Bugünkü buraxılışımızda Azərbaycanda keçirilmiş Parlament seçkiləri, ölkəmizdə COP29-la bağlı aparılan hazırlıq işləri, eləcə də ölkə ictimaiyyətini maraqlandıran bir sıra digər mövzular barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.
- Bəs bu hadisənin, yəni Azərbaycan ilə Özbəkistanın artıq müttəfiq ölkələrə çevrilmələrinin ümumilikdə regionlarımız üçün əhəmiyyəti barədə nə deyə bilərsiz?
- Əslində sizin bu sualınızın cavabı cənab Prezident İlham Əliyevin avqustun 23-də Daşkənddə mətbuata bəyanatla etdiyi çıxışında öz əksini aydın şəkildə tapmışdır. Dövlətimizin başçısı birmənalı olaraq vurğuladı ki, regionlarımızda müsbət proseslər Daşkənd ilə Bakı arasında səmərəli əməkdaşlıqdan çox asılıdır. Bu da ondan irəli gəlir ki, hazırda Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir. Məhz elə ölkələrimiz arasında əməkdaşlığın səmərəliliyinin artırılması, münasibətlərin möhkəmləndirilməsi məqsədilə dövlət başçıları səfər çərçivəsində bir çox önəmli məsələləri müzakirə etmiş, mühüm sənədlərə imza atmışlar. Müttəfiqlik münasibətlərinə dair müqavilə isə, iki ölkənin imzalaya biləcəyi ən ali səviyyədə beynəlxalq sənəddir. Bu müqavilənin imzalanması ilə iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldu. Cənab Prezidentin dediyi kimi, bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək.
- Eldar müəllim, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin növbəti uğurunun təzahürlərini biz hamımız bu günlərdə dövlət başçımızın İtaliyaya növbəti işgüzar səfəri zamanı cərəyan edən hadisələrdə də müşahidə etdik. Necə bilirsiniz Beynəlxalq Çernobbio Forumunda Azərbaycan Prezidentinin xüsusi dəvətlə iştirakı ölkəmizə hansı dividentləri qazandırır?
- İlk növbədə deməliyəm ki, cənab Prezident İlham Əliyevin İtaliya Respublikasına səfəri çərçivəsində sentyabrın 6-da “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Gələcək qlobal çağırışlar və onların biznesə təsiri” mövzusunda keçirilmiş növbəti Beynəlxalq Çernobbio Forumuna əsas qonaq qismində dəvət olunması Avropa ölkələrinin Azərbaycanla tərəfdaşlıq və əməkdaşlıq əlaqələrini genişləndirməkdə maraqlı olduqlarının daha bir təsdiqidir. Bu hadisə eyni zamanda ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürü, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfənin beynəlxalq ictimaiyyət tərəfindən növbəti dəfə yüksək qiymətləndirilməsidir. Bu arada mən sizin yadınıza bir vacib və son dərəcə maraqlı məsələni salmaq istəyirəm. Xatırlayırsınızsa, dövlət başçımızın 2022-ci ildə keçirilən Çernobbio Forumundakı çıxışı və xarici media nümayəndələrinin suallarına verdiyi ətraflı cavablar Avropa ictimaiyyətinin böyük marağına səbəb olmuşdu. Həmin tarixi çıxışında cənab Prezident bildirmişdi ki, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Dəyişikliklərin hansı axınla gedəcəyi isə Ukraynada müharibənin hələ nə qədər davam edəcəyindən, bu savaşın necə bitəcəyindən və bundan sonra dünyada güc balansının hansı şəkildə olacağından çox asılı olacaq. Son iki il ərzində baş verən hadisələr dövlət başçımızın nə qədər haqlı olduğunu bir daha sübut etdi.
- Yeri gəlmişkən, Azərbaycanın Rusiya-Ukrayna münaqişəsinin həlli məsələsində vasitəçi olma ehtimalı ilə bağlı moderatorun verdiyi suala dövlət başçımızın cavabı da kifayət qədər böyük maraq doğurmuşdu...
- Təbii ki, cənab Prezident İlham Əliyevin istər öz çıxışında, istərsə də ona ünvanlanan sualları cavablandırakən səsləndirdiyi fikirlərin hər biri istər tədbir iştirakçıları üçün, istərsə də ictimaiyyət üçün son dərəcə maraqlıdır və böyük önəm kəsb edir. Çünki bu fikirlər dərin təhlilə, sağlam düşüncəyə, güclü məntiqə əsaslanır və nəticə etibarı ilə obyektiv reallıqları əks etdirir. Rusiya – Ukrayna münaqişəsinin nizamlanmasında Azərbaycanın hansı rol oynaya biləcəyinə dair moderatorun sualına gəlincə isə, dövlətimizin başçısı bunun nəzəri cəhətdən mümkün olduğunu açıq şəkildə bəyan etdi. Həqiqətən də Azərbaycan Rusiya və Ukrayna ilə yanaşı 70 il ərzində Sovet İttifaqının tərkib hissəsi olub. Buna görə də hər iki ölkə ilə xalqlararası və siyasi səviyyədə şaxələndirilmiş münasibətlər mövcuddur. Ölkəmizin həm Rusiya ilə, həm də Ukrayna ilə çox yaxşı münasibətləri var. Azərbaycan Ukrayna da daxil olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini güclü şəkildə dəstəkləyir. Bununla yanaşı, ölkəmiz Rusiyaya qarşı sanksiyalar kampaniyasına qoşulmayıb və cənab Prezident yenə də birmənalı olaraq bildirdi ki, Azərbaycanın belə bir niyyəti də yoxdur. Buna görə də Azərbaycan praqmatik münasibətlərin mövcudluğu fonunda rol oynaya bilər.
- Eldar müəllim, sonuncu sualım bu gün cəmiyyətimizdə ən çox müzakirə olunan mövzulardan biri, COP29-la bağlı olacaq. Bu tədbirin məhz Azərbaycanda keçirilməsi ölkəmiz üçün nə dərəcədə əhəmiyyətlidir?
- Keçən ilin dekabr ayında Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının bu il keçiriləcək 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək hüququnu qazanması sözsüz ki, böyük uğurdur. Bununla əlaqədar Ölkə Prezidenti cənab İlham Əliyev dekabrın 15-də keçirdiyi müşavirədə çıxış edərkən bildirmişdir ki, bu qərarı bütün dünya ölkələri yekdilliklə qəbul etmişlər və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad göstərilmişdir. Əlbəttə ki, bu qərar ölkəmizə beynəlxalq aləmdə olan hörmətin günbəgün artdığını təsdiq edir və biz birmənalı olaraq qeyd etməliyik ki, Azərbaycan bu hörməti və nüfuzu ilk növbədə cənab Prezident İlham Əliyevin gördüyü mühüm işlərin və həyata keçirdiyi son dərəcə uğurlu müstəqil xarici siyasət kursunun sayəsində qazana bilmişdir. Dövlət başçımızın hər zaman nümayiş etdirdiyi prinsipiallıq, qəbul olunan bütün qərarların, atılan addımların beynəlxalq hüquqa tam uyğunluğu və əlbəttə ki, ölkənin bütün ərazisində dövlət suverenliyinin bərpa edilməsi Azərbaycana olan bu hörməti daha da artırmışdır. Cənab Prezident İlham Əliyev öz çıxışında xüsusi olaraq vurğulamışdır ki, COP29 ölkəmizdə bu vaxta qədər keçirilmiş beynəlxalq tədbirlərlə müqayisəyə gəlmir. Gözlənilir ki, tədbirin davam edəcəyi iki həftə ərzində, təqribən 70-80 min xarici qonaq ölkəmizdə olacaq. Həmin müddətə Bakı dünyanın mərkəzinə çevriləcək. Əlbəttə ki, Azərbaycan bu beynəlxalq konfransı da ən yüksək səviyyədə keçirəcək və bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq.
- Eldar müəllim, sonda Sizi bir daha deputat seçilməyiniz münasibətilə təbrik edirəm. Hər zaman olduğu kimi, səmimi və ətraflı müsahibənizə görə Sizə həm oxucularımız adından, həm də bütün redaksiya heyətimiz adından səmimi minnətdarlığımızı bildirirəm. Sağ olun, sağlıqla qalın.
- Mən də sizə dolğun və məzmunlu suallarınıza görə təşəkkür edirəm. Sağ olun.