|
Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 31.539 cinayət işinin istintaqı aparılıb ki, onlardan 80 faizi daxili işlər orqanları müstəntiqlərinin icraatında olub. Vətəndaşlara dəymiş maddi ziyanın ödətdirilməsi 2017-ci illə müqayisədə 2 faiz yaxşılaşaraq 86,8 faiz təşkil edib.
Axar.az xəbər verir ki, bu sözləri Daxili İşlər naziri Ramil Usubov ötən gün Daxili İşlər Nazirliyində 2018-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasındakı məruzəsində deyib.
Nazir vurğulayıb ki, yol-nəqliyyat hadisələrinin dinamikasında, qəzalarda ölən və xəsarət alanların sayında artıq altıncı ildir ki, nəzərəçarpan azalma müşahidə olunur:
“Yol hərəkəti qaydaları əleyhinə olan hüquqpozmaların aşkarlanması 1,3 faiz artaraq 3.409.698 inzibati xəta təşkil edib. Ümumilikdə, daxili işlər orqanlarının bütün struktur qurumları üzrə müxtəlif inzibati xətalara görə 3.442.148 protokol tərtib edilib”.