|
Nazim Eynallı - Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Ümummilli Lider Azərbaycanı daim zirvələrdə görmək istədi və bunu atdığı addımları ilə təsdiqlədi. Onun hakimiyyətinin hər iki dövründə, siyasi fəaliyyətinin Naxçıvan mərhələsində gördüyü işlərin miqyası da bunun bariz nümunəsidir. İlllər keçdikcə bu xidmətin böyüklüyü daha aydın görünür. Tariximizi daim vərəqləməli, Azərbaycanın bu günü üçün kimə borclu olduğumuzu indiki və gələcək nəslə çatdırmalıyıq. 1991-1993-cü illər ərzində dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdır. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Xalq xilaskarını- Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Dövlətini, xalqını canından artıq sevən Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə bugünkü inkişafın təməlini qoydu. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq məfkurəsi ətrafında birliyi, həmrəyliyi təmin edildi. Ümummilli Liderin “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının həyat amalına çevrildi.
Ümummilli Liderin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi. Həmin ilin 20 sentyabr tarixində imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirdi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar Heydər Əliyev yolunun nailiyyətləridir. Dövlət başçısı İlham Əliyev həmin dövrü belə xarakterizə edir: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi.”
Dahi şəxsiyyət Heydər Əliyevin xidmətlərindən bəhs edərkən Onun siyasi fəaliyyətinin Naxçıvan dövrü xüsusi qeyd edilir. Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası bir çox çətinliklər ilə üz-üzə qalmışdır. Naxçıvanın sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Muxtar Respublikanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Atılan addımlar sırasında Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözlərinin çıxarılmasını qeyd etməliyik. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu Öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Eyni zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi. Blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan ilk rəsmi təmaslar təşkil olundu. Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması bu baxımdan müstəsna əhəmiyyətə malikdir.
Qeyd etdiklərimiz belə bir ümumiləşdirməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. Görülən bu işlər, eyni zamanda, Azərbaycanın uğurlu gələcəyinə xidmət etdi.
Bu gün Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətindədir. Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı Zəfərlərə aparır. 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmiz, ötən ilin sentyabrında bir günlük antiterror tədbrləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi Azərbaycanın keçdiyi inkişaf yolunun təqdimatı oldu. Müasir müstəqil, qalib Azərbaycan hər birimizin qürur mənbəyidir. Ümummilli Lider Heydər Əliyev adını tarixə müstəqilliyimizin, Onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdı. Azad Qarabağımız və Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir.