|
Siyasi partiyalar hər il Mərkəzi Seçki Komissiyasına, hər rüb Vergilər Nazirliyi və DSMF-yə hesabatlar təqdim etməlidir. Bu hesabatlar, onların nəticələri niyə ictimaiyyətə açıqlanmır?
Bu sözləri Axar.az-a açıqlamasında politoloq, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı deyib. Onun sözlərinə görə, hesabat təqdim etməyən və yaxud şəffaf fəaliyyət göstərməyən siyasi qurumların cərimələnməsi qanunvericiliklə nəzərdə tutulur:
“Mövcud qanunvericiliyə görə, maliyyə hesabatı verməyən və yaxud yanlış məlumat göndərən siyasi partiyalara maliyyə sanksiyaları tətbiq edilməli, vergi yoxlamaları aparılmalı, hətta qeydiyyat məsələsinin ləğvi gündəmə gəlməlidir. İndiyə qədər hansısa partiyanın sanksiyalarla üzləşdiyini müşahidə etməmişik və yaxud bu barədə məlumat ictimailəşdirilməyib. Səbəbi bizim üçün olduqca maraqlıdır”.
A.Camalqızı qeyd edib ki, bəzi radikal partiyaların maliyyə mənbələri haqda kifayət qədər ciddi ittihamlar səsləndirilir və bu, hətta Milli Məclis deputatlarının belə reaksiya verdiyi səviyyəyə çatıb:
“Məsələn, uzun müddətdir qərargahı olmayan AXCP-nin hansı prinsiplə və necə fəaliyyət göstərdiyi, necə maliyyə hesabatı verdiyi bizim üçün maraqlıdır. Əgər bu partiya qərargahının olmaması səbəbindən maliyyə hesabatları təqdim etmirsə və yaxud fəaliyyət göstərmədiyi haqda hesabat təqdim edirsə, onda Ədliyyə və Vergilər nazirliklərinin araşdırmasına böyük ehtiyac var. Çünki keçirdikləri kütləvi aksiyalara xərclənən maliyyənin haradan və necə əldə edildiyi göstərilməlidir. Ən azı plakatların hazırlanması, təbliğat vasitələri, sosial şəbəkələrdə reklamların verilməsi, səsgücləndirici qurğuların icarəsi, icarəyə götürülən avadanlıqların aksiya keçirilən əraziyə daşınması, aksiyanın təşkilat komitəsinin rabitə, nəqliyyat və digər xərcləri – mən hələ aksiya iştirakçılarına paylanan qeyri-rəsmi vəsaitlərdən danışmıram – ciddi maliyyə tələb edir. Bütün bunlar necə həll edilir? Bizim Ədliyyə və Vergilər nazirliklərindən bu məlumatları əldə etmək haqqımız var. Bu məlumatların sözügedən nazirliklərə təqdim edilməsi isə onların öhdəliyidir”.
A.Camalqızı qeyd edib ki, bu prosesdə şəffaflığın olmaması, naməlum maliyyə qaynaqları ciddi şübhələrin yaranmasına gətirib çıxarır:
“Aydınlaşmalıdır ki, bu qurumlar hardan maliyyələşir və necə fəaliyyət göstərirlər. Azərbaycan kifayət qədər həssas bölgədə yerləşir, müharibə şəraitindəyik və düşmən erməni diasporunun ölkəmizə qarşı müxtəlif beynəlxalq donor təşkilatları vasitəsilə fəaliyyət göstərdiyi vaxtaşırı ortaya çıxır. Biz necə əmin ola bilərik ki, onların maliyyələşmə mənbəyi erməni lobbisinə aid deyil?”
Politoloqun sözlərinə görə, son vaxtlar ölkə daxilində “5-ci kolon”un aktivləşdiyini hər kəs müşahidə edir:
“Təəssüflər olsun ki, onlar təkcə xaricdəki antiazərbaycan qüvvələrdən, erməni lobbisindən deyil, həm də Azərbaycanın imicinə zərbə vurmaq istəyən, xalqla prezident arasındakı inam, etimad bağını dağıtmaq istəyən ölkə içindəki bəzi qruplardan da bu və ya digər formada dəstək alırlar. Yanvarın 19-da Milli Şuranın aksiyasındakı cüzi artım da əslində o cəsarətin göstəricisi idi. Aydındır ki, ölkə başçısının ortaya qoyduğu genişmiqyaslı struktur islahatları bəzi qüvvələri sözün əsl mənasında narahat edir. Müxalifət vasitəsilə hakimiyyətə güc göstərmək istəyənlər anlamır ki, Azərbaycan xalqı ilə Prezident İlham Əliyev arasındakı birlik illərlə qazanııb. Bu birliyi və həmrəyliyi qırmağa onların nə gücü, nə də maliyyəsi yetər. Əslində, ictimai asayişin pozulması narahatlığı olmasaydı, müxalifətin yanvarın 26-da keçirəcəyi mitinqə də Bakı Şəhər İcra Hakimiyyəti icazə versəydi, inanın ki, Novxanıdakı mənzərənin “Məhsul”da şahidi olacaqdıq. 200-300 nəfərlik “möhtəşəm aksiya” ilə Əli Kərimli “meydan” oxuyacaqdı. Çünki 25 ildir bu proseslərin yaxından izləyənlər bilir ki, həmişə belə olub: mitinqlərə 2000 nəfərlə başlayan radikal müxalifət ikinci, üçüncü dəfədən sonra meydanda 200 nəfər iştirakçı ilə qalıb. Dünya dəyişir, inkişaf edir, radikallar isə 90-cı illərin əvvəllərində ilişib qalıb. Onlar anlamaq istəmir ki, bunca inkişaf yolu keçən Azərbaycanda çoxminli etiraz aksiyaları artıq arxivə gömülüb. O zaman Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, Qarabağ ağrısı ilə meydanlara gələn azərbaycanlılar söz deməyin, şikayət etməyin, etiraz etməyin daha sivil yollarını görürlər. Bu yol müxalifətin aksiyalarında bağırmaq deyil. Gözümüzün önündə onlarca örnəyi var bunun. “Azərenerji”nin ixtisara düşmüş əməkdaşlarının müraciətinə ölkənin Birinci vitse-prezidenti dərhal reaksiya verirsə, işdən çıxarılanlar anında işlə təmin olunursa, müxalifətin düzənlədiyi aksiyaya kim gəlsin və niyə gəlsin?”
A.Camalqızı bildirib ki, xalq Məhəmməd Əmin Rəsulzadənin, Əbülfəz Elçibəyin abidəsi önündə yalandan qışqıranların, bu böyük kişiləri “liderim” adlandıran şəxslərin mahiyyətinə son 25 ildə çox yaxından bələd olub:
“Həmin Elçibəy Əli Kərimlinin satqınlığı barədə nə demişdi? “Bir əlindən mən tutmuşam, bir əlindən hakimiyyət”. İndi “sizi qələbəyə özüm aparacam” deyə hətta yanaşı dayandığı partiya sədrlərini belə görməzlikdən gələn və saçı-saqqalı ağarmasına, müxalifətdə qocalmasına baxmayaraq, 30 ildir “iddialı gənc” olmaqda davam edən Ə.Kərimlinin şəxsi ambisiyalarına, ətrafındakıları daim güdaza vermək istedadına kim şübhə edir ki! Diqqət edirsinizsə, bu qrupun yanında bəzi beynəlxalq təşkilatların ayırdığı qrant layihələrlə çalışan 5-3 gəncdən başqa heç kim yoxdur. Ümumiyyətlə, heç bir ideoloji bazası, daxili və xarici siyasətə konseptual baxışı olmayan bir şəxsin yanında ömrünü müxalifətdə keçirdiyi üçün bu yaşda daha başqa bir işə yaramayan şəxslərdən başqa kim ola bilər?”
Politoloq sonda qeyd edib ki, partiyaların maliyyə şəffaflığı təmin edilərsə, onda “5-ci kolon” da gün işığına çıxar.