|
Mənfi xarakterli informasiyalar cəmiyyətə çatdırılarkən detallar təqdim edilməməlidir. Məsələn, intiharla bağlı xəbər verilərkən detallar təqdim edilməməlidir, oxucunu intihara həvəsləndirməməlidir. Eləcə də işgəncə və zorakılıq xəbərlərində detalların təqdim edilməsi yolverilməzdir.
Bu sözləri Axar.az-a media eksperti Zeynal Məmmədli mediada, televiziya kanallarında heç bir maarifləndirici mahiyyəti olmayan uşaq təcavüzü, qadın zorakılığı, işgəncə, intihar kimi məlumatlar və onlarla bağlı video-görüntülərin verilməsinə münasibət bildirərkən deyib.
Ekspert əlavə edib ki, hər bir informasiyanı yayarkən çox diqqətli olmaq vacibdir:
“Adam var gündəmə gəlmək və ya sevgilisinin, ailəsinin diqqətini çəkmək üçün intihara cəhd edir. Səbəblər müxtəlif ola bilər. İntiharın özündən yox, onun səbəblərindən danışmaq, olayları ümumiləşdirmək lazımdır. Olayların detallarına varmadan, ad çəkmədən məlumat verilməlidir. Çox təəssüflənirəm Azərbaycan mediasında incəlik, həssas yanaşma artıq yoxa çıxmaq üzrədir. Faciə, onun qurbanları adları və fotoları ilə təqdim edilir. Polisə düşmüş uşaqların üzü açıq çəkildə göstərilir”.
Z.Məmmədlinin sözlərinə görə, hər nə qədər cəmiyyətdə mənfi situasiyalar doğursa da, problemi ört-basdır etmək olmaz, sadəcə təqdimat zamanı detallara varılmamalıdır:
“Bir hadisə problemdirsə, sosial bəladırsa, mütləq bundan bəhs etmək lazımdır. Jurnalist bunu elə göstərməlidir ki, ölüm hadisəsi, zorakılıq, ailədaxili münaqişə oxucuda həyəcan, təftiş yaratmasın. Oxucu buna problem kimi yanaşsın. Jurnalist başlığa “dəhşətli qətlin təfərrüatı” sözlərini çıxaranda oxucu həyəcan keçirəcək, detallara varacaq.
Bizim televiziyalar kriminal xəbərləri elə formada çatdırır ki, cəmiyyətdə dedi-qodu, qeybət mövzusuna çevrilir. Bu, çox qorxuludur. Qadınlar, uşaqlarla bağlı zorakılıq halları barədə məlumat yayarkən oxucuya, tamaşaçıya təqdim olunan görüntülərə də həssas yanaşmaq lazımdır. Əgər bir informasiyanın detallı çatdırılması çox vacibdirsə, informasiya aydın olmursa, səhnələşdirmə üsullarından istifadə etmək lazımdır. Əks halda cəmiyyəti biganələşdiririk.
Məsələn, son vaxtlar gündəmdə olan ərinə xəyanət etdiyi deyilən xanımın videosunun yayımlanması biabırçılıqdır. Bizim media sözügedən videonu az qala xəbərləmək üçün yox, sanki əyləndirmək, kimlərisə qorxutmaq, təbliğat üçün verdi. Bu yanaşma qətiyyən doğru deyil”.
Z.Məmmədli bildirib ki, Mətbuat Şurası, eləcə də Milli Televiziya və Radio Şurası bu məsələlərlə xüsusi məşğul olmalı, həm dövlət qurumları, həm də ictimai təşkilatlar cəmiyyətdə müzakirə edilən problemin aradan qaldırılmasında fəallıq nümayiş etdirməlidir.
Modern.az saytının rəhbəri Elşad Eyvazlı isə hesab edir ki, məlumat verilərkən insan beyninə mənfi informasiya ötürmək düzgün deyil:
“5-6 il əvvəl belə məlumat yayılmışdı ki, hansısa ata qızına təcavüz edib. Bu məlumatı eşitdiyim an qohumlarımgildəydim. Ata-qız yanaşı oturmuşdu və həmin verilişə baxırdılar. Bir anda hər ikisində durğunluq yarandı, araya sükut çökdü sanki. Çünki bu məlumat birbaşa atanın da, qızının da beyninə o informasiyanı ötürdü ki, belə bir şey ola bilər.
Hər bir kütləvi informasiya vasitəsində informasiya siyasətini bu KİV-in başında duran şəxslər müəyyən edir. Rəhbərlik düşünməlidir ki, cəmiyyət üçün daha çox xeyirli olan məlumatlar, məsələlər insanların diqqətinə çatdırılsın. Şəxsən mənim rəhbərlik etdiyim saytlarda ümumiyyətlə qeyri-etik məsələlər yer almır. Mən o tip xəbərlərin saytlarımızda yayımlanmasının əleyhinəyəm. Amma elə redaktorlar var ki, bir xəbərin ucundan tutub bir ay həmin informasiyanı tirajlamaqla məşğul olur. Yəni yanaşmalar fərqlidir. Azərbaycanda 9 milyon insan varsa, bir o qədər fərqli düşüncə var. Amma istənilən halda mental dəyərlərə hörmətlə yanaşmaq lazımdır. Bizim dostlarımız düşünməsinlər ki, başqa ölkələrdə bundan da pis, bundan da ağır hadisələr baş vermir. Belə məsələlərin qabardılmasına ehtiyac yoxdur. Fikrimcə, belə məsələlər nəinki maarifləndirmə xarakteri daşıyır, hətta əks-effekt verir. Bəzən biz bu məsələlərlə insanların beyninə mənfi emosiyalar, fikirlər salırıq”.
BakuPost.az saytının rəhbəri Elçin Zahiroğlu da idarəçiliyində olan saytda bu tip məlumatların verilməməsinə üstünlük verir:
“İctimai əhəmiyyət kəsb etməyən məişət hadisələrini xəbərə çevirmirik. Oxucularda gərginlik yaradan, stressə səbəb ola biləcək məlumatlardan qaçmağa çalışırıq. Bəzən bir neqativin və əslində heç kimə lazım olmayan hadisənin rəngi bütün ölkəni bürüyür. Bunun qarşısını almaq lazımdır.
İki-üç gün əvvəl yayılan bir meyxanaçının əmisi oğluna yubka geyindirməyi – namus məsələsinə görə adamı cəzalandırması görüntüləri bəlkə də ilk olaraq mənə gəlmişdi. Bu nə fakt kimi maraqlıdır – belə hadisələr bəşəriyyət yaranandan var, nə bunun yayılması hansısa problemin həllinə kömək edəcək, nə də bir maarifləndirmə tərəfi var. Eləysə, bu murdar görüntüləri oxucumuz niyə seyr eləsin ki?!
Ona görə də biz həmin videoları yayımlamadıq, amma təəssüf ki, bir neçə sayt manşet elədi. Hesab edirəm, bu tipli hadisələrin hətta ictimai əhəmiyyəti olsa belə, ehtiyatla, peşəkarlıqla, heç kimin heysiyyəti ilə oynamadan təqdim etmək lazımdı. Xəyanət etdiyi üçün əri tərəfindən işgəncəyə məruz qalmış, saçları qırxılmış qadının məsələsini fakt kimi maraqlı saymaq olardı, amma qadının üzünü göstərmək biabırçılıq idi. Əlbəttə, xəbərdən qaçmağın əleyhinəyik, amma bizim xəbərimiz kiminsə həyatını, kimilərinsə əsəbini zədələməməlidir”.