|
Paytaxtın Bakıxanov qəsəbəsi, Atəşgah dairəsində hər gün tıxac yaşanır.
Axar.az xəbər verir ki, qəsəbədən gələn avtomobillərlə Bülbülədən gələn maşınlar günün müxtəlif saatlarında dairədə tıxacda qalırlar. Sürücülərin sözlərinə görə, son aylarda dəmiryol keçidinin üstündə hər gün ayrı-ayrı saatlarda dəhşətli tıxaclar yaşanır. Hətta tıxacın miqyası Bakıxanov parkına qədər uzanır. Axşam saatlarında isə yol polis əməkdaşları "Köhnə stansiya" deyilən istiqamətdən gələrkən dairəvi yolda hərəkəti tənzimləyirlər ki, tıxac Atəşgah dairəsinə qədər uzanmasın.
Sakinlər bildirirlər ki, bu yolda tez-tez tıxacların yaranmasının iki səbəbi var:
“Bu tıxaclara səbəblərdən biri günün müxtəlif saatlarında dəmiryolundan keçən qatarlara görə yolun bağlanması, digər səbəb isə Bülbülədən gələn nəqliyyatla Bakıxanovdan gələn avtomobillərin bir-birinə yol verməməsidir. İnsanlar Atəşgah dairəsindən keçərkən hər gün həyati təhlükə ilə qarşılaşırlar. Çünki nə piyada zolağı var, nə də işıqfor”.