|
Məhəmməd Musayev - Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Ümummilli Lider Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir.
Dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edərkən fəaliyyətinin Naxçıvan mərhələsində gördüyü işlər xüsusi qeyd edilir. Onun siyasi fəaliyyətində 1990-1993-cü illər mühüm yer tutur. Həmin dövr Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Naxçıvan dövrü kimi xarakterizə edilir. Məhz həmin illər Ulu Öndərin böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu. Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə işinə başlamışdı. Milli dövlətçiliyə yeni nəfəs vermiş Naxçıvan parlamentinin ilk sessiyasında gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdır. Fenomen şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atıb.
Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin sədri seçilən Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. Ümummilli Liderin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin parlaq səhifələrini təşkil edir. Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə yol açdı.
Reallıq budur ki, Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir.
Azərbaycan 1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycana idarəçilikdən xəbərsiz, şəxsi maraqlarını dövlət maraqlarından üstün tutan ünsürlərin rəhbərlik etməsi ölkəni böyük təhlükələrlə, faciələrlə üz-üzə qoydu. Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz Lideri- Heydər Əliyevi dəvət etdi. Onu da qeyd edək ki, Azərbaycanın o illərdə yaşadıqları xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı Ulu Öndər Heydər Əliyevə tarixi müraciətində də öz əksini tapmışdır. Bu müraciət Azərbaycanın həyatında dönüş nöqtəsi oldu. Belə ki, dahi şəxsiyyətin müraciətə müsbət cavabı, həmişə olduğu kimi xalqının yanıında olaraq belə bir partiyanın yaradılmasına razılığı sonrakı proseslərin müsbət istiqamətdə inkişafında stimulverici amil oldu. 1992-ci ilin noyabr ayının 21-də Yeni Azərbaycan Partiyası yaradıldı, 1993-cü ilin iyun ayında dahi şəxsiyyət xalqın təkidli tələbi ilə hakimiyyətə dəvət edildi. Ümummilli Liderin yenidən hakimiyyətə qayıdışı həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin başlanğıcı oldu.
Xalqın məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Ümummilli Lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir.
Azərbaycana hansı sahədən baxsaq bütün uğurlar dahi şəxsiyyətin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmışdır. Azərbaycanın sabitlik diyarı kimi nüfuz qazanması böyük investisiyalar məkanına çevrilməsini şərtləndirdi. Ölkəmizin beynəlxalq nüfuzu artdı. Ən əsası dövlət və xalq arasında möhkəm birlik yaradıldı.
Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətinin uğurlu davamı Azərbaycanı Zəfərlərə qovuşdurdu. Dünyaya səs salan tarixi Zəfərimiz Heydər Əliyev yolunun təqdimatı oldu. Bu gün qalib, bütövləşən Azərbaycanın reallıqları fonunda Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir. Böyük Qayıdış Proqramı uğurla icra edilir. Azərbaycanın tarixi ədalətə söykənən siyasəti davamlı uğurları şərtləndirir.