ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Prezident İlham Əliyevə telefonla zəngi Azərbaycanla Qərb arasındakı münasibətlərin pozulduğunu, hətta dalana dirəndiyini iddia edənlərin növbəti anonslarının üzərindən xətt çəkdi.

Axar.az xəbər verir ki, bu sözləri analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, telefon söhbətində müzakirə olunan məsələlərin siyahısı və sıralaması da ənənəvi nüfuz müvəkkillərinə manipulyasiya üçün ipucu vermədi:

“Əslində bundan öncə də Azərbaycan-Qərb münasibətlərində pozucuların ümidlənməsi üçün əsas yox idi. Yalnız 2018-ci ildə Azərbaycan Prezidentinin səfərlərinin, ölkədə və ölkədən kənarda keçirdiyi görüşlərin siyahısına nəzər salınsaydı, nəticə çıxarmaq olardı. Prezident İlham Əliyevin Avropa İttifaqının mənzil-qərargahına səfəri və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk ilə görüşü, Aİ ilə Tərəfdaşlıq Prioritetləri sənədinin paraflanması, ABŞ Prezidentinin dövlətimizin başçısına ünvanlandığı məktublar və Birləşmiş Ştatların yüksək çinli nümayəndə heyətlərinin ölkəmizə səfərləri Azərbaycanın Qərblə münasibətlərinin hansı səviyyədə olduğunu müəyyənləşdirmək üçün bəs edərdi”.

Analitik vurğulayıb ki, amma qütbdən-qütbə yuvarlanmağa, piştaxta üzərində, yaxud siyasi vitrinlərdə sərgilənməyə adət etmiş radikal və inkarçı ünsürlər hər zaman olduğu kimi faktlara deyil, dedi-qodulara, erməni diasporu ilə sinxron fəaliyyət göstərən təxribatçı qrupların yalan və böhtan üzərində qurulan kampaniyalarına, Avropa Parlamentinin divarları arasında sərgilənən rəngli şouların siyasi çalarlarına istinad etdilər:

“Onlar üçün Qərbin Azərbaycanla münasibətlərini dəyərləndirmək baxımından ölkəmizə qarşı düşmənçiliyi özünün siyasi biznes elementinə çevirmiş Rebeka Harmsın təxribatı, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tuskun Azərbaycanla bağlı açıqlamalarından daha tutarlı göründü. Yaxın tarixə müraciət edək: 2018-ci il iyunun 11-də Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanma mərasimində çıxış edən Donald Tusk Azərbaycanın dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəyə malik olduğunu bildirmiş, ölkəmizin Aİ-nin etibarlı strateji və enerji tərəfdaşı olduğunu qeyd etmişdi. Hesab edirəm ki, sağlam şüura malik istənilən şəxs “dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübə” ifadəsinin özündə insan hüquq və azadlıqları, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu və digər fundamental hüquqlarla bağlı olduqca geniş bir spektri əhatə etdiyini yaxşı başa düşür”.

Analitik ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidentinə ünvanladığı məktubların ikisindən iqtibas gətirməklə, Vaşinqtonun Bakı ilə münasibətlərə nə qədər böyük önəm verdiyini xatırladıb:

“Donald Tramp ABŞ-la Azərbaycanın “mürəkkəb regional çağırışların həlli üçün birgə işləyərək sıx tərəfdaşlıq” etdiyini vurğulamışdı. Bu isə şübhəsiz ki, Azərbaycanın regionun əsas güc mərkəzlərindən biri kimi kifayət qədər yüksək statusa və mövqeyə malik olduğunun qeyd olunmasıdır. Əgər bizim regionda ərazi və əhali baxımından Azərbaycandan dəfələrlə böyük olan dövlətlərin yerləşdiyini də nəzərə alsaq, Prezident Trampın bu sözlərinin nə qədər ciddi bir ismarış olduğunu anlamaq mümkündür.

ABŞ Prezidenti ölkəsinin Azərbaycanla enerji sahəsindəki əməkdaşlığını “inanılmaz nailiyyət” adlandırıb. Düşünürəm ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə gerçəkləşdirilən enerji layihələrinin siyahısı və qət edilən məsafə “inanılmaz nailiyyət” ifadəsinin alt qatında kifayət qədər sıx və strateji əməkdaşlığın dayandığını söyləməyə əsas verir.

Prezident İlham Əliyevə ünvanladığı başqa bir məktubda Donald Tramp “Azərbaycanın indi daha firavan və qlobal iqtisadiyyata bağlı bir ölkə” olduğunu vurğulayır. Firavanlıq kompleks bir anlayışdır və özündə sadəcə iqtisadi sahədə əldə edilən uğurları ehtiva etmir. Firavanlıq həm də hüququn aliliyinin qorunduğu azad cəmiyyət deməkdir. İqtibas gətirdiyim cümlələrdə Azərbaycanda həyata keçirilən islahatlara ciddi dəstək və bu islahatların uğurlu nəticələrə gətirib çıxaracağına inam ifadə olunur”.

Analitik Azərbaycandakı bəzi inkarçı qrupların və onların xaricdəki rəngli himayəçilərinin əndişəsinin nə ilə bağlı olması sualına da aydınlıq gətirib:

“Azərbaycanda həyata keçirilən islahatlara dünyanın supergücü tərəfindən dəstək verilir, onlarsa Avropadakı hansısa kiçik qruplarla birlikdə islahatlara mane olmaq üçün dəridən-qabıqdan çıxırlar. Səbəb nədir? Əslində bu sualın cavabını hər kəs bilir. Kimlər inkişafın yeni mərhələsinə daşınan, qarşısında daha böyük strateji hədəflər qoymuş Azərbaycanın daha da güclənməsində, daha çevik idarəetmə strukturuna, daha intellektual, bacarıqlı kadr potensialına malik olmasında maraqlı deyilsə, onlar da ölkəmizin beynəlxalq nüfuzunu zədələməyə, cəmiyyətdə çaşqınlıq yaratmağa çalışır”.

Analitikin sözlərinə görə, Trampın Azərbaycan Prezidentinə yazdığı bütün məktublarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox önəmli ismarışlar verilir:

“Bu yanaşma ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfəri və Azərbaycan Prezidenti ilə son telefon danışığında da özünü büruzə verdi. Görəsən, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı olduqca önəmli bir mərhələyə qədəm qoyduğumuzu əsaslandıran çoxsaylı real faktların ortalıqda olduğu bir zamanda bir qrup radikalın münaqişənin həllində maraqlı olmayan, Dağlıq Qarabağ problemini öz siyasi karyeraları, biznes və digər korporativ maraqları üçün əsas alət hesab edən xarici dairələrlə eyni düşərgədə, eyni kampaniyanın içərisində yer almalarının səbəbi nədir?

Con Boltonun Azərbaycan Prezidenti ilə telefon danışığında müzakirə olunan məsələlər, əslində Vaşinqton ilə Bakının əməkdaşlıq prioritetləri ilə yanaşı, daha öncə vurğuladığım bir sıra məsələlərə də diqqət çəkməyə imkan yaradır: Enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli! Bu 3 istiqamətin hər birini ayrı-ayrılıqda dəyərləndirmək də mümkündür. Amma zənnimcə, kompleks dəyərləndirmə Azərbaycana qarşı həyata keçirilən təxribat kampaniyalarının mahiyyətini dəqiqləşdirmək üçün daha doğru yanaşma olardı. Enerji təhlükəsizliyi istər Azərbaycan, istərsə də ölkəmizin bu sahədəki tərəfdaşları üçün fundamental əhəmiyyət kəsb edir. Enerji təhlükəsizliyi həm də daha geniş anlamda təhlükəsizlik məsələsidir, Dağlıq Qarabağ münaqişəsinin həlli də həmçinin. Bu isə o deməkdir ki, Azərbaycana qarşı savaş açan qruplar bütövlükdə ölkəmizin təhlükəsizliyini, o cümlədən ərazi bütövlüyümüzü, müstəqilliyimizi hədəfə alıb. Yəni hədəfdə Azərbaycandır! Boltonun zəngi isə Azərbaycana birmənalı dəstək ifadə etməklə yanaşı həm də kölgədəki oyunçulara xəbərdarlıq xarakteri daşıyır: Sizi görürük!”

25 Noyabr 2024 Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
25 Noyabr 2024 Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
25 Noyabr 2024 Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
23 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
21 Noyabr 2024 Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
21 Noyabr 2024 Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
20 Noyabr 2024 Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
20 Noyabr 2024 Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
19 Noyabr 2024 Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR
19 Noyabr 2024 Kirayə qalanların DİQQƏTİNƏ: Bunu etmək sizin üçün vacibdir

Xəbər lenti