|
Dövlət başçısı İlham Əliyev Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada bir daha bu hədəfi açıqladı ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq
“Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Sessiyadan əvvəl cənab Baş nazirlə müzakirə etdik ki, dünən Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verdi. Ümid edirik ki, biz bir neçə aya Sloveniya bazarına daxil ola biləcəyik. İndi Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq.” Dövlət başçısı İlham Əliyev iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada ölkəmizin enerji siyasətinin uğurlarından geniş bəhs edərək etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyini əsaslı şəkildə diqqətə çatdırdı. Ümumilikdə dövlət başçısı İlham Əliyevin xarici ölkələrə elə bir səfəri, beynəlxalq əhəmiyyətli tədbirdə elə bir çıxışı yoxdur ki, diqqəti Azərbaycanın enerji siyasətinə yönəltməsin. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi bu gün iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin dünyanın enerji xəritəsini dəyişməsindəki rolunda özünün aydın ifadəsini tapır. Bu fikir daim önə çəkilir ki, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. Lakin bu marağın zaman-zaman dəyişdiyi diqqətdən kənarda qalmır. Müstəqilliyimizin bərpasının ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Lakin 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkədə vəziyyəti tamamilə dəyişdi, Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ölkəmizdə sabitliyin yaradılması Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə son qoydu. Ümummilli Lider belə bir çağırışı etdi ki, Azərbaycanın qapıları bura xoş niyyətlə ayaq basan hər bir iş adamının üzünə açıqdır. İnvestorlar yatıracaqları vəsaitlərin təhlükəsizliyinə tam əmin ola bilərlər.
Azərbaycan hazırda Avropanın etibarlı tərəfdaşı kimi tanınır və nüfuz qazanıb. Ölkəmizin Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlərlə əlaqələrinin inkişafı göz önündədir. Azərbaycanla Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlər arasında əlaqələrin yüksələn xətlə inkişafından bəhs edərkən «Tərəfdaşlıq prioritetləri» sənədinin ardınca 2022-ci ildə Azərbaycan ilə Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını xüsusi qeyd etməliyik. Sənədlərin imzalanmasından sonra Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarında Azərbaycanla qurum arasında əməkdaşlığın perspektivlərindən danışdılar. Cənab İlham Əliyev bildirmişdir ki, bizim enerji sahəsində əməkdaşlığımızın 15 ildən çox tarixi var. Bugünkü sənəd Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış ilk sənəd deyil: «Biz 2006-cı ildə də sənəd imzalamışıq. 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı sənəd imzalanıb. Beləliklə, bizim əməkdaşlığımızın uğurlu tarixi var.» Dövlət başçısı İlham Əliyev imzalanan Memorandumu əməkdaşlığın gələcəyi üçün yol xəritəsi kimi dəyərləndirdi. Bu reallıq bir daha diqqətə çatdırılmışdır ki, indiyə qədər nələri planlaşdırmışdıqsa, onlara da nail olmuşuq, gələcək planlarımıza da müvəffəq olacağıq. Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycanın bərpa olunan enerji sahəsində çox böyük potensialı olduğunu vurğulayaraq qeyd etmişdir ki, Azərbaycan Prezidenti ilə görüşdə xüsusilə dənizdə külək enerjisi və yaşıl hidrogen enerjisi ilə bağlı müzakirələr aparıldı. Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu ilə bu sahədə möhkəm əməkdaşlıq üçün güclü zəmin yaratmış olduq. Bununla da Azərbaycan tədricən Avropa İttifaqının neft və qaz təchizatçısından daha çox etibarlı bərpaolunan enerji təchizatçısına çevriləcək.
Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırır. “Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq” söyləyən cənab İlham Əliyev bildirdi ki, bu, bizim hədəfimizdir. Bizim resurslarımız və infrastrukturumuz var. Yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik, həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışmalıyıq: “Çünki bizim İtaliyaya təchizatımız 9 milyard kubmetrdirsə, İtaliyaya bizdən 20 milyard kubmetr qaz lazımdır. Bu, sadəcə, qazımıza olan tələbatın bir nümunəsidir. Digər bir məqam isə qazıntı yanacağı və onun müəyyən demonizasiyası ilə bağlıdır. Mən bu məsələ ilə bağlı şərhlərimi daha sonra bildirərəm. Bizim enerji layihələrinə gəlincə, Azərbaycan etibarlı təchizatçı olub. Demək olar ki, 20 il ərzində biz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdik və qonşularımızla birlikdə onu istismara verdik. İndi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik.”
Etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirən Azərbaycan malik olduğu iqtisadi potensialdan səmərəli istifadə etməklə yeni dostlar, tərəfdaşlar qazanır. Bugünümüzün reallıqları Ulu Öndər Heydər Əliyevin «Əsrin müqaviləsi»nin imzalanmasından öncə söylədiyi «Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübalidəsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz» fikirlərinin təsdiqidir. Azərbaycanın enerji tərəfdaşlarının sayı artdıqca, layihələrdə iştirak edən dövlətlərin coğrafiyasının genişlənməsi gələcəyə daha böyük inamla addımlamağa stimul verir. Azərbaycanın enerji sektorunda qazandığı uğurlar, nəqliyyat-logistika imkanlarının artması, son 20 ildən artıq dövrdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar və yüksək nəticələr yeni neft strategiyasının uğurlarının təqdimatında əhəmiyyətli rol oynayır. Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı prioritet məsələ kimi öndədir. Hazırda işğaldan azad edilmiş ərazilərimizin malik olduğu iqtisadi imkanlardan səmərəli istifadəni təmin etmək üçün mühüm addımlar atılır. Milli Prioritetlərin icrasına başlanıldı. Ölkəmizin enerji siyasətinin üçüncü mərhələsi kimi dəyərləndirilən bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması məsələsi geniş müzakirə edilir. Azərbaycan Enerji Həftəsi çərçivəsində tərəfdaşlarını bir araya gətirəndə, eyni zamanda, dövlət başçısı İlham Əliyev iştirak etdiyi tədbirdə çıxışı zamanı Azərbaycanın bərpaolunan enerji sahəsində mövcud imkanlarından geniş bəhs edərək əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini diqqətə çatdırır.
Azərbaycanın enerji sektorunda qazandığı uğurlar bu reallığı təsdiqləyir ki, Ulu Öndər Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməklə gələcəyimiz üçün möhkəm təməl yaratdı. Dövlət başçısı İlham Əliyev qarşıdakı dövrün hədəflərini açıqlayarkən bildirir ki, bizim planlarımıza görə 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri yaradılmalıdır. Qeyd etdiyimiz rəqəm tam realdır. Bu, artıq imzalanmış kontraktlar əsasında olacaq: “Niyyət protokolları isə daha böyük rəqəm haqqında bəhs edir, təqribən 10 min meqavat. Beləliklə, biz böyük həcmdə təbii qazımızı ixrac edə biləcəyik, ona qənaət olunacaq. Elektrik enerjisinin böyük hissəsi bərpaolunan enerji hesabına istehsal ediləcək. Biz iqlim dəyişikliyi məsələlərinə də öz töhfəmizi vermiş olacağıq, xüsusilə nəzərə alsaq ki, Azərbaycan bu il COP29-a - dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi edəcəkdir. Ona görə bərpaolunan enerji növləri ilə bağlı bizim hədəflərimiz aydındır. Onu da bildirməliyəm ki, bütün bu layihələr xarici investorlar tərəfindən icra edilir və ediləcək.”
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü