|
Dövlət başçısının tapşırığının icrası ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2018-ci il üçün tərtib edilmiş Tədbirlər Planına əsasən, Bakı şəhəri üzrə uzunluğu 107,8 km olan 13 yol infrastrukturu layihəsinin icrası həyata keçirilir.
Agentlikdən Axar.az-a verilən məlumata görə, bu layihələrdən biri 55 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 5.4 km-lik Mərdəkan-Qala hissəsinin bərpasıdır.
Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 8-13-cü km-liyini əhatə edən Mərdəkan-Qala hissəsi uzun müddət istismar olunduğuna görə tam uzunluq boyu deformasiyaya uğramış, çoxlu çatlar əmələ gəlib, bir çox hissələrdə asfalt-beton örtük tamamılə dağılmışdır. Yol boyu çiyinlərin bərkidilməsi, həmçinin əhalinin təhlükəsiz hərəkəti üçün səkilərin inşasına zərurəti yaranıb. Bütün hərəkət iştirakçılarının rahat və maneəsiz hərəkətini təmin etmək istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolda kompleks tədbirlərə start verilib.
Hazırlanmış layihəyə uyğun olaraq avtomobvil yolu II texniki dərəcəyə uyğun bərpa edilir. Bunun üçün frez maşını ilə asfalt-beton örtüyü profilə salınıb, yolun deformasiyaya uğramış hissələri 50 min kub.m həcmdə qazılaraq çıxarılıb. Hazırda qazılmış, genişləndirilmiş və relyefdən aşağı olan hissələrin karbonat materialı ilə hissə-hissə doldurularaq kipləşdirilməsi işləri aparılır. Bu işlərin həcmi 66 min kub.m-dir.
Kommunikasiya xətlərinin keçirilməsi üçün yolun altından 350 mm diametrində və 190 paqon-metr uzunluğunda ehtiyat borular atılır. Torpaq yatağı hazır olan hissələrdə optimal-çınqıl qarışığı ilə 22 sm hündürlükdə əsasın alt layının və qum-qırmadaş qarışığı ilə 16 sm qalınlıqda əsasın üst layının təmiri aparılır. Bu işlər 87 min kv.m sahəni əhatə edir. Yol əsasının hazır olan hissələri isə əlaqələndirici bitum səpilməklə asfaltlanır. İri və xırda dənəli olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri təqribən 60 min kv.m sahəni əhatə edəcək.
Texnoloji ardıcıllığa uyğun olaraq çiyinlərin çınqılla bərkidilməsi, həmçinin vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri olan yerlərdə 2650 paqon-metr uzunluğunda səkilərin inşası və kənarlarına səki daşlarının düzülməsi, yolun 630 m-lik məsafəsində 4 hərəkət zolağı olduğu üçün ayrıcı zolağın tikintisi və üzərinə 810 kv.m sahədə tamet daşların döşənməsi işləri aparılacaq.
Yolun sağ tərəfində 520 mm-lik qaz kəməri yerləşdiyinə görə, əyrixətli metal tirlərdən mühafizə çəpərlərin tikilməsinə ehtiyac var. Bu məqsədlə yolun kənarına 2910 paqon-metr uzunluğunda əyrixətli dəmir tirlər və dirəklər quraşdırılacaq. Bundan başqa layihə boyu hərəkət hissəsinə yaxın olan 100 mm-lik 374 paqon-metr uzunluğunda qaz xətlərinin, 75 paqon-metr uzunluğunda isə su xətlərinin dəyişdirilməsi, bəzi hissələrdə 2100 kv.m mühafizə divarlarının tikilməsi nəzərdə tutulub.
Tikinti norma və qaydalarına uyğun olaraq aparılan işlər zamanı yolun işıqlandırma sisteminin qurulmasına və yol birləşmələrinin təmirinə ehtiyac olduğu üçün, yol boyu 154 ədıd işıq dirəkləri quraşdırılacaq, 1200 kv.m sahədə yol ayrıcı və yol birləşmələri təmir ediləcək. Bərpa işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün 34 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, 15 km uzunluğunda yolcizgi və yol göstərici xətlər, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.
Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında və yüksək keyfiyyətlə aparılır. Əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilməklə təmir-tikinti işlərinin tərtib olunmuş qrafikə uyğun payız aylarında yekunlaşdırılması planlaşdırılır.