|
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya açıq məktub yazıb.
Axar.az xəbər verir ki, məktub Bakıda keçirilən "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"un panellərində müzakirələr zamanı İsveçrənin Cənubi Qafqaz üzrə Əməkdaşlıq Ofisinin regional direktor müavini Simona Haberlinin "Lənkəran, Lerik və Astaranın əksər məktəblərinin siniflərində bir nəfər də olsun qız yoxdur” fikri ilə başlayır. Bu fikrin onu dərindən sarsıtdığını deyən millət vəkili Azərbaycanın bəzi rayonlarında, o cümlədən Bakının bir sıra kəndlərində qız uşaqlarının təhsil almaları ilə bağlı problemlərin olduğunu, bəzi valideynlərin qız övladlarını məktəbə buraxmadıqlarını dəfələrlə ictimaiyyətin və müvafiq dövlət orqanlarının diqqətinə çatdırdığını xatırladır.
“Ötən əsrin əvvəllərində, müsəlman Şərqinin qaranlıqları içərisindən sıyrılmağı bacaran ziyalılarımız Azərbaycan qızlarının təhsil almalarına böyük əhəmiyyət verdikləri, bunun üçün böyük fədakarlıqlar etdikləri halda, biz Cümhuriyyətimizin 100-cü ildönümündə, dünyəvi Azərbaycan Respublikasında qızlarımızın məktəbə buraxılmamasından danışırıq. Utanvericidir!
Nəinki Bakıda, bütün müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin açılışından 117 il keçir. Məktəbin qurucusu Hacı Zeynalabdin Tağıyevə görə, "bir kişi təhsil alarsa, bu, yalnız savadlı bir insan olması deməkdir. Amma bir qızın təhsil alması gələcəkdə həm savadlı qadın, həm də dünyagörüşlü bir ana deməkdir.
117 il öncə heç bir təhsili olmayan Hacı Zeynalabdin Tağıyev bu böyük həqiqəti anladığı və dilə gətirdiyi halda, əhalisinin az qala 100%-i savadlı olan Azərbaycan Respublikasında qızların təhsildən yayındırılması təəssüf doğurur.
Vaxtilə müsəlman qaragüruhçularının sözünü kəsmək üçün Hacı Zeynalabdin Tağıyev nüfuz sahibi olan Molla Mirzə Məhəmməd oğluna çoxlu pul və hədiyyələr verib müqəddəs yerlərə – Məkkəyə, Mədinəyə, Kərbalaya, Qahirəyə, İstanbula, Tehrana göndərmiş və tapşırmışdı ki, oradakı mötəbər, rəsmi din xadimlərinin hamısından imza və möhürlə təsdiq edilmiş rəsmi sənədlər alsın ki, müsəlman qızları da oğlanlar kimi şəriət məktəblərindən başqa, müasir məktəblərdə də təhsil ala bilərlər. Zeynalabidin Tağıyevin məsciddə, ruhanilər qarşısında çıxışı isə xüsusu maraq doğurur: “Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir...”
Amma görünür Zeynalabdin Tağıyevin 117 il öncə etdiklərinin bu gün də təkrarlanmasına ehtiyac var”, - millət vəkili yazıb.
Q.Həsənquliyev bildirib ki, hazırda bəzi yaşayış məntəqələrində qızlarımızın təhsil almaları ilə bağlı yaranmış vəziyyət hamımızı ciddi şəkildə narahat etməlidir. Çünki təhsilsiz qadın hər şeydən öncə təhsilsiz övlad və təbii ki, təhsilsiz millət deməkdir:
“Düşünürəm ki, din xadimləri öz xütbələrində, iştirak etdikləri məclislərdə rəvayətlər danışmaq əvəzinə qızların təhsil almalarını, qadın hüquqlarını, xeyriyyəçiliyi, haqqı və ədaləti təşviq etməli, bu istiqamətdə ardıcıl təbliğat aparmalı, sivil cəmiyyət qurucuıuğuna öz tövhələrini verməlidirlər.
Ümid edirəm rəhbərlik etdiyiniz qurumlar tezliklə bu istiqamətdə real addımların atılmasına nail olacaqlar”.