Fazil Musayev - Azərbaycan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərini davam edir. Azərbaycan çoxəsrlik dövlətçilik tarixinə malik olsa da, yalnız ən yeni dönəmdə - müstəqilliyin bərpasından sonra iqtisadi və siyasi yüksəlişi təmin edə, dünyada nüfuzlu və qüdrətli dövlət kimi tanına bilmişdir. Bu, birmənalı olaraq ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi dühası, titanik və uzaqgörən fəaliyyəti sayəsində mümkün olmuşdur. Xalqın etimadını və ümidlərini doğruldan dahi liderlərin uğurlu siyasəti nəticəsində sabitlik və tərəqqi yoluna qədəm qoymuş Azərbaycanın adı nüfuzlu, qüdrətli və qalib dövlətlər sırasında çəkilməyə başlamışdır. Siyasi analitiklər qeyd edirlər ki, Azərbaycanın əsas strateji üstünlüyü müstəqil siyasət həyata keçirməsi və suverenliyini təmin etməsidir. Dünyada bir çox ölkələr mühüm resurslara – əlverişli coğrafi mövqeyə, böyük iqtisadi və demoqrafik potensiala malik olsalar da, müstəqil siyasi kurs reallaşdıra, öz geostrateji maraqlarını təmin edə bilmirlər. Azərbaycan nümunəsi isə göstərir ki, yalnız zəngin dövlətçilik təcrübəsinə, prinsipial mövqeyə, xalqın birmənalı və qətiyyətli dəstəyinə malik lideri olan ölkələr müstəqil – milli maraqlara uyğun praqmatik siyasət həyata keçirməklə sabit və dayanıqlı inkişaf modeli yaradır, beynəlxalq aləmdə önəmli mövqe qazanaraq özünəxas yerə və rola sahib olur. Məhz bu reallıq Heydər Əliyev siyasətinin Azərbaycan xalqının və dövlətinin taleyində hansı müstəsna əhəmiyyətə malik olduğunu bir daha təsdiqləyir. Ulu Öndər fəaliyyətinin bütün mərhələlərində Azərbaycan naminə çalışmış, xalqın işıqlı gələcəyini təmin edən əvəzsiz xidmətlər göstərmişdir. Heydər Əliyevin milli məzmunlu və bəşəri xarakterli fəaliyyəti bir dövrü deyil, bir-birindən iqtisadi, mədəni, siyasi və ideoloji cəhətdən kəskin fərqlənən iki tarixi mərhələni əhatə edir. O, həm SSRİ dönəmi, həm də müstəqillik dövründə ölkəmizə rəhbərliyi zamanı milli tərəqqiyə xidmət edən ardıcıl və məqsədyönlü siyasət həyata keçirmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı tənəzzüldən, böhrandan çıxarıb inkişaf yoluna qoymuşdur. Bu, onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev həmişə ən düzgün siyasət aparmış, Azərbaycan xalqının maraqlarını müdafiə və təmin etmişdir”. 1969-cu il 14 iyul tarixində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyevin müəyyənləşdirdiyi vəzifələr və hədəflər çərçivəsində görülən işlər ölkəmizin hərtərəfli inkişafını təmin etmişdir. Məlum olduğu kimi, 1969-cu ilə qədər Azərbaycan sovetlər birliyi miqyasında geridə qalmış respublikalardan biri kimi bütün sahələrdə tənəzzül ilə qarşı-qarşıya idi. Lakin Heydər Əliyevin Azərbaycan SSR-in rəhbərliyinə gəlməsindən sonra atılan addımlar nəticəsində bütün istiqamətlərdə müsbət nəticələr əldə edildi, kənd təsərrüfatının, sənayenin, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafına nail olundu, genişmiqyaslı quruculuq işləri aparıldı, çoxsaylı müəssisələr, o cümlədən ittifaq əhəmiyyətli strateji obyektlər yaradıldı, müxtəlif sahələrdə kadr potensialı gücləndirildi. Sovet İttifaqı dövründə Azərbaycan dilinin respublika konstitusiyasında dövlət dili kimi təsbit edilməsi isə mürəkkəb tarixi mərhələdə milli ruhun oyanışı – milli şüurun güclənməsi, xalqın öz mənəvi sərvətlərinə və tarixi dəyərlərinə sahib çıxması, onları yaşatması baxımından böyük əhəmiyyətə malik olmuşdur. Bir sözlə, Heydər Əliyev həmin dönəmdə bütün çətinliklərə rəğmən, Azərbaycanın intibahını təmin etməyə müvəffəq olmuşdur. Ulu Öndərin qeyd etdiyi kimi, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır. Sonrakı mərhələdə görkəmli dövlət xadiminin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi ölkəmizin mənafelərini qətiyyətlə qoruması, respublika əhalisinin firavanlığı naminə göstərdiyi xidmətlər Onun xalqına, milli ideyalara dərindən bağlı olan vətənpərvər şəxsiyyət – böyük azərbaycanlı olduğunu bir daha təsdiqləmişdir. Fəaliyyətinin növbəti dönəmində isə Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri kimi blokada vəziyyətində olan muxtar respublikanı ağır sosial-iqtisadi vəziyyətdən və tənəzzüldən xilas edərək dirçəlişini təmin etməsi, qonşu ölkələrlə, xüsusilə də Türkiyə ilə əlaqələrini genişləndirməsi, ilk dəfə Naxçıvanda üçrəngli bayrağımızın qaldırılmasına, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsinə, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsinə nail olması Azərbaycanın müstəqillik yolunda tərəqqiyə və Zəfərə aparan ilk addımları – tarixi nailiyyətlərin və qələbələrin başlanğıcı olmuşdur. Ulu Öndər müstəqillik dövründə xalqın tələbi və dəstəyi ilə xilaskarlıq və quruculuq missiyasını həyata keçirməklə ölkəmizi tənəzzüldən, hətta dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtararaq inkişaf yoluna çıxarmışdır. Dövlətçilik tariximizin yeni və taleyüklü mərhələsi məhz bu dövrdə başlamışdır. Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması, xalqın öz Liderinin arxasınca gedərək, onun ətrafında sıx birləşərək vahid amal – milli məqsədlər naminə səfərbər olunması yeni və müstəqil dövlət quruculuğunu təmin etmişdir. Heç şübhəsiz, Yeni Azərbaycan Partiyasının yaradılması sadəcə olaraq bir partiyanın təsis olunması kimi sıradan məsələ deyil, çoxəsrlik dövlətçilik və müasir müstəqillik tariximizin ən əlamətdar hadisələrindən biridir. Bəllidir ki, Yeni Azərbaycan Partiyasının yarandığı şərait olduqca mürəkkəb dövrə təsadüf edir. Hələ XX əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəlində istər SSRİ miqyasında, istərsə də respublika səviyyəsində dağıdıcı proseslər baş verirdi. Sovetlər ittifaqının çöküşü fonunda digər bir sıra ölkələr kimi, Azərbaycan da olduqca mürəkkəb vəziyyətlə qarşılaşmışdı. Respublikada faktiki olaraq ictimai-siyasi böhran mövcud idi, iqtisadi tənəzzül, siyasi qeyri-müəyyənlik və vətəndaş qarşıdurması ilə yanaşı, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və ölkəmizin bölgədə təcrid vəziyyətinə düşməsi ciddi təhdidlər, o cümlədən müstəqilliyin itirilməsi təhlükəsi yaratmışdı. Azərbaycan beynəlxalq aləmdə faktiki olaraq suveren ölkə kimi tanınmırdı. Tariximizin mürəkkəb - vəziyyətin durmadan ağırlaşdığı bir vaxtda səylərin birləşdirilməsi, məqsədyönlü fəaliyyət nəticəsində milli birliyin təmin edilməsi, müstəqil dövlət quruculuğunun həyata keçirilməsi və Azərbaycanın təlatümlərdən xilas edilməsi zərurətə çevrilmişdi. Bunun üçün isə təcrübəli, qətiyyətli, vətənpərvər və milli maraqları hər şeydən üstün tutan güclü siyasi liderə ehtiyac var idi. Bu tarixi şəxsiyyət görkəmli dövlət xadimi Heydər Əliyev idi. Xalq yalnız Onun liderliyi ilə Azərbaycanın müstəqilliyinin qorunub saxlanıla biləcəyinə, parlaq gələcəyini qura biləcəyinə inanırdı. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının Heydər Əliyevə müraciət edərək yeni, müstəqil Azərbaycan uğrunda Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etməsi bu inamdan qaynaqlanırdı. Ulu Öndərin həmin müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının yaradılmasına və partiyaya rəhbərlik etməyə razılıq verməsi isə taleyi sual altında olan Azərbaycanın gələcəyi naminə müstəsna əhəmiyyətə malik olmuşdur. Beləliklə, 1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş vermişdir. Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirilmiş, Ulu Öndər yekdilliklə partiyanın Sədri seçilmişdir. Müstəqilliyinə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi ideyası, əsas strateji xətti seçən bu partiyanın qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması məhz ulu öndər Heydər Əliyevin bənzərsiz liderlik və fenomenal idarəçilik keyfiyyətləri ilə şərtlənmişdir. Təbii ki, xalqın dəstəyi Yeni Azərbaycan Partiyasının davamlı uğurlar qazanmasını, müstəqil, hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsini mümkün etmişdir. Partiya tərəfindən qısa müddət ərzində müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsinə və qarşıda duran hədəflərə çatmaq üçün sistemli fəaliyyətə başlanmışdır. Respublikanın bütün bölgələrində yerli təşkilatların yaradılması istiqamətində mühüm addımlar atılmış, ümummilli lider Heydər Əliyevi qətiyyətlə dəstəkləyən ictimaiyyət nümayəndələri, Azərbaycan cəmiyyətinin bütün təbəqələrindən olan insanlar partiyanın təşkilatlanmasında aktiv iştirak etmişlər. Yeni dəyərlər yaradan və siyasi mədəniyyət nümunəsi ortaya qoyan Yeni Azərbaycan Partiyasına göstərilən yüksək etimad onun ümumxalq partiyasına çevrilməsini şərtləndirmişdir. YAP ölkədə keçirilən bütün seçkilərdə inamlı qələbələr qazanaraq siyasi həyatda avanqard qüvvə - lider partiya olduğunu sübuta yetirmiş, hər bir siyasi marafondan uğurla və daha güclü çıxaraq siyasi sistemdə yerini, cəmiyyətdə mövqeyini möhkəmləndirmişdir. Azərbaycanın dövlətçilik tarixinin Heydər Əliyev dövrü həm də xilaskarlıq missiyası ilə xarakterikdir. Sirr deyil ki, Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya olarkən - 1993-cü ilin iyun hadisələri zamanı xalqımız Ulu Öndərə ölkəmizin Qurtuluşu və tərəqqisi naminə respublikaya rəhbərlik etməsi barədə qətiyyətli çağırış etmişdi. Ümummilli Lider isə dövlətin, dövlətçiliyin xilası, xalqın rifahı, Azərbaycanın aydın və parlaq gələcəyi naminə öz həyatını belə riskə ataraq növbəti dəfə tarixi-siyasi məsuliyyəti üzərinə götürməkdən çəkinməmişdi. 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtmış, iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmişdi. Həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi yazılmışdı. Bu, Heydər Əliyevin böyük siyasətə Qayıdışı, xalqın Qurtuluşu, dövlətin isə Dirçəlişi idi. Bugünkü reallıqlardan həmin dövrə nəzər saldıqda aydın olur ki, Qurtuluş məfkurəsi böyük bir yolun təməli, Azərbaycan xalqının xilasının, dövlətimizin tərəqqisinin təzahürü olmaqla yanaşı, 30 ilə yaxın müddət ərzində düşmən tapdağında qalmış torpaqlarımızın azad olunmasını, Azərbaycanın bütövləşməsini mümkün edən Zəfər salnaməsidir. Həmin dövrə nəzər salan Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan xalqı bir daha öz müdrikliyini göstərərək Ulu Öndərə üz tutdu, ona müraciət etdi və onu hakimiyyətə dəvət etdi: “Hətta o vaxt Azərbaycanın rəhbərliyində yüksək vəzifələr tutan və vaxtilə Heydər Əliyevə qarşı təxribatlar törətməyə cəhd edən, Naxçıvana desant göndərmək istəyən antimilli qüvvələr də öz canlarından qorxaraq Heydər Əliyevi dəvət etmişdilər. Çünki onların öz taleyi artıq təhlükə altında idi. Mən o günləri yaxşı xatırlayıram. Naxçıvanlılar Heydər Əliyevi buraxmırdılar, qoymurdular ki, getsin. Ancaq Vətəni, Azərbaycan xalqını sevən dövlət adamı kimi onun demək olar ki, seçimi yox idi. O, Bakıya gəldi və o vaxt Bakıda gedən proseslər hamımızın yaxşı xatirindədir. Vətəndaş müharibəsinin dayandırılması birinci məsələ idi. Ona nail oldu. Ondan sonra - Azərbaycanda müəyyən dərəcədə sabitlik yaranandan sonra böyük islahatlara başladı”. Həmin il oktyabrın 3-də keçirilən prezident seçkilərində xalqımızın inam, etibar və etimadı əsasında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin milli maraqlara, dövrün tələblərinə və ictimai-siyasi reallıqlara uyğun qətiyyətli siyasəti Azərbaycanın iqtisadi inkişafını, siyasi yüksəlişini və beynəlxalq mövqeyinin möhkəmlənməsini təmin etmişdir. Ümummilli Liderin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursu ictimai-siyasi sabitliyin, milli həmrəyliyin, xalq-iqtidar birliyinin güclənməsini, müstəqil respublikamızın dünya arenasında nüfuzlu tərəfdaş kimi tanınmasını şərtləndirmişdir. Beləliklə, Heydər Əliyevin respublikamıza ikinci rəhbərlik dönəmini – 1993-2003-cü illəri əhatə edən dövr dövlət müstəqilliyinin təmin olunması, Azərbaycanın sabitlik və tərəqqi yoluna qədəm qoyması, böyük Zəfərin əldə edilməsi üçün təməllərin yaradılması ilə əlamətdardır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “1993-cü il müasir tariximizdə həlledici dönüş nöqtəsidir. Tam qətiyyətlə deyə bilərəm ki, əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, bugünkü Azərbaycanın mövcudluğu hətta şübhə altına düşə bilərdi”. Bu kontekstdə xüsusi vurğulamaq lazımdır ki, Ümummilli Liderin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycanın müasir dövlətçilik tarixində müstəsna yerə və rola malik olan, taleyüklü önəm daşıyan qərarın qəbul edilməsi - siyasi varisliyin təmin olunmasıdır. Azərbaycan xalqının böyük etimadı əsasında ölkə Prezidenti seçilən cənab İlham Əliyev öz missiyasını “Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” - çağırışı ilə ifadə etmişdi. O, əməli fəaliyyəti ilə sübuta yetirmişdir ki, Heydər Əliyev siyasətinə, milli anda sadiqdir və sözü imzası qədər dəyərlidir. Bu gün inamla və iftixarla söyləyirik ki, Ulu Öndərin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda addımlayan müasir müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi uğurlara imza ataraq qarşıda duran milli-strateji məqsədləri gerçəkləşdirmişdir. Dövlət başçısının qeyd etdiyi kimi: “Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”. Ən əsası, Prezident İlham Əliyevin rəhbərliyi ilə atılan addımlar Azərbaycanın milli gücünün artmasını, böyük Qələbəyə doğru əmin addımlarla irəliləməsini təmin etmişdir. Tərəqqiyə və Zəfərə hədəflənən məqsədyönlü siyasət sayəsində Azərbaycanın iqtisadi gücü artırılmış, qüdrətli və modern ordu quruculuğuna nail olunmuş, məharətli diplomatik addımlar nəticəsində ölkəmizin regional və beynəlxalq təsir imkanları genişlənmişdir. Nəhayət, Azərbaycan hərbi-siyasi arenada möhtəşəm qələbə qazanaraq BMT-nin uzun müddət kağız üzərində qalmış qətnamələrinin icrasını öz gücü ilə təmin etmişdir. Beləliklə, 44 günlük Vətən müharibəsində Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün cəbhələrdə - hərb meydanında, beynəlxalq informasiya platformasında və diplomatiya müstəvisində möhtəşəm qələbə qazanaraq tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına müvəffəq olması xalqımızın çoxəsrlik, zəngin və şərəfli dövlətçilik tarixinin ən parlaq səhifəsidir. Hazırda işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işləri görülür, müasir infrastruktur yaradılır və xarici tərəfdaşlarla yeni əməkdaşlıq əlaqələri formalaşdırılır. Bütün bu reallıqlar Azərbaycanın həm sosial-iqtisadi inkişafına, həm də regionda mövqelərinin möhkəmlənməsinə xidmət edir. Bu tarixi gerçəklik Zəfər yürüşünün quruculuq meydanında və diplomatiya müstəvəsində fasiləsiz davam etdiyini göstərir. Prezident İlham Əliyev Azərbaycanı Zəfər yolu ilə yeni nailiyyətlərə, qələbələrə aparır. Dövlət başçısının qeyd etdiyi kimi: “Bu gün alnımız açıqdır, üzümüz gülür, başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”. Bu gün həm qalib Azərbaycan dövlətinin, həm də xalqın iradəsini ifadə edən Yeni Azərbaycan Partiyasının qarşısında mühüm vəzifələr və yeni strateji hədəflər durur. Azərbaycanda və regionda təşəkkül tapan yeni reallıqlar və mövcud çağırışlar ictimai-siyasi sabitliyin və milli birliyin möhkəmləndirilməsini, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasını, ölkənin beynəlxalq mövqeyinin daha da gücləndirilməsini zəruri edir. Təbii ki, ölkə başçısı, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin – milli hədəflərin yerinə yetirilməsi istiqamətində atılan addımlar ölkəmizə belə bir önəmli tarixi mərhələdə yeni müvəffəqiyyətlər qazandıracaq, Azərbaycanın tərəqqisində yeni mərhələnin başlanmasını təmin edəcək, tarixi dəyərlərlə müasir reallıqların vəhdətinə əsaslanan, azərbaycançılıq ideologiyasına və dövlətçilik ideyasına söykənən Heydər Əliyev siyasəti Azərbaycana yeni qələbələr bəxş edəcəkdir!