|
Xəbər verdiyimiz kimi, Təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, Bakı Dövlət Universitetinin rektoru səlahiyyətlərini təhsil nazirinin müavini Firudin Qurbanov icra edəcək.
Axar.az xəbər verir ki, Qurbanov Firudin İsa oğlu 1952-ci ildə anadan olub. O, 1974-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun "İqtisadiyyat və planlaşdırma” fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1975-1982-ci illərdə Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda iqtisadçı, kiçik və baş elmi işçi vəzifələrində işləyib. 1982-1989-cu illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında assistent, baş müəllim, dosent və dekan vəzifələrində işləyib. 1989-1994-cü illərdə Təhsil Nazirliyinin Dövlət İnspeksiyasında inspektor, aparıcı inspektor, baş inspektor, şöbə rəisi vəzifələrində işləyib.
1994-2007-ci illərdə Gənclər və İdman, Gənclər, İdman və Turizm Nazirliyində Elm və Təhsil şöbəsinin müdiri vəzifəsində işləyib.
1995-2002-ci illərdə Gənclər və İdman Nazirliyinin Elmi-Metodiki Şurasının sədr müavini, 2001-2005-ci illərdə Elmi-Metodiki Şurasının sədri olub.
1998-ci ildə Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının nəzdində işçi qrupunun üzvü, 2002-2005-ci illərdə Turizmin İnkişafı Dövlət Proqramının, 2003-2005-ci illərdə Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf Dövlət Proqramlarının hazırlanmasında gənclər, idman, turizm və mədəniyyət sektorları üzrə işçi qruplarının sədri, BMT-nin İnkişaf Proqramı "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə daxili turizmin səmərəli inkişafının təmin olunması üzrə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinə İnstitusional yardım” (2004-2005-ci illər) layihəsinin milli direktoru olub.
2007-2014-cü illərdə Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri işləyib.
2007-ci ildə Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun üzvü olub.
2011-ci ildə "dövlət qulluğunun baş müşaviri” ixtisas dərəcəsi verilib. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2011-ci il tarixli müvafiq sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
2015-ci ilin mart ayında AFFA-nın İcraiyyə Komitəsinin üzvü, may ayında Tələbə Futbol Federasiyasının prezidenti seçilib.
2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib.
Prezident İlham Əliyevin 18 iyul 2014-cü il tarixli sərəncamı ilə təhsil nazirinin müavindir.
Nərimanov rayon YAP təşkilatının idarə heyətinin üzvüdür.
Ailəlidir, iki övladı var.
Qeyd edək ki, noyabrın 15-də Abel Məhərrəmov Prezidentin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib.