|
1990-cı il iyulun 20-də Bakıya, iki gün sonra doğma yurdu olan Naxçıvana dönən Ulu Öndər Heydər Əliyevi Naxçıvan əhalisi böyük sevinc və çoşqu ilə qarşıladı. O vaxtlar çətin vəziyyətdə olan Naxçıvan əhalisi başa düşürdü ki, onları bu ağır vəziyyətdən yalnız dahi şəxsiyyət Heydər Əliyev xilas edə bilər.
30 sentyabr 1990-cı il tarixində Heydər Əliyev Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetinə deputat seçildi. Bu, Ulu Öndərin yenidən Azərbaycanda siyasi fəaliyyətinin başlanğıcı oldu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Soveti üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda Azərbaycanın qanunvericilik orqanına 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi dövlət rəmzlərinin - bayraq, gerb və himnin Azərbaycanın milli atributları kimi qəbul edilməsi təklif edildi. Həmçinin sessiyada Naxçıvan MSSR-in adından “Sovet” və “Sosialist” sözlərinin çıxarılması barədə qərarın qəbul edilməsi təklifi Heydər Əliyev tərəfindən irəli sürülmüşdür.
Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü bütün təkliflər məhz müstəqil Azərbaycan dövlətinin yaranmasına xidmət edirdi. Naxçıvan Muxtar Respublikası Ali Soveti 1990-cı il 20 yanvar hadisələrinə də siyasi qiymət verdi və bu hadisədə SSRİ rəhbərliyi ilə yanaşı, respublika rəhbərləri Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibovun da günahkar olduqları qeyd edildi.
Heydər Əliyevin Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də açılış sessiyasındakı çıxışı xalq tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Ulu Öndər respublikadakı mövcud siyasi vəziyyəti ətraflı təhlil etdi, Qarabağ prblemində SSRİ rəhbərliyi ilə yanaşı, Azərbaycan rəhbərliyinin də ciddi nöqsanlara yol verdiyini, eləcə də təcavüzkar Ermənistanla birlikdə mübarizə aparmağın vacib olduğunu qeyd etdi. Həmin sessiyada dövlətin adının dəyişdirilərək Azərbaycan Respublikası adlandırılması və Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı təsdiq olunmasında məzh Dahi Lider Heydər Əliyevin böyük rolu olmuşdur. Heydər Əliyevin 1991-ci il iyulun 19-da SSRİ Nazirlər Soveti partiya təşkilatına Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin Konstitusiyaya zidd olaraq pozulması, Ermənistanın Azərbaycana qarşı elan edilməmiş müharibə aparması səbəbindən partiya sıralarından çıxması barədə yazdığı ərizə xalq tərəfindən böyük rəğbətlə qarşılandı.
1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması ilə bağlı tarixi çıxış etdi. Bunun nəticəsində sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında” Bəyannamə qəbul edildi. 1991-ci il oktyabrın 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi.
1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi və qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini oldu. Bundan sonra dahi şəxsiyyətin Azərbaycanın siyasi həyatında böyük işlər görməsinə şərait yarandı. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımlar atılmasına səbəb oldu. Ulu Öndər hakimiyyətə gəldikdən sonra dövlətçilik konsepsiyası hazırlandı, iqtisadiyyatımız yeni mərhələyə qədəm qoyaraq sürətlə dirçəlməyə başladı. Azərbaycanda demokratiya, mətbuat və söz azadlığı bərqərar oldu, tolerantlıq, multikulturalizmin əsası qoyuldu. Dahi siyasətçi Heydər Əliyev Azərbaycanda dövlətçilik prinsiplərinin əsasını qoydu, sosial, siyasi sabitliyin təməlini formalaşdırdı. Bu gün də Azərbaycan Ulu Öndərin siyasi kursu ilə inamla irəliləyir və dünyada böyük nüfuz sahibinə çevrilərək yeni uğurlara imza atır.