tikintisini həyata keçirməyə imkan verən həlledici qərarların qəbulunu tələb edirdi. Ulu öndər müəllifi olduğu konsepsiyanın, neft-qaz sektorunun yüksəliş proqramının tam həyata keçirilməsi üçün məhz, özünün şəxsi təklifi və təkidi ilə o zaman keçmiş ümumittifaq fondundan böyük həcmdə kapital qoyuluşu ayrılmasına nail olmuşdu.
İkinci məqam neft sektoru üzrə istehsal sahələrinin elmi əsaslarla inkişaf etdirlməsinə önəm verilməsi ilə bağlı idi. Məhz Ümummilli liderin bu yanaşması nəticəsində neft-kimya, neft-qaz, geologiya-geofizika ixtisaslaşması üzrə elmi tədqiqat institutları və respublikanın bu sahədə fəaliyyət göstərən digər elmi mərkəzləri qeyd olunan sahələrdə elmi-tədqiqat işlərini genişləndirib və bir çox uğurlu nəticələrə imza atıblar. Aparılan elmi-tədqiqat işlərinin bir çox nəticələri neft-sənaye miqyasında tətbiq olunub və ölkə iqtisadiyyatının sürətli inkişafına, dünya bazarında rəqabətli məhsulların istehsalına şərait yaradıb.
Tarixi şəxsiyyət Heydər Əliyevin dahiliklə həm qeyd olunan sənaye sahələrini, həm də onlara uyğun olan elm sahələrinin paralel və bir-birilə əlaqəli inkişafını təmin edən “ən optimal inkişaf konsepsiyasını” yaratması xüsusi vurğulanmalı məqamlardan digəridir. Əlbəttə neft sənayesinin inkişafı yeni elmi tədqiqatlar tələb edirdi və eyni zamanda bu tədqiqatları stimullaşdırırdı. Belə bir konsepsiya elmi nəticələrin istehsalata tətbiqinə şərait yaradıb. Çox keçmədən elmə yatırılan vəsaitlər tətbiq sahəsində daha çox büdcə vəsaitinin yaranmasını təmin edib.
Üçüncü məqam kimi bu sahədə yüksək ixtisaslı kadr hazırlığına diqqətin yönəldilməsini qeyd etmək olar. Heydər Əliyev dahi və müdrik rəhbər olaraq çox yaxşı bilirdi ki, Azərbaycan zəngin neft, qaz sənayesi ölkəsi olduğundan onun neft və qazçıxarma, neft və qaz emalı, neft kimyası və bütövlükdə sənaye sahələrini yüksəkixtisaslı milli kadrlar olmadan inkişaf etdirmək və bütövlükdə güclü, rəqabətə davamlı respublika yaratmaq mümkün deyil. Ona görə, dahi şəxsiyyətin məqsədyönlü siyasətinə uyğun olaraq bu sahə üzrə ixtisaslaşmış kadr hazırlığı həyata keçirilir, eyni zamanda yerli mütəxəssislərimiz dünyanın neft sahəsi üzrə aparıcı ölkələrinin aparıcı təşkilatlarında ixtisasartırmaya göndərilərək orada qazanılan təcrübənin ölkəmizə gətirilməsinə nail olunurdu.
Artıq bu vaxta qədər ölməz şəxsiyyətin gördüyü işlər 1994-cü il sentyabr ayının 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə ABŞ, Türkiyə, Böyük Britaniya, Norveç, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Yunanıstan neft şirkətlərinin daxil olduğu konsorsium arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” neft yataqlarının bir hissəsinin birgə işlənməsi haqqında 30-illik müqavilənin imzalanması üçün etibarlı bünövrə, Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasında və müstəqilliyimizin möhkəmləndirilməsində əsaslı addım oldu. “Əsrin müqaviləsi” kimi tarixə düşən bu mühüm sənəd Azərbaycan xalqının sağlam və təhlükəsiz gələcəyə, sosial rifaha, iqtisadi inkişafa və kollektiv uğurlara qapı açan, bir növ viza sənədi idi.
Hazırda böyük ehtiram və minnətdarlıqla anadan olmasının 101-ci ildönümünü qeyd etdiyimiz ümummilli liderin yaratdığı neft strategiyası yeni mərhələdə, yeni reallıqlar konteksində inkişaf etməkdədir. Dövlət başçısı cənab İlham Əliyev hər bir sahədə olduğu kimi neft sektorunda da qabaqcıl texnologiyalara və yüksək ixtisaslı kadrlara malik istehsal, emal sahələrinin inkişaf etdirilməsində Heydər Əliyev yolunu, proqramını və qayğıkeşliyini müasir mərhələdə yeni yanaşmalar əsasında ardıcıl davam etdirir.
Məhz Ümummilli liderin neft strategiyasının uğurla həyata keçirilməsinin ölkəmizə gətirdiyi siyasi divident ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılmasına, iqtisadi divident isə ölkə iqtisadiyyatının güclənməsi, müdafiə qüdrətinin yüksəlməsinə, hər iki amil isə qüdrətli ordunun vasitəsi ilə 30 illik işğala son qoyan 44 günlük Böyük Zəfəri şərtləndirdi və xalqımıza böyük qələbə sevinci bəxş etdi, ərazi bütövlüyümüz bərpa olundu. Ardınca 19 sentyabr 2023-cü ildə gerçəkləşən birgünlük antiterror əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu, bütövlükdə böyük güc mərkəzlərinin maraqlarının toqquşduğu bölgəmizdə onların bəhanələrinə rəvac verən 200 illik erməni separatizmi tamamilə çökdürüldü, yox edildi.
Bir sözlə dahi şəxsiyyətin qurtuluşdan tərəqqiyə apardığı ölkəmizi, Ali Baş Komandan cənab İlham Əliyev heç vaxt bu qədər təsəvvür edə bilmədiyimiz davamlı Zəfərə çatdırdı.