|
Bakı Dövlət Universiteti (BDU) ənənəvi olaraq Azərbaycanda ali təhsilin hansı səviyyədə olmasının barometri saylır.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib. Deputat tələbə sayına və tarixinə görə ölkənin ən əzəmətli universiteti haqqında rəylərin onları da yaxından maraqlandırdığını bildirib:
“Çünki bu gün az-çox qazandığımız bilgilərə, həyat təcrübəsinə görə BDU-nun müəllimlərinə və təhsil mühitinə borcluyuq. Etiraf edim ki, son illərdə hər dəfə rəsmi tədbirlərdə iştirak etmək üçün bu universitetin binasına daxil olanda özümü hansısa inzibati orqanın aurası içində hiss etdiyimdən burada sağlam təhsil mühitinin yaranmasını çox arzulayırdım. Hazırda BDU üçün belə bir şansın yarandığını düşünürəm. Milli Təhlükəsizlik Nazirliyinin durumunu xatırlayanda hansısa kadr dəyişikliyinin bir qurumun korlanmış imicini qısa müddətdə necə dəyişə bildiyinin şahidi olduq. Bir neçə il öncə insanlar üçün işgəncə aparatına çevrilən, sahibkarlardan şantaj və quldurluq yolu ilə pul soyan mexanizm sayılan MTN Mədət Quliyevin təyinatından sonra sırf dövlətin təhlükəsizliyi ilə məşğul olan quruma çevrildi, rüşvət və soyğunçuluq tamamilə ortadan qaldırıldı və bu qurumun itirilmiş nüfuzu bərpa olundu. Yəni niyyət olanda köklü dəyişiklik də mümkün olur”.
Millət vəkilinin sözlərinə görə, BDU-nun rektoru əvəzinə təhsil nazirinin müavini Firudin Qurbanovun təyin olunması ilə belə bir mütərəqqi dəyişikliyin baş verməsini gözləmək olar:
“Korrupsiyada adı hallanmayan, təhsil sistemində ciddi təcrübəyə malik olan Firudin Qurbanovun burada sağlam təhsil mühiti, elmi araşdırmalara təşviq sistemi yaratmaq potensialına güvənirəm və ümid edirəm ki, yaxın gələcəkdə daha fərqli bir universitet imici ilə qarşılaşacağıq. Bakı Dövlət Universitetində baş verəcək müsbət dəyişikliklər ali təhsil sistemimizdə sağlam islahatlar üçün ciddi bir stimul ola bilər”.
Xatırladaq ki, Prezident İlham Əliyevin noyabrın 15-də imzaladığı sərəncamla Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib.
Təhsil nazirinin müavini F.Qurbanov dekabrın 21-də BDU-ya rektor əvəzi təyin edilib.