|
Ordubad şəhərinin Baş planının hazırlanması ilə bağlı onlayn görüş keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, görüşdə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Seyidov, nazirliyin əməkdaşı Gülbuta Babayeva, Azərbaycan Respublikası Şəhərsalama və Arxitektura komitəsinin əməkdaşı Məzahir Hüseynov, İsveçrənin “SA Partners” şirkətinin əməkdaşları Angela Viest və İpek Kahraman iştirak edib.
Görüşün əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planının müvafiq bəndinin icrası ilə bağlı Ordubad şəhərinin baş planının hazırlanması zamanı mədəniyyət abidələrinin qorunması, şəhərin ümumi tarixi görünüşünün diqqətdə saxlanılması ilə bağlı işlərin həyata keçirilməsidir.
Görüşdə qoruq ərazisində iş aparılması üçün nəzərə alınmalı olan amillər və qaydalar, qoruğun mühafizə zonasının olması və qaydaları, sərhədlərinin mövcudluğu, tikiləcək olan otel binası layihəsinin tarixi şəhər qaydalarına uyğunluğu, yeraltı su kanalları, kəhrizlərin, tunellərin sxemləri, qoruq ərazisində tikinti və bərpa işinin aparılması qaydaları və digər məsələlər müzakirə edilib.