|
Bakı küçələrinə quraşdırılmış tam avtomatlaşdırılmış kameralar parklanma qaydalarını pozanları qeydə almağa başlayıb.
Nəqliyyat eksperti Zamir Musayev Axar.az-a verdiyi açıqlamasında bildirib ki, bu texnologiya dünyanın inkişaf etmiş müxtəlif şəhərlərində geniş istifadə olunur.
“Bu, parklanma qaydalarının pozulmasının foto-videoqeydiyyatı adlanır. Kompüter-görmə sisteminə əsaslanan robotlaşdırılmış texnika nəqliyyat axınına sutka ərzində nəzarəti təmin etmək, qayda pozuntularını qeydə alarkən yol polisi müfəttişi ilə ünsiyyəti aradan qaldırmaq vəzifələrini icra edir”, - Musayev bildirib.
Musayev eyni zamanda qeyd edib ki, sözügedən sistemlər avtomobili əyri saxlayanları da qeydə alacaq:
“Sadə sözlə ifadə etsək, robot “dayanmaq qadağandır” işarəsinin yanında dayanan avtomobilin fotosunu çəkib yol hərəkəti qaydasının pozulması ilə protokol hazırlamaq üçün bazaya göndərir. Bir neçə dəqiqədən sonra avtomobil sahibinin mobil telefonuna cərimə olunması ilə bağlı bildiriş gəlir”, - ekspert deyib.