|
Hazırda Baş Dövlət Yol Polisi və Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi idarələrinin əməkdaşları paytaxt və bölgələrdə müşahidə olunan yağmurlu hava şəraitinə baxmayaraq, xidməti fəaliyyətlərini davam etdirirlər.
Daxili İşlər Nazirlindən Axar.az-a verilən məlumata görə, gün ərzində yol patrul və post patrul xidmətinin əməkdaşları tərəfindən uşaq bağçaları, orta ümumtəhsil məktəbləri, iri idarə və müəssisələrin yerləşdiyi, həmçinin gölməçələr yaranan ərazilər nəzarətə götürülüb. Həmin məkanlarda piyadaların yolu təhlükəsiz şəraitdə keçməsi üçün polislər tərəfindən lazımi şərait yaradılıb.
Yağışlı havada nasazlıq səbəbindən yollarda qalan avtomobillərin sürücülərinə polislər köməklik göstərərək nəqliyyat vasitələrinin yolun hərəkət hissəsindən çıxarılmasını təmin ediblər. Görülən təhlükəsizlik tədbirlərinin nəticəsidir ki, bu saata olan məlumata görə, paytaxt ərazisində ağır nəticələrə səbəb olan yol-nəqliyyat hadisəsi qeydə alınmayıb. Baş verən 9 yol qəza hadisəsi zamanı isə yalnız avtomobillərə maddi ziyan dəyib.
Yollarda təhlükəsizliyin təmin olunması və yol-nəqliyyat hadisələrinin iştirakçısına çevrilməmək üçün sürücülərdən, eləcə də digər hərəkət iştirakçılarından qaydalara, həmçinin yol polisinin tələblərinə əməl etmələri tələb olunur.