|
Paytaxtın Nizami rayonunda yeni ət satışı məntəqəsi fəaliyyətə başlayıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Axar.az-a verilən məlumata görə, 30-a yaxın sahibkarın ət satışı fəaliyyətini həyata keçirə biləcəyi məntəqə əhalinin gündəlik ət tələbatının 4 tonunu ödəmək gücündədir:
“Bu kimi ət satışı məntəqələrinin yaxın gələcəkdə Binəqədi və Yasamal rayonlarında açılması nəzərdə tutulur. Məqsəd ölkə ərazisində heyvan kəsimi və satışının müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsimi və satışı fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsidir”.
Agentlik həmçinin ölkə üzrə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir stasionar, modul və mobil tipli heyvan kəsimi məntəqələrini yaratmaq istəyən sahibkarları əməkdaşlığa dəvət edib.