Əliyev Kamil Əli oğlu - Tanrı verən ömrü hər kəs bir cür yaşayır. Kimi özü üçün, kimi doğmaları üçün, kimi ailəsi üçün. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr etdi. Tükənməz millət sevgisinin nəticəsidir ki, müstəsna xidmətləri ilə Azərbaycanın taleyində misilsiz rolu olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı , ölkəmizi sürətli inkişaf yoluna çıxarmaqla dünya birliyinə qovuşdurmuş dünya şöhrətli nəhəng siyasətçi – Heydər Əliyevin doğum günü hər il respublikamızda, eləcə də onun hüdudlarından kənarda böyük təntənə ilə qeyd olunur, əbədiyaşar liderimizin parlaq xatirəsi dərin ehtiramla yad edilir. 2024-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101 ili tamam olur. 1923-cü il may ayının 10-da dünyaya gələn dahi insan Heydər Əliyev hələ uşaq vaxtlarından fitri istedadı, bacarığı, təhsilə olan marağı, davranışı, yeniyetmə dövründən isə nəzəri bilikləri, aydın nitqi, cəsarəti ilə həmyaşıdlarından seçilməklə bərabər, həyata baxışı, milli mənəvi dəyərlərə bağlılığı diqqəti cəlb edirdi. Tarixin xalqımıza bəxş etdiyi dahi şəxsiyyətin, müasir Azərbaycanın xilaskarı və memarı ümummilli liderimiz Heydər Əliyevin bütün fəaliyyətinin əsas və ali məqsədi Azərbaycanı güclü, demokratik dövlətə çevirmək və xalqına firavan həyat bəxş etmək idi. Onun adı və əməlləri milli dövlətçiliyimizin əbədiyyət zivəsini təşkil edir. Azərbaycanı sülh, sabitlik, milli-dini tolerantlıq məkanına, fərqli mədəniyyətlərin dialoq meydanına çevirən Heydər Əliyev ölkəmizin demokratik inkişaf yolunu müəyyənləşdirmiş, gənc müstəqil dövlətin siyasi platformasını mənəvi və əxlaqi konsepsiyalarını yaratmışdır. Ən əsası ulu öndər Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edən mükəmməl bir dövlətçilik ideologiyası formalaşdırmışdır. Azərbaycan xalqı hər il öz dahi oğlunun dünyaya göz açdığı 10 may gününü milli tarixin ən əziz günlərindən biri kimi qeyd edir. Ulu öndərin anadan olmasının 101-ci ildönümü ərəfəsində onun ölməz xatirəsi milyonlarla soydaşımızın duyğu-düşüncələrini yenidən öz nuruna bürüyür. Xalqımızın ümummilli liderinin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş və öz tarixi vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikasını öz vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz Heydər Əliyev fəaliyyətinin nəticəsidir. Tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz-üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bildi. Heydər Əliyevin qurduğu dövlətin iqtisadi siyasəti əhalinin sosial müdafiəsini daim diqqət mərkəzində saxlamaqla sosial yönümü ilə səciyyələnirdi. Bu gün Azərbaycan nüfuzlu vətəndaş cəmiyyətinin əsaslarının qurulduğu, müxtəlif siyasi partiyaların sərbəst fəaliyyət göstərdiyi, yüzlərlə senzurasız qəzet və jurnalın nəşr olunduğu, eləcə də çox sayda özəl telekanalların yayımlandığı və internet şəbəkəsi istifadəçilərinin sayının sürətlə artdığı bir ölkədir. Ümummilli lideri Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Heydər Əliyev təkcə gələcəyi görmür, həm də onu yaradırdı. Bu insan sabaha doğru gedən yolu açır və insanları o yolla getməyə çağırırdı. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş nəhəng dövlət xadimi və dünya şöhrətli siyasətçi Heydər Əliyevin qurduğu müasir müstəqil Azərbaycan əmin əllərdədir və Ulu öndərin ideyalarını rəhbər tutan Prezident İlham Əliyevin həyata keçirdiyi mükəmməl siyasət sayəsində dayanıqlı inkişaf edərək daha da qüdrətlənir. Bütün bunlar qəti əminlik yaradır ki, nə qədər Azərbaycan milləti və dövləti var, dünya miqyaslı böyük tarixi şəxsiyyət Heydər Əliyev həmişə xatırlanacaq, onun parlaq siması qədirbilən insanların qəlbində yaşayacaq, əziz və unudulmaz xatirəsi hər zaman xüsusi ehtiramla anılacaqdır.